Dünya ədəbiyyatı kitab rəflərimizdə

 

   Sərgi-yarmarkada daha bir təqdimat

  

   Sentyabrın 29-da II Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan prezidenti İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə nəşr edilən 150 cildlik “Dünya ədəbiyyatı” seriyasından çapdan çıxmış kitabların təqdimatı oldu.

   Tədbiri giriş sözü ilə açan Bakı Slavyan Universitetinin prorektoru Asif Hacıyev ölkə başçısının müvafiq sərəncamının əhəmiyyətindən danışmışdı. Qeyd olundu ki, layihənin icrası ilə iki təşkilat - Bakı Slavyan Universiteti və “Şərq-Qərb” nəşriyyat evi məşğul olur. Universitet layihənin tərcüməsi, redaktəsi, korrektura işlərini həyata keçirir. Bu məqsədlə BSU-nun rektoru, professor, yazıçı, tərcüməçi Kamal Abdullanın rəhbərliyi ilə redaksiya heyəti yaradılıb. “Dünya ədəbiyyatı” seriyasından 80 cild demək olar ki, hazır vəziyyətdədir. Bu kitablardan 53-ü nəşr olunub. Kitablar kitabxanalara, təhsil müəssisələrinə və “Kitab klubu” vasitəsi ilə abunəçilərə çatdırılır.

   Natiq onu da vurğuladı ki, prezidentin sərəncamı ilə nəşrə başlanılan “ Dünya ədəbiyyatı” seriyası təkcə ədəbiyyatı deyil, müxtəlif mədəniyyətləri və mənəvi dəyərləri tanıdır. Layihənin ən qiymətli tərəflərindən biri də tərcüməçilik məktəbinin inkişafına, poliqrafiya işində müsbət irəliləyişlərə təkan verməsidir. “Şərq-Qərb” nəşriyyatının əməkdaşı çıxış edərək kitab sərgi-yarmarkasının təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığın bildirdi. Sonra tərcüməçilər, sərgi iştirakçıları “Dünya ədəbiyyatı” nəşri ilə bağlı fikirlərini bölüşdülər.

 

 

   Lalə

 

   Mədəniyyət.- 2011.- 30 sentyabr.- S. 5.