Şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayan yazıçı

 

   3 oktyabr XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindən sayılan Xalq yazıçısı İlyas Əfəndiyevin anım günüdür

  

  

   “Müəllif öz adına və oxucuya hörmət etməlidir”

 

   İlyas Əfəndiyev

  

   İlyas Əfəndiyev o xoşbəxt sənətkarlardandır ki, onu tez-tez anmaq, xatırlamaq üçün səbəblər çoxdur. Çünki onun yaradıcılığı mədəniyyətimizin qiymətli bir parçasıdır. İlyas Əfəndiyev ədəbiyyatımıza “Kənddən məktublar”la gəlsə də, qısa vaxt ərzində həyat qədər həyati hekayələri, povestləri, romanları, pyesləri ilə sovet ideologiyasında boğulan ədəbi mühiti xeyli durulda bildi. İlyas Əfəndiyev əlinə qələm aldığı gündən ömrünün son gününə kimi ürəyinin səsinə qulaq asdı, ədəbiyyat naminə yazdı...

  

   İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü ildə Füzulidə tanınmış tacir ailəsində anadan olub. Ata-babası bütün Qarabağda kasıba, yoxsula əl tutan, xeyirxah insanlardan biri kimi ad qazanmışdı. Bu ailənin bir qolu tacir nəsli, digər qolu ruhani təhsili almış axund və üləmalardan ibarət idi. Ona görə də bu ailə sovet hakimiyyəti dövründə - 30-cu illərdə ciddi təqiblərə məruz qalır, onların ata-baba mülkü əllərindən alınır, ailənin bəzi üzvləri “xalq düşməni” kimi güllələnir, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunur. Yazıçının atası Məhəmməd Əfəndiyevin evi, böyük mülkü, bağı zəbt edilir, “səs hüququndan” məhrum olur.

   İllər keçəcəkdi, gələcəyin böyük yazıçısı o hadisələri belə xatırlayacaqdı: : “Bizim ailəmiz çox ağır vəziyyətdə idi. Atam səs hüququndan məhrum edildiyi üçün uzun illər işsiz qaldı. Yeddi uşağın böyüyü mən idim. Bizim doqquz adamdan ibarət ailəmizə hökumət tərəfindən zəbt edilmiş evimizin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər”.

   Qarabağın aran rayonlarında yaşayan ailələr kimi Məhəmməd kişi də yay aylarında ailəsi ilə bərabər yaylağa - Şuşaya köçər, İlyasın uşaqlıq illərinin bir hissəsi Şuşada keçərdi. İllər keçəcəkdi, İlyasın uşaqlıq xatirələri zaman-zaman boy verəcək, Şuşa və Qarabağ mövzusu onun yaradıcılığında mühüm yerlərdən birini tutacaqdı.

   Ancaq ailənin xoş günləri, İlyasın uşaqlıq illərinin sevincli anları uzun sürmür, atası Məhəmməd kişi 1934-cü ildə 50 yaşında vəfat edir. Atasının vəfatından sonra İlyasın bir gənc kimi formalaşmasında, kitaba, ədəbiyyata marağının artmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri olur. İ.Əfəndiyev anası haqqında xatirələrində yazır: “Anam keçmiş müsəlman qızları kimi, evdə mollakunə adamlardan dərs almışdı. Ərəb və rus əlifbalarında yazıb oxuyurdu. Mütaliəni çox sevirdi... Ümumiyyətlə, anamız çox incə zövqə malik bir qadın idi...”

  

   Yolların sonundakı işıq

  

   İlyas Əfəndiyev 1930-cu ildə pedaqoji təmayüllü orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra bir müddət Böyük Bəhmənli kəndində dil və ədəbiyyat fənnindən dərs deyir. Gələcəyin görkəmli dramaturqu Füzulidə fəaliyyət göstərən kiçik kollektivin tamaşalarında “teatr” adlı sehrli bir aləmlə tanış olur. Sonralar o, qeyd edir ki, «mən də ora tez-tez gedir və böyük maraqla aktyorların oyunlarına tamaşa edirdim».

