El sənətkarlarının turizmə
töhfəsi
Xalq
tətbiqi sənətinin zəngin ənənələri
yaşadılır
Xəbər verdiyimiz kimi, 27 sentyabr
- Dünya Turizm Günü münasibətilə Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi, «Ziya art salon»un təşkilatçılığı
ilə Dənizkənarı Milli Parkda «Əl sənətkarlığı
nümunələri sərgisi» keçirildi.
“Turizm ili” tədbirləri çərçivəsində
təşkil olunan sərgidə respublikamızın 10-dək
regionundan sənətkarlıq nümunələri
nümayiş etdirilirdi. Qız qalası abidəsinin
qarşısında qurulan sərgidə milli ornamentlərimizi
əks etdirən müxtəlif aksessuarlar, suvenir və milli mətbəx
nümunələri təqdim olunurdu. Milli Parkda qurulan
böyük monitorda isə Azərbaycan mədəniyyətini
və incəsənətini əhatə edən
videoçarxlar nümayiş etdirilirdi. Tanınmış
fransız aktyoru Jerar Depardyenin də çəkildiyi Azərbaycan
mətbəxinə həsr olunmuş reklam çarxı
xüsusilə maraqla izlənilirdi.
«Ziya art salon»un direktoru Şəhla
Dünyamalıyevanın sözlərinə görə, təşkilatçı
olaraq milli mədəniyyət nümunələrini göstərməyə
çalışıblar: “Sərgidə Azərbaycanın kənd
həyatının təsviri, milli geyimlərimiz, eləcə
də Bakı və müxtəlif bölgələrdə fəaliyyət
göstərən sənətkarlarımızın əl
işləri nümayiş olunur. Sərginin ziyarətçilər
tərəfindən maraqla qarşılanacağına
ümidvarıq”.
Biz də rəngarəng tərtibatı
ilə diqqət çəkən sərgini gəzib
iştirakçı və ziyarətçilərin rəylərini
öyrəndik.
Rəssamlar İttifaqının
üzvü Şəhla Əsgərova sərgidə
özünün əl işlərini nümayiş etdirdiyini
bildirdi: “Turizm sahəsinin mədəni irslə, el sənətkarlığı
ilə mühüm bağlılığı var. Ölkəyə
gələn xarici turist özü ilə hədiyyə və
yaxud da xatirə olaraq nə isə aparmaq istəyir. Yəqin
ki, bizim əl işlərimiz də turistlər
üçün maraqlı olacaq. Bununla biz də Azərbaycan
turizminə töhfəmizi vermiş olarıq».
Tətbiqi sənət rəssamı
Lalə Mustafayeva milli üslubda işlədiyi mütəkkə
və mücrüləri ilə yanaşı, rəsm əsərlərini
də təqdim edirdi. Belə tədbirlərdə fəal
iştirak etdiyini deyən rəssam sərgilərin mütəmadi
təşkil olunmasını arzu edir.
Məhbubə Həsənova isə
sərgidə Gəncə Dövlət Rəsm Qalereyasını
təmsil edirdi. O, qalereyanın fond müdiri, eyni zamanda
dekorativ tətbiqi sənət ustasıdır. Nizami Gəncəvinin
əsərlərinə həsr etdiyi işlər, Üzeyir
Hacıbəylinin “Arşın mal alan” komediyasından müxtəlif
səhnələrin yer aldığı rəsmlərini təqdim
edən rəssamın guşəsində şüşə
qablar üzərində bəzək əşyaları maraq
doğururdu.
Ziyarətçilərin daha
çox diqqət yetirdiyi lövhələrdən biri də
naxçıvanlı qılınc ustası Qılınc Məhəmmədə
aid idi. Dediyinə görə, sərgidə fərdi olaraq
iştirak edir. Bakı Avtomobil Zavodunda işləyən Məhəmməd
üçün qılınc hazırlamaq sadəcə hobbi
deyil, ciddi məşğuliyyətdir. Bu işlə 40 ilə
yaxındır ki, məşğul olur: “Qılınc həmişə
qəhrəmanlıq, mübarizə ruhu kimi təqdim olunub.
Tarixən xalqlar öz vətənlərini torpaqlarını
qılıncla qoruyublar. Mənim fikrimcə, qılınc
müqəddəs silahdır”.
Sevinc Davudova Xızı rayonunun
Şüşəabad qəsəbəsində mədəniyyət
evində işləyir. Sərgidə balıqqulağından
düzəltdiyi müxtəlif formalı güldanlar, güllər,
sandıqlar, çərçivələrdə işləmələr,
Azərbaycanın bayrağı, gerbi və xəritəsinin təsvir
olunmuş suvenirləri nümayiş etdirirdi.
Sənətkarlığın vətəni
olan Şəkidən sərgidə 8 sahə (şəbəkə,
təkəlduz, tikmə və s.) üzrə 14 usta iştirak
edirdi. Şəbəkə ustası Hüseyn Hacımustafazadə
Şəki Sənətkarlar Evində işləyir. Dediyinə
görə, hazırladığı kürə şəklində
şəbəkə ilə bu sənətə yenilik gətirib:
“Xətti şəbəkələrə ərəb ölkələrində
rast gəlinir. Amma indiyə qədər heç bir ölkədə
kürə şəkilli şəbəkə
hazırlanmayıb. Bunun hazırlanmasında heç bir
yapışdırıcıdan istifadə olunmur”.
Bütövlükdə «Əl sənətkarlığı
nümunələri sərgisi»ndə nümayiş olunan
işlər böyük maraq doğurmaqla yanaşı,
ölkəmizdə xalq tətbiqi sənətinin, el sənətkarlığının
zəngin ənənələrinin
yaşadıldığını bir daha təsdiq etdi.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 30 sentyabr.- S. 9.