Şəfalı
əllərlə dillənən
kamança
Deyirlər ki, musiqi qidadır ruha, bədənə. Doğrudan
da musiqi ruhumuzun və cismimizin ən böyük
loğmanıdır. Şərq dünyasının görkəmli
alim və mütəfəkkirləri musiqinin bir çox dərdlərin
davası olduğunu, hətta musiqi ilə hansı xəstəliklərin
necə sağalmasını da müəyyən ediblər.
Bu barədə İbn Sinanın,
Mir Möhsün Nəvvabın və başqalarının
fikirlərini misal göstərə bilərik. Amma görkəmli
söz ustadı Əliağa Vahidin bir beytini yada salıb mətləbə
keçəcəyik.
Musiqiylə ola xəstəyə aləmdə
əlac,
Bu təbabət neçə min
çareyi loğmana dəyər.
Musiqini təbabətlə təsadüfi
əlaqələndirmədik. Haqqında söhbət
açacağımız sənətkar həm təbib, həm
də musiqiçi olub. Adı bu gün geniş ictimaiyyətə
az bəlli olsa da, əməlləri ilə unudulmayan bir sənətkardır.
Bu, musiqi tariximizə məşhur kamança
ifaçısı kimi daxil olan Firuz Əlizadədir. Belə
maraqlı taleyi olan bir neçə sənətkarımız
var. Məsələn, unudulmaz Hacı Məmmədov da həm
həkim, həm də tarzən idi. Firuz Əlizadə də
belə bir sənətkardır. Təəssüf ki, musiqi sənətindən,
daha doğrusu, səhnədən tez gedib. Bəli, yalnız səhnədən.
Çünki o, ömrünün sonuna qədər
kamançadan ayrılmayıb. Bu yerdə Firuz Əlizadənin
həyat və yaradıcılıq yoluna qısa nəzər
salaq.
Firuz Məmməd oğlu Əlizadə
1923-cü il yanvarın 9-da Bakıda anadan olub. Musiqi Texnikumunu,
sonra Dövlət Tibb İnstitutunu bitirib. Firuz Əlizadə
uzun illər Əhməd Bakıxanovun rəhbərlik etdiyi
xalq çalğı alətləri ansamblında, Səid
Rüstəmov adına xalq çalğı alətləri
orkestrində işləyib. O, həm də musiqi sənətini
bir müəllim kimi təbliğ və tədris edib. Bir
çox kamança ifaçıları bu sənətin sirlərini
məhz Firuz Əlizadədən öyrəniblər. Kamança
ustası Mütəllim Novruzov və başqaları onun tələbələri
olublar. Firuz Əlizadə 1987-ci ildə vəfat edib. Ömrünün
son illərini o, yalnız həkimlik peşəsinə həsr
edib. Amma çox təəssüf ki, belə bir sənətkar
barədə az məlumatımız var. Onun ifaları
bugünkü nəsil üçün az qorunub. Nə
yaxşı ki, hörmətli Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə işıq üzü
görən «Muğam ensiklopediyasında» Firuz Əlizadə
barəsində məlumat var.
Odur ki, onun sənətinin izinə
düşüb mahir kamança ifaçıları olan Xalq
artisti Şəfiqə Eyvazovaya və onun həyat
yoldaşı, professor Arif Əsədullayevə üz tutdum. Hər
iki sənətkar Firuz Əlizadənin ilk növbədə
gözəl insanlığından söz açdılar. Arif
müəllim hətta belə bir xatirəni də yada
saldı:
«Bir dəfə A.Zeynallı
adına Musiqi Texnikumunda bəstəkar Cahangir Cahangirovla imtahan
götürürdük. Tələbə “Şüştər”
muğamı çalanda Cahangir müəllim mənə belə
bir sualla müraciət etdi: «Arif, əgər desən ki,
“Şüştər”i kamançada kim yaxşı
çalır, onda bilərəm ki, sənə bu sənətdə
zaval yoxdur”. Mən dərhal Firuz Əlizadənin adını
çəkdim. Cahangir müəllim cavabımdan çox məmnun
qaldı və Firuzun sənəti barədə çox
yüksək fikirlər söylədi.
Həyatda Firuz Əlizadə kimi
son dərəcə xeyirxah insanlar azdır. O, ilk növbədə
özünə qarşı çox tələbkar bir insan
idi. Baxmayaraq ki, o, iki sənətin sahibi idi, bu iki sənətə
eyni dərəcədə məhəbbətlə
yanaşırdı. Həm yaxşı həkim, həm də
yaxşı ifaçı idi. Amma Dövlət
Filarmoniyasındakı işindən, musiqi mühitindən erkən
uzaqlaşdı. Səhnədən uzaqlaşıb həkim
kimi fəaliyyətini davam etdirdi. Amma həmişə
kamançanı dilləndirər və ondan bir mənəvi
güc alardı. Deyərdi ki, mən günümü musiqisiz
təsəvvür edə bilmərəm.
Mən Firuz Əlizadənin bir
peşəkar, savadlı həkim olmasını da xüsusi
qeyd etmək istəyirəm. Onun sayəsində həm
özüm, həm də neçə-neçə insanlar
şəfa tapıb. Firuz Əlizadə unudulmayan bir
insandır. Mən onun ifalarını yada salanda çox təəssüf
edirəm ki, belə bir ifaçının lent
yazılarını layiqincə qoruya bilməmişik. Belə
sənətkarları yada salmaq lazımdır. Qoy sənətsevərlər
bilsinlər ki, belə bir unudulmağa layiq olmayan,
yaddaşlarda qalacaq Firuz Əlizadəmiz də var».
Haqlı olaraq deyirlər ki, unutsaq
unudarlar. Belə sənətkarları xatırlamaq bizim mənəvi
borcumuzdur. Beləliklə, əlinin şəfası ilə
insanlara həm cismən, həm də ruhən sağlamlıq
verən Firuz Əlizadəni xatırladıq. Həkim-sənətkarın
şəfalı əlləri ilə dilləndirdiyi
kamançanın sədalarını eşitməsək də,
keçdiyi həyat və yaradıcılıq yolu onun
ömür kitabının maraqlı səhifələrindən
soraq verir. Biz də onun bəzi məqamlarını
xatırladıq. Ruhu şad olsun.
Səadət
Təhmirazqızı,
Musiqişünas
Mədəniyyət.-
2011.-7 yanvar.- S. 13.