II
Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası:
Oxucular nə düşünür?
II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında
yaşanan qələbəlik tədbirə böyük
marağın olduğunu göstərir. Tədbirin ilk
günü Əl Oyunları İdman Sarayına yüzlərlə
kitabsevər gəlmişdi. Onların bəzilərinin fikirlərini
öyrəndik.
Şamo Orucov (kitabxana
işçisi): - Suraxanı Rayon Mərkəzləşmiş
Kitabxana Sistemində çalışıram. Mədəniyyət
və Turizm Nazirliyinin xətti ilə təşkil olunan ilk
yarmarkada da iştirak etmişəm. Budəfəki yarmarkada təqdim
olunan kitabların, habelə iştirakçı nəşriyyatların
sayı daha çoxdur. Xarici ölkə ədəbiyyatlarının
tərcüməsi xeyli artıb. Sərgi-yarmarkada qiymətlər
də münasibdir. Belə tədbirlərin ənənəvi
olmasını arzu edirəm.
Səmayə Məmmədova
(müəllimə): - Sərgi-yarmarkada qiymətlərin daha
münasib olmasını istərdim. Xüsusən tələbələr
üçün qiymətlər bir o qədər münasib
deyil. Bəlkə də nəfis tərtibatla çap olunur deyə
kitablar baha satılır. Sevindirici haldır ki, bəzi nəşriyyatlar
kitablarını oxuculara hədiyyə edirlər. İki kitabı
da mənə hədiyyə veriblər.
Ziya
Qaçaxanlı (tələbə): - Turizm
İnstitutunun tələbəsiyəm. Yarmarkada ixtisasımla əlaqəli
kitablar aldım. Kitablar ucuz
olsa, daha çox kitab alardım. Bəzi kitabları isə
mənə hədiyyə
verdilər. Açığı, Azərbaycanda bu qədər nəşriyyatın
olduğunu bilmirdim.
Toğrul Həsənov (şagird):
- Bura dostumla gəlmişəm. Detektiv janrında
iki kitab almışam. Birini də
hədiyyə verdilər.
Qiymətlər pis deyil.
Əcnəbi müəlliflərin əsərlərinin Azərbaycan
dilində daha çox çap olunmasını istərdim.
Ceyhun
Mədəniyyət.-
2011.- 30 sentyabr.- S. 5.