Memarlıq
abidələri təsviri sənət əsərlərində
Şirvanşahlar Sarayında sərgi
Sentyabrın 27-də Dünya Turizm
Günü ilə əlaqədar «Şirvanşahlar Sarayı
Kompleksi» Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyində
tanınmış rəssam, sənətşünas, professor
Elturan Avalovun əsərlərindən ibarət sərgi
açıldı. Sərgini muzeyin direktor müavini Təranə
Balayeva açaraq tədbirin «Turizm ili» çərçivəsində
təşkil olunduğunu nəzərə
çatdırdı. Qeyd olundu ki, sərgidə müəllifin
İçərişəhər, eləcə də Azərbaycan
memarlıq abidələrini əhatə edən əsərləri
nümayiş olunur. Natiq əsərləri Moskva və
İstanbulda sərgilənən istedadlı fırça
ustasının fərdi iş üslubundan söz
açdı.
Elturan Avalovun
yaradıcılığı barədə məlumat verən
sənətşünas, Əməkdar incəsənət
xadimi Ziyadxan Əliyev onun əsərlərində Qarabağ
mövzusunun geniş yer aldığını diqqətə
çatdırdı: «Elturanın çəkdiyi əsərlərdə
Azərbaycanın təbiəti, memarlığı təsvir
olunur. Mənə elə gəlir ki, onun qədər əsərlərini
Qarabağa həsr edən ikinci bir insan yoxdur.
Yaradıcılığı tükənməz olan Elturan
Avalovun memarlıq abidələrinə böyük sevgisi var».
Daha sonra çıxış edən
rəssam Yaşar Səmədov isə Elturan Avalovun əsərlərinə
daim müraciət olunacağını və onun tarixi abidələrə
müraciət edə-edə canlı abidəyə
çevrildiyini vurğuladı.
Sonra iştirakçılar rəssamın
Şuşa memarlığı, İçərişəhər,
Gəncə və Ordubad abidələrini böyük
ustalıqla təsvir etdiyi işlərinə tamaşa etdilər.
Gülər
Mədəniyyət.-
2011.-30 sentyabr.- S. 13.