   Ailə vəziyyəti ilə əlaqədar olaraq, təhsilində bir neçə il fasilə versə də, ali təhsil almaq arzusu İlyası tərk etmir. 1934-cü ildə APİ-nin ədəbiyyat şöbəsinə daxil olsa da, elə həmin il İ.Əfəndiyev “qolçomaq” oğlu olduğu üçün institutdan uzaqlaşdırılır.

   Ancaq hökm verən zamandır. İlyas Əfəndiyevin alın yazısını kimsə dəyişə bilməzdi. 1938-ci ildə o APİ-nin coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirib rayona qayıdaraq müəllimliyini davam etdirir.

   ... 30-cu illərin sonlarında İ.Əfəndiyev ədəbiyyata gəlir və bir-birinin ardınca hekayələr yazmağa başlayır. “Rayonda ora-bura qaçaraq gündə səkkiz-doqquz saat işləməklə bərabər hələ gecə kurslarında da dərs deyirdim. Çox yorulmağıma baxmayaraq, Qarabağın qarlı, uzun qış gecələrində heç kəsə bir söz demədən hekayələr yazdım. Sonralar «Kənddən məktublar» adı ilə çap olunan həmin hekayələri götürüb 1938-ci ilin yayında pulsuz-pənəsiz gəldim Bakıya...”.

   Bakı ədəbi mühiti onun yaradıcılığında mühüm rol oynayır. İ.Əfəndiyev ilk mətbu əsərilə əlaqədar yazır: “1939-cu ildə “Revolyusiya və kultura” jurnalında “Gözlənilməyən sevgi” adlı ilk hekayəm çıxdı. Bundan az sonra “Kənddən məktublar” kitabım nəşr olundu”.

   Yazıçı bir neçə qəzetlə əməkdaşlıq edir. Bundan sonra İ.Əfəndiyev əmək fəaliyyətini əvvəlcə “Kommunist” (1939-1940), sonra isə “Ədəbiyyat qəzeti”ndə nəsr şöbəsinin müdiri kimi davam etdirir.

  

   “İlyas Əfəndiyev teatrı”

  

   Böyük Vətən müharibəsinin başlanması bütün sənət adamları kimi İ.Əfəndiyevin də yaradıcılığını yeni səmtə çevirir. İ.Əfəndiyev dramaturgiyaya gəldiyi illəri belə xatırlayır: “...Tanınmış yazıçı Mehdi Hüseyn mənə yaxınlaşıb... “istəyirsən birlikdə bir pyes yazaq” - dedi. Məşhur yazıçının təklifi gənc yazıçı üçün çox xoş idi və mən razılıq verdim. Beləliklə, də biz birlikdə “İntizar” pyesini yazdıq. Pyesi Adil İsgəndərov özü tamaşaya qoydu, musiqisini Səid Rüstəmov yazdı. Beləliklə, mən nəsr yazmaqla bərabər dramaturgiyaya daxil oldum».

   Bundan sonra yazıçı milli teatrımız üçün “İşıqlı yollar” (1946) və “Bahar suları” (1947) pyeslərini yazır. 40-cı illərin axırlarında İ.Əfəndiyev artıq özünü bir nasir və dramaturq kimi təsdiq edir. Yaradıcılıq yollarında inamla addımlayan gənc yazıçı 1941-1945-ci illərdə Azərbaycan Radio Komitəsində ədəbi verilişlər şöbəsinin müdiri, 1945-ci ildən Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi, daha sonra isə “Azərnəşr”də bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışarkən ədəbi ictimaiyyətlə bilavasitə təmasda və əlaqədə işləyir, həyatı dərindən öyrənir, dünyagörüşünü daima artırır. 1945-ci ildə İ.Əfəndiyevin “Aydınlıq gecələr” adlı ikinci kitabı nəşr olunur.

   1949-cu ildə Azərbaycanın ədəbi-mədəni ictimaiyyəti və bütün sənətsevərləri Azərbaycan Dövlət Dram Teatrının 75 illiyini təntənə ilə qeyd edərkən, səhnə sənətinin inkişafındakı xidmətləri nəzərə alınaraq İ.Əfəndiyev “Şərəf nişanı” ordeni ilə təltif edilir.

   1954-cü ildə tamaşaya qoyulmuş “Atayevlər ailəsi” dramaturq İ.Əfəndiyevin yaradıcılığında uğurlu bir addım kimi yadda qalır. Pyes Tofiq Kazımovun quruluşunda səhnələşdirilir.

