«Turizm ili» ilə
bağlı Tədbirlər Planı uğurla
icra olunur
Aydın İsmiyev: «İlin sonuna qədər daha
çox işlərin həyata keçirilməsi nəzərdə
tutulur»
2011-ci ilin ölkə
başçısı tərəfindən “Turizm ili” elan edilməsi
ilə bağlı təsdiq olunmuş Tədbirlər
Planının icrasına uyğun olaraq, Mədəniyyət və
Turizm Nazirliyi bir sıra işlər görüb.
Bu barədə Mədəniyyət
və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın
İsmiyev nazirliyin yay turizm mövsümünün
yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib. Onun
sözlərinə görə, sənədin icrasına
uyğun olaraq ilk növbədə “Turizm ili”nin loqosu təsdiq
olunub və ölkəmizdə fəaliyyət göstərən
bütün turizm nümayiş obyektlərinin
qarşısında loqonu və ilin devizini əks etdirən
bayraqlar yerləşdirilib. İsmayıllı və Quba
rayonlarında gənclər və xüsusi qayğıya
ehtiyacı olan uşaqlar üçün “Bu Vətən
bizimdir” adlı turist düşərgələri təşkil
edilib. Nabranda yerləşən “Atlant” istirahət mərkəzində
əlil uşaqlar və valideynlərinin səyahəti təşkil
edilib və ilin sonunadək bu proses davam etdiriləcək.
A.İsmiyev bildirib ki, Azərbaycanın
turizm imkanlarını təbliğ etmək məqsədi ilə
2011-ci ilin yanvarından bu günədək Mədəniyyət
və Turizm Nazirliyi 14 beynəlxalq turizm sərgisində (Vyana,
Ştuttqart, Helsinki, İstanbul, Riqa, Milan, Berlin, Moskva - 3 dəfə,
Əl-Küveyt, Dubay, Seul, Paris) iştirak edib. İlin sonuna qədər
isə Kiyev və Londonda keçirilən sərgilərdə
iştirak nəzərdə tutulur.
Nazirliyin həyata keçirdiyi əsas
tədbirlərdən biri də beynəlxalq mədəni
turizm marşrutları vasitəsilə Azərbaycanın turizm
bazarının beynəlxalq turizm bazarına inteqrasiya etməsidir.
Şöbə müdiri bununla bağlı həyata
keçirilən tədbirlərdən danışarkən
deyib ki, Avropa Şurasının Kiyev təşəbbüsü
layihəsi çərçivəsində “Aleksandr Düma
Qafqazda”, “Azərbaycanda şərab yolları” və “İpək
Yolu” beynəlxalq mədəni turizm marşrutları, “Alman
yaşayış məskənləri” adlı beynəlxalq
layihələr işlənir. “Şərab turizmi” layihəsi
çərçivəsində İsmayıllıda şərab
festivalının keçirilməsi
planlaşdırılır.
Turizm sahəsində çalışanların sayı
artır
Bu ilin yanvar ayından nazirlik tərəfindən
23 turizm şirkətinə turizm fəaliyyətinə dair
xüsusi razılıq (lisenziya) verildiyini deyən A.İsmiyev
2010-cu ilin rəsmi statistik məlumatlarına əsasən Azərbaycanda
turizm sahəsində çalışan işçilərin
sayının 7439 nəfər təşkil etdiyini də diqqətə
çatdırdı.
Şöbə müdirinin sözlərinə
görə, yay turizm mövsümündə Azərbaycanın
bölgələri üzrə yerləşdirmə obyektlərinin
yüklənmə faizi və turistlərə təklif olunan
xidmətlərlə qiymətlərin uyğunluğunun
öyrənilməsi ilə bağlı təmsil etdiyi qurumun
mütəxəssisləri şimal, şimal-qərb, cənub
və qərb bölgələrinə həm yay
mövsümü öncəsi, həm də
mövsümün sonunda ezam olunub: «Məlum olub ki, Azərbaycanın
şimal bölgəsi üzrə mehmanxana və ona bərabər
tutulan yerləşdirmə obyektlərinin yüklənmə
faizi həftəarası 30-40%, həftəsonu 100%, şimal-qərb
bölgəsi üzrə yüklənmə faizi həftəarası
30%, həftəsonu 80% və cənub bölgəsi üzrə
yüklənmə faizi həftəarası 40%, həftəsonu
100%, qərb bölgəsi üzrə isə həftəarası
20-30%, həftəsonu 80-90 % səviyyəsindədir.
Müşahidələrimiz əsasında deyə bilərik
ki, yüksək dolma faizləri ilə fəaliyyət göstərən
obyektlər düzgün iş quraraq, ya müvafiq şirkətlərlə
müqavilə bağlayıblar, ya da qiymətlərdə
müəyyən endirim ediblər».
Turizm obyektlərində qiymət və xidmət
Şöbə müdiri turizm
obyektlərində təklif edilən qiymətlərlə
bağlı da məlumat verib. Onun sözlərinə görə,
şimal regionu üzrə 1 nəfər üçün qiymətlər
10-75 manat, şimal-qərb regionu üzrə 15-80 manat, cənub
regionu üçün 15-50 manat, qərb regionu
üçün isə 10-50 manat arasında dəyişir: «Bu
məbləğə səhər yeməyi, bir çox
hallarda isə gündə 3 dəfə yemək daxildir.
Ümumilikdə götürdükdə, cari yay turizm
mövsümündə qiymətlərin 15 % ucuzlaşması
müşahidə olunub. Baxış keçirilən bölgələrdə
fəaliyyət göstərən yerləşdirmə obyektlərindən
şimal regionu üzrə 36%, cənub üzrə 30%,
şimal-qərb üzrə 58%, qərb üzrə isə 40%
müasir dövrün tələblərinə və
müvafiq standartlara cavab verir».
A.İsmiyev qeyd edib ki, bu il yay
turizm mövsümündə turizm obyektlərinə turist
axını cəmi 50 gün təşkil edib və
mövsüm ərzində ölkə daxilində istirahət
edənlərin sayı 167.959 nəfər, Azərbaycandan həmin
dövr ərzində istirahətə gedənlərin sayı
isə Azərbaycan Hava Yolları Şirkəti, “Turan Air”
şirkəti və turizm şirkətlərinin məlumatına
əsasən 34.617 nəfər təşkil edib.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 30 sentyabr.- S. 8.