Kabuslar

 

   Sakit, qaranlıq bir yerdə düşünmək, bir şeylərə taxılmaq istəyən hər kəs üçün Akademik Milli Dram Teatrı qapılarını açıb - Eduardo de Filipponun «Kabuslar»pyesinin tamaşası. Premyera sayılmaz. Amma Nicat Kazımovun quruluş verdiyi tamaşa yeni hazırlanıb. Bir də tarixin nə önəmi var? Balığı nə vaxt tutsan təzədir. Filipponun «Kabuslar»ı da elə.

  

   Tək-tük büzüşmüş gilələrindən başqa tamamən yeyilmiş üzüm salxımı sizi kədərləndirdimi nə vaxtsa? Bu kədərlə qalxıb bir tamaşaya getdinizmi? Ya insan deyilmisiniz? Öz kölgənizə çevrilmək qorxunuz yoxmu sizin? Allah eşqinə heçmi kabus görmədiniz?

   «Kabuslar» pyesində bir evdə kabuslar dolaşır. Sözün əsl mənasında bir-birinə dolaşırlar. Bu evdə evin ilk sahiblərinin ruhlarının dolaşdığı iddia edilir. Məgərsə əsl kabuslar bu evin kirayənişin sakinləri imiş. Bunu anlamaq çün tamaşanın ilk iyirmi dəqiqəsi kifayət edəcək. Kabuslar haqda əhvalatlarla aldanılan sadəlövh ər arvadı Mari ilə birgə bu evə köçür. Marinin məşuqu Alber bu kabuslar əhvalatına Marinin sadəlövh ərini inandırmaq üçün yetərlidir. Mari Alberlə aşiq-məşuq əhvalatına ərinin göz yummasını Alberin bəxşişlərinə, guya təsadüfən itirdiyi pullara bağlayır. Qadın qüruru ona əziyyət verir. Nə üçün əri ona bu qədər ucuz yanaşır? Bu qədər dəyərsizmi Mari? Bədbəxt ərsə Alberi ona sevdiyi arvadı xoşbəxt etmək üçün pul göndərən xeyirxah ruh hesab edir. Bu əhvalatı xeyli komikləşdirir.

   Ehtirassız Argentina tanqoları, dözülməz evlilik mənzərələri, aldadılanlar, inananlar, «biz inandığımız qədər aldanırıq» kimi çıxarışlar, tam bir kabuslar ordusu... Tamaşanın temporitmi azaldığı yerlərdə düşünürsən: biz - süslənib, bəzilərimiz eynəklərimizi taxıb, ədəb-ərkanla oturub başqasının əhvalatını izləyən mədəni tamaşaçılar - yaxşı oynayırıq, ya illərlə teatrda olmaqlarına rəğmən danışıq, mizan qəliblərindən çıxa bilməyən, başqalaşa bilməyən, səslərini süni şəkildə qəflətən artırıb, azaldan aktyorlar? Hər iki tərəfdən səhnəyə qalxmaq üçün qoyulmuş bir-iki pilləkən bu tərəflərə bir bərabərlik işarəsi qoyub. Ona görə də aktyor Rafiq Əzimov qoca professor rolunda səhnəyə çıxb «çıxarın maskalarınızı!» deyəndə təsirlənməmək olmur. Dəhşətdir! Təsəvvür edin, işi qrim yaxmaq, maska geyinmək olan aktyor üzünü tamaşaçı zalına tutub deyir: «Çıxarın maskalarınızı!». Teatrın gücü budur. İnsafən zal da pis oynamır - arxa cərgədəyəm, bir adamın tükü tərpənmir. Qaranlıqda bizi kim görür? Biz öz kölgəmizə çevrilmişik, professor! İşıqları yandırdılarmı, kölgə olacağıq…

  

 

   Aliyə

 

   Mədəniyyət.- 2011.- 30 sentyabr.- S. 11.