«Mədəniyyətdə
tarixilik və müasirlik» kitabı təqdim olundu
II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası
çərçivəsində filologiya elmləri doktoru,
professor, Əməkdar incəsənət xadimi, Mədəniyyət
və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyevin
«Mədəniyyətdə tarixilik və müasirlik»
kitabının təqdimat mərasimi keçirildi.
Tədbiri filologiya elmləri doktoru
Aqşin Babayev açaraq, kitabın əhatə etdiyi
mövzulardan danışdı. Qeyd olundu ki, kitabda millət vəkili,
UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan
muğamının hamisi Mehriban Əliyevanın muğam layihəsi
çərçivəsində gördüyü işlərdən,
mədəniyyətimizin keçdiyi tarixi yolda cərəyan
edən proseslərdən söz açılır.
Mədəniyyət və Turizm
Nazirliyinin Nəşriyyat, reklamın təşkili və
informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli
kitabın Azərbaycanın mədəniyyət tarixi ilə
bağlı qiymətli mənbə olduğunu bildirdi: “Mədəniyyətdə
tarixilik və müasirlik” əslində Azərbaycan kitab sənətində
yeni layihə, elm baxımından qiymətli mənbədir.
Bilirəm ki, bu nəşr böyük zəhmət
hesabına başa gəlib. Kitabda Azərbaycan mədəniyyətinin
haradan başladığı, yaranma prosesi və necə
şaxələndiyi araşdırılıb. Mədəniyyətdə
elə bir sahə yoxdur ki, kitabda o barədə söz
açılmasın. Kitab xarici dillərə tərcümə
olunmalıdır».
Teatrşünas, sənətşünaslıq
doktoru Məryəm Əlizadə isə bildirdi ki, kitab Azərbaycana
gələn qonaqlar və Azərbaycan mədəniyyətini
öyrənmək istəyənlər üçün
ensiklopedik bir nəşrdir.
Daha sonra çıxış edən
filologiya elmləri doktoru Nizaməddin Şəmsizadə
müəllifin Azərbaycan mədəniyyətinin tədqiq
olunmasına böyük töhfə verdiyini bildirdi: “Mədəniyyətdən
yazmaq isə müqəddəs işlə məşğul
olmaq deməkdi. Mədəniyyət millətin sinir sistemidir.
Ona elə toxunmalısan ki, qıcıq yaratmasın. Mədəniyyətdən
yazmaq üçün böyük və həssas qəlbə
malik olmalısan”.
Filologiya üzrə fəlsəfə
doktoru Vəfa Əliyev kitabda kulturologiyanın yeni elm kimi tədqiq
olunduğunu bildirdi. Onun sözlərinə görə, kitabda
Azərbaycan mədəniyyəti dünya mədəniyyətinin
mühüm tərkib hissəsi kimi təqdim olunur.
Gülər
Mədəniyyət.-
2011.- 30 sentyabr.- S. 11.