Pəhləvanlıq sənətinin geniş təbliğinə ehtiyac var

 

    Pəhləvanlıq sənəti ölkəmizdə qədim və milli kökə bağlı ənənələrə malikdir. Tarixən Azərbaycanda bu sənətin dünyada tanınan simaları olub. XVIII əsrdə Çin, Hindistan, İran və Misirdə şöhrət tapmış Maştağalı Hüseynqulu Hacı Mürsəloğlu, onun yetirməsi Əbdüləli Axundov, yenilməz meydan pəhləvanı Abşeronlu Hüseynqulu Mirzə Haşım oğlu, XIX əsrin sonu - XX əsrin əvvəlində məşhur Sali Süleyman, Rəşid Yusifov kimi pəhləvanlar el hörməti qazanıblar.

  

   

   Hər xalq pəhləvan yetirə bilmir

  

   Bu gün Azərbaycanın müxtəlif bölgələrində pəhləvanlıq sənəti yaşadılır, inkişaf etdirilir. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin “Cəngi” Pəhləvanlar Folklor Qrupunun direktoru Məhəmmədəli Ramazanov deyir ki, hər xalq pəhləvan yetirə bilmir. Burada hər bir hərəkət məzmunludur. Azərbaycanda pəhləvanlıq ənənəsi zəngin inkişaf yolu keçib. “Əvvəllər milli bayramlarda, məhsul bayramlarında kəndlərdə zorxana meydanları təşkil olunurdu. Zurnaçı dəstəsi "Cəngi" çalar, kənd cavanları qurşaq tutardılar. Xalq mərasimlərinin, meydan tamaşalarının tərkib hissəsi kimi bu gün də öz formasını qoruyub-saxlayan güc sınamaq, daş oynatmaq, kərən sındırmaq, buğa boynu əymək, kəndirbazlıq etmək oğuz-türk xalqlarının əsas oyunları olub. Zorxana, pəhləvanlıq sonrakı inkişaf mərhələlərində ayrıca tamaşa növünə, peşəyə çevrilib”.

  

   Pəhləvanlıq sənətinə ailəvi bağlılıq

  

   Müsahibim 15 yaşından idmanla məşğuldur. Dediyinə görə, ailələrində pəhləvanlıq sənətinə böyük məhəbbət, hörmət olub. Babası Nəsrulla Ramazanov da uzun müddət pəhləvanlıq edib. Məhəmmədəli hərbi xidmətdə olarkən bu sənəti dərindən öyrənməyə başlayıb. Hərbi xidməti başa vurduqdan sonra Türkmənistan və Özbəkistanda bu sənəti davam etdirib. “Orada toylarda güləşir, qurşaq tuturdular. Pəhləvanlıq sənətinə olan marağım, davamlı öz üzərimdə çalışmağım görüşlərimin əksəriyyətini qələbə ilə başa vurmağıma səbəb olurdu. 4-5 il orada çıxışlar etdim.

   Sonralar sənətimi Azərbaycanda davam etdirdim. Dişimdə 400 kiloqram daş qaldırmışam. Təyyarə də dartmışam. Çox xoşbəxtəm ki, bu gün də sənətimi davam etdirirəm”.  

 

   “Cəngi” qələbə musiqisidir

  

   Məhəmmədəli Ramazanov deyir ki, pəhləvanlıq sənəti dünyanın nadir sənətlərindəndir. Bu sənətlə davamlı məşğul olmaq lazımdır. Bir müddət bu sənətdən ayrı düşən pəhləvan sonra həmin qüvvəni çox çətin bərpa edə bilir. Məhəmmədəli Ramazanov müxtəlif festivallarda, beynəlxalq tədbirlərdə iştirak edib.

   Söhbət zamanı öyrənirəm ki, bu sənətdə “Cəngi” musiqisinin xüsusi rolu var. “Bəzən olub ki, başqa musiqi sədası altında məşq etməli olmuşuq. Ağır çəkili daşları havada oynadarkən nömrələrimiz istədiyimiz kimi alınmayıb. Bəlkə də bunu çoxları bilmir, o musiqi sədasının özündə bir güc var, bu, pəhləvana da əlavə güc, qüvvə verir”.

   Pəhləvan deyir ki, bəzən olub ki, başqa ölkələrdə bizə vətəndaşlıq təklif ediblər, bu sənəti başqa ölkələrdə yaratmaq üçün geniş maddi təkliflər olunub, qəbul etməyiblər. Çünki pəhləvanlıq Azərbaycan xalqına məxsusdur. “Bizə dövlət səviyyəsində dəstək verilib, lazımi şərait yaradılıb. 1997-ci ildən fəaliyyət göstərən “Cəngi” Pəhləvanlar Folklor Qrupu bu gün öz ətrafında 15-dək pəhləvanı birləşdirir. Ənənələr yaşadılır, beynəlxalq tədbirlərdə iştirakımız təşkil edilir, ölkəmiz təmsil olunur, ölkə miqyaslı tədbirlərdə vətənpərvərlik, igidlik ruhu aşılanır”.

   Bu gün bölgələrdə pəhləvanlıq sənətinə maraq böyükdür. Bəziləri bu sənətlə fərdi şəkildə məşğul olur. “Cəngi” Pəhləvanlar Folklor Qrupu ölkədə bu sənəti yaşadan pəhləvanları bir araya gətirmək niyyətindədir. “ Biz istəyirik ki, ölkə miqyaslı tədbir keçirək, davamlı münasibətlər yaradaq. Bununla bağlı layihə hazırlayıb Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə təqdim etməyi düşünürük. Kollektivimiz davamlı olaraq hərbi hissələrdə, bayram tədbirlərində iştirak edir. Çox maraqla qarşılanırıq. Bizim bir çox nömrələrimiz “Ginnesin rekordlar kitabı”na düşə bilər. Ona görə də pəhləvanlıq sənətinin daha geniş şəkildə təbliğinə ehtiyac var”.

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2011.- 7 yanvar.- S. 15.