Beynəlxalq
kitab bayramı
Təəssüratlar,
rəylər
II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında
25-dək ölkədən nəşriyyatlar, kitabxanalar təmsil
olunur. Onların bir neçəsi ilə həmsöhbət
olduq. Qonaqlar tədbirin yüksək səviyyədə təşkilindən
söz açaraq zəngin təəssüratlarını
bölüşdülər.
Gürcüstan Beynəlxalq
Kitabxanasının təmsilçisi Suiri Koaçlaşvili
Bakıda keçirilən sərgi-yarmarkada ilk dəfədir
ki, iştirak edir: “Öncə onu qeyd edim ki, Bakı ilə
tanışlıq bizdə çox xoş təəssürat
yaratdı. Gürcüstan Milli Kitabxanasından gətirdiyimiz
50 kitabı Azərbaycan Milli Kitabxanasına hədiyyə
etdik. Biz qonşu ölkələrik və tarixən
münasibətlərimiz yüksək səviyyədə olub.
Kitab sərgiləri, kitab mübadiləsi bir-birimizi daha
yaxından tanımağa və yaxınlaşmağa imkan verir».
Makedoniya Milli Kitabxanasının
departament rəhbəri Zorica Spirovska isə bu fikirdədir ki,
kitab sərgiləri əlaqələrin genişləndirilməsi
baxımından mühüm fürsətdir: «Əlbəttə
mədəni əlaqələrdə kitab mübadiləsi
gözəl haldır. Amma biz daha geniş əlaqələr
qurmaq üçün imkanlara malikik. Sərgiyə gəlincə,
tədbirin yüksək səviyyədə təşkilindən
razıyıq. Biz öz kitablarımızdan Azərbaycan
kitabxanalarına hədiyyə etdik. Milli Kitabxanada olduq və
onu çox bəyəndik. Kitabxana böyük imkanlara
malikdir. Sərgidə Makedoniya ədəbiyyatından nümunələri
nümayiş etdiririk. Bundan başqa ölkəmizin turizm
imkanları və öz kitabxanamızla bağlı
informasiyaların yer aldığı kitabçalar da stenddə
yer alıb. İnsanlar da kitablarımıza maraq göstərir.
Bu bir daha göstərir ki, xalqları bir-birinə kitabla da
yaxınlaşdırmaq mümkündür”.
Özbəkistanın «Şark
Ziyokori» Kitab Mərkəzinin direktor müavini Ümid
Xalıkov Azərbaycanda belə möhtəşəm sərginin
keçirilməsinə sevindiyini dilə gətirdi: «Ölkəmiz
ikinci dəfədir ki, Bakıdakı kitab bayramında təmsil
olunur. Amma şəxsən mən birinci dəfədir ki,
buraya gəlmişəm. Sərgidə öz
kitablarımızla yanaşı Azərbaycan müəlliflərinin
özbək dilinə tərcümə olunmuş 4
kitabını da nümayiş etdiririk. Bunlar M.Füzulinin,
S.Rüstəmxanlının əsərləri, Azərbaycan
xalq nağıllarıdır. Biz Özbəkistanın ən
böyük kitab ticarəti mərkəziyik. Bu baxımdan əminliklə
deyə bilərəm ki, özbək dilinə tərcümə
olunmuş bu nəşrlərə geniş oxucu tələbatı
var. Hesab edirəm ki, kitablarımızın
qarşılıqlı tərcüməsi sahəsində əlaqələrimiz
genişlənə bilər. Məsələn, prezident
İslam Kərimovun «Yüksək mənəviyyat, yenilməz
güc» əsəri Azərbaycan dilinə tərcümə
edilib və bunun özü dostluq əlaqələrimizə
daha bir nümunədir. Bu sərgi kitabın təbliği,
qarşılıqlı əlaqələrin inkişafı
baxımdan böyük hadisədir. Burada çoxlu maraqlı
və yüksək poliqrafiya keyfiyyəti olan kitablar
görürük. Təcrübə mübadiləsi, fikirlərimizin
paylaşmaq baxımından geniş imkanlar var”.