   Bir-birini kəşf etmiş iki sənətkar sonralar Azərbaycan teatrı tarixinin parlaq səhifələrini yazacaq, yaradıcılıq əlaqələri uzun illər davam edəcəkdi.

  

   Yazmaq onun alın yazısı idi

  

   İlyas Əfəndiyev 1958-ci ildə ilk dəfə iri həcmli “Söyüdlü arx” romanını oxuculara təqdim edir. Əsər yazıçıya böyük uğur qazandırır.

   Ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaradan İlyas Əfəndiyevin yaradıcılığında 60-80-ci illər ən məhsuldar dövr hesab olunur. Bu illərdə onun yaradıcılığında janr rəngarəngliyi özünü göstərir, bir-birinin ardınca iri nəsr əsərləri, ciddi ictimai-siyasi problemlər qaldıran, gözəl mənəvi keyfiyyətlər aşılayan, eyni zamanda müasir Azərbaycan nəsrinin yüksək bədii-estetik səviyyəli nümunələri kimi şöhrət qazanmış “Körpüsalanlar” (1960), “Dağlar arxasında üç dost” (1963), “Sarıköynəklə Valehin nağılı” (1976-78), “Geriyə baxma, qoca” (1980), “Üçatılan” (1981) kimi povest və romanlarını dərc etdirir, eyni zamanda maraqlı dram əsərlərini qələmə alır, publisist və ədəbiyyatşünas kimi məhsuldar yaradıcılıq yolu keçir. Bu illərin məhsulu olan “Sən həmişə mənimləsən” (1964) pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji dramanın əsasını qoyur. Bu yolu uğurla davam etdirən dramaturq “Mənim günahım” (1967), “Unuda bilmirəm” (1968), “Məhv olmuş gündəliklər” (1969), “Qəribə oğlan” (1973), “Bağlardan gələn səs” (1976) və s. pyeslərini yazır.

   Ölməz sənət nümunələri ilə Azərbaycan dramaturgiyası xəzinəsini zənginləşdirir, beləliklə, “İlyas Əfəndiyev teatrı” yaranır.

   “İlyas Əfəndiyev teatrı”nın uğurlarından söhbət açarkən, təkcə onu göstərmək kifayətdir ki, ilk tamaşası 1968-ci ildə olmuş “Unuda bilmirəm” pyesi 1981-ci ilə qədər Azərbaycan Milli Teatrı səhnəsində 350 dəfə oynanılmışdır.

   Əlinə qələm aldığı ilk gündən müasir mövzulara daha çox müraciət edən dramaturq 1971-ci ildə tarixi mövzuda «Mahnı dağlarda qaldı» pyesini yazır. Yeni yaradıcılıq uğuru kimi qarşılanmış pyesə görə 1972-ci ildə Respublika Dövlət mükafatına layiq görülür.

   Görkəmli ədəbiyyat xadimi kimi geniş şöhrət qazanmış İ.Əfəndiyev 1979-cu ildə Azərbaycanın Xalq yazıçısı fəxri adına layiq görülür.

   60 ildən çox yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev 90-cı illərdə də məhsuldar bir yazıçı kimi yazıb yaradır, “Şeyx Xiyabani” (1986), “Bizim qəribə taleyimiz” (1988), “Sevgililərin cəhənnəmdə vüsalı” (1989), “Tənha iydə ağacı” (1991), “Dəlilər və ağıllılar” (1992), “Hökmdar və qızı” (1994) və s. pyesləri tamaşaya qoyulur, yeni kitabları nəşr edilir.

   Azərbaycanın ədəbi ictimaiyyəti 1994-cü ildə Xalq yazıçısı İ.Əfəndiyevin anadan olmasının 80 illiyini təntənəli surətdə qeyd etdi. Prezident Heydər Əliyevin sərəncamı ilə yazıçı ədəbiyyatın inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edildi. Zəngin yaradıcılıq yolu keçmiş, həyatın acılı-şirinli günlərini yaşamış İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də dünyasını dəyişdi, Fəxri xiyabanda dəfn olundu.

   Böyük sənətkarın əbədi - hər zaman anılacaq və xatırlanacaq ömrü başladı...

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2011.- 30 sentyabr.- S.7.