Latviya Milli Kitabxanasının
icraçı direktoru Dzintura Mukane ikinci dəfədir ki,
Bakıda kitab sərgi-yarmarkasında iştirak edir: «Sərgi
gözəl təşkil olunub. Azərbaycan kitablarının
poliqrafiyası çox xoşuma gəlir. İkinci dəfə
sərgiyə dəvət olunduğumuza görə Azərbaycan
hökumətinə minnətdarıq. Belə tədbirlər
ölkələrimiz arasında mədəni əlaqələrin
inkişafına xidmət edir. Sərgidə maraqlı nəşrlərlə
təmsil olunuruq. Məsələn, latış dilinə tərcümə
olunmuş iki «Quran» kitabı gətirmişik. Onları Milli
Kitabxanaya hədiyyə edəcəyik. Bundan başqa Latviya
tarixi, mədəniyyəti haqqında kitablar, foto-albom gətirmişik.
Bu nəşrlərlə oxucular Latviya ilə tanış ola
biləcəklər”.
Pakistan stendində də maraqlı
kitablar nümayiş etdirilir. Pakistanın ölkəmizdəki
səfirliyinin əməkdaşı Muammad Akhtarın sözlərinə
görə, sərgi böyük mədəniyyət hadisəsidir:
«Sərgiyə Pakistanın tarixi haqqında kitablar, bədii ədəbiyyat
gətirmişik. Ümumiyyətlə, bu sahədə ölkələrimiz
arasında əlaqələrin inkişafı
üçün kitabların tərcüməsinə ehtiyac
var. Mədəniyyət və Turizm Nazirliyinə bizi sərgiyə
dəvət etdiyinə görə minnətdarlığımızı
bildiririk».
Sərgidə geniş oxucu
marağı doğuran Amerika səfirliyinin stendində ingilis
və Azərbaycan dillərində çoxlu kitablar
nümayiş etdirilir. Səfirliyin ictimaiyyətlə əlaqələr
şöbəsinin əməkdaşı Aydan Əsgərova
bildirdi ki, səfirliyin “Kitab tərcüməsi” layihə
çərçivəsində Amerika müəlliflərinin
kitabları Azərbaycan dilində nəşr edilir və
pulsuz paylanır: «Kitabların əksəriyyəti
Amerikanın tarixinə aiddir. Layihənin digər istiqaməti
uşaq ədəbiyyatıdır. Gələn il isə məşhur
Amerika uşaq ədəbiyyatı müəlliflərinin əsərlərini
Azərbaycan dilinə tərcümə edəcəyik. Sərgi
müddətində hər gün 1000 kitab gətirməyi
planlaşdırırıq».
Rusiya Milli Kitabxanasının Milli ədəbiyyat
bölməsinin rəhbəri Şuşanna Jabko da sərginin
əhəmiyyətini yüksək dəyərləndirdi: «Sərgi
gözəl təşkil olunub. Bu sərgi Azərbaycanın
geniş mədəniyyət əlaqələrinin olduğunu
göstərir. İlk gündən məndə gözəl təəssürat
yaranıb. Xalqlar arasında mədəni əlaqələrin
inkişafında kitab mübadiləsi çox zəruridir. Əsasən
kitabxana tarixi ilə bağlı, müasir kitabxana xidməti,
Şərq əlyazmaları ilə bağlı kitablar gətirmişik.
Bakıya ilk dəfədir ki, gəlmişəm, şəhərin
gözəlliyi məni heyran etdi».
Rumıniyanın Bakıdakı səfirliyinin
ikinci katibi Aleksandru Sambeteanu isə bildirdi ki, sərgi Azərbaycanda
mədəniyyətin inkişafına diqqət və qayğının
göstəricisidir: “Sərgidə çoxlu sayda yerli və əcnəbi
nəşriyyatların, həmçinin ziyarətçilərin
iştirakı göstərir ki, kitab oxumağa, ümumiyyətlə,
mədəniyyətə maraq günü-gündən
inkişaf edir. Rumıniyanın Azərbaycandakı səfirliyi
ümid edir ki, belə tədbirlər gələcəkdə
də davam edəcək və xalqlar arasında mədəni
dialoqun inkişafına əlavə zəmin olacaq”.
Mehparə Sultanova
Mədəniyyət.-
2011.- 30 sentyabr.- S. 10.