İstiqlal Muzeyi
İlk
dövlət muzeyimizin 20 yaşlı varisi
Maraqlı tarixçəsi və
özəllikləri olan Azərbaycan İstiqlal Muzeyinin 20
yaşı tamam olur. Zaman baxımından böyük müddət
olmasa da, bu illər ərzində muzeydə Azərbaycanın
istiqlal yolunu geniş şəkildə işıqlandıran zəngin
ekspozisiya yaranıb.
Əslində bu muzeyin tarixi daha
uzaq dövrə - 1919-cu ilə gedib çıxır. Çünki
Azərbaycanın ilk dövlət muzeyi də məhz
İstiqlal Muzeyi olub. 1919-cu il dekabrın 7-də Azərbaycan
Xalq Cümhuriyyəti parlamentinin quruluşunun birinci
ildönümü münasibətilə elə parlamentin
binasında təşkil olunan İstiqlal Muzeyi cəmisi bir
neçə ay fəaliyyət göstərmişdi. 1920-ci
ilin 28 aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan
sonra muzey fəaliyyətini dayandırdı.
Muzey öz fəaliyyətini 71 il
sonra müstəqilliyimizlə birlikdə bərpa etdi. Beləliklə,
1991-ci il yanvarın 9-da İstiqlal Muzeyi yaradıldı. 1919-cu
ildə yaradılan muzeydən heç bir eksponat qalmasa da,
yenidən fəaliyyətə başlayan muzey «İstiqlal»
adını alaraq, birinci muzeyin mənəvi varisi oldu. 20 il əvvəl
7 minədək eksponatla fəaliyyətə başlayan muzeydə
hazırda 20 minə yaxın eksponat var.
Muzeyin yaradılmasında məqsəd
ən qədim zamanlardan müasir dövrümüzə qədər
Azərbaycan xalqının mədəni-tarixi həyatındakı
mühüm hadisələri və xalqımızın
azadlığı uğrunda çarpışan fədailərin
mübarizə yolunu əks etdirməkdir. Muzey 6 zaldan ibarətdir.
1-ci zalda Azərbaycanın dövlət
rəmzləri - ölkəmizin üçrəngli
bayrağı, Dövlət Gerbi, Dövlət himni və
Dövlət Konstitusiyasını əks etdirən sənədlər
nümayiş olunur. Bu zalda XVIII əsrin ikinci yarısında
Azərbaycanın xanlıqlara bölünməsinə, Vətənimizin
işğalı uğrunda Rusiya ilə İran arasında gedən
müharibələrə (1804-1828), Gülüstan (1813) və
Türkmənçay (1828) müqavilələrinin
bağlanmasına dair materiallar da yer alıb.
Ermənistanın Azərbaycana
qarşı işğalçı siyasəti nəticəsində
ölkəmizin ərazisinin 20% zəbt olunub. İşğal
olunmuş ərazilərdə digər mədəniyyət
müəssisələri ilə yanaşı, 22 muzey də
qalıb, zəngin eksponatları qarət olunub. Bu muzeylərdən
yalnız Cəbrayıl və Füzuli rayonlarındakı
tarix-diyarşünaslıq muzeylərinin xilas olunmuş
eksponatları bizim muzeydə nümayiş olunur.
2-ci zal XIX əsrin ikinci
yarısından XX əsrin əvvəlinədək olan
dövrü əhatə edir. Bu dövr Azərbaycan
üçün tarixi baxımdan qısa, lakin mahiyyətinə
görə çox zəngin dövr olub. Bu, mədəniyyət
və elmin, neft sənayesinin inkişafı, H.Z.Tağıyev,
M.Nağıyev, M.Muxtarov kimi neft milyonçuları tərəfindən
yeni binaların, məktəblərin, teatrların, xəstəxanaların
tikildiyi dövr idi. Həmin
tarixi dövrü əks etdirən materiallar bu zalda
nümayiş olunur. Burada həmçinin A.A.Bakıxanovun,
M.C.Topçubaşovun, milli mətbuatımızın əsasını
qoyan H.B.Zərdabinin və digər ədib və
ziyalıların fəaliyyətini əks etdirən materiallar
toplanıb. Zalın digər bölməsində 1918-ci il 31
mart soyqırımına həsr olunmuş fotofaktlar, arxiv
materialları, sənədlər nümayiş etdirilir.
Azərbaycan Xalq Cümhuriyyətinin
fəaliyyətinə bu zalda geniş yer ayrılıb.
Zalın eksponatlarında Cümhuriyyətin
yaradıcılarından olan M.Ə.Rəsulzadə, F.X.Xoyski, Ə.B.Topçubaşov
və digər görkəmli şəxsiyyətlərin tarixi
anlarını əks etdirən fotolar, o zamanın pul vahidləri,
poçt markaları, həmin dövrün müxtəlif
hadisələrini əks etdirən materiallar yer alıb.
Tarixdən bəllidir ki, 1828-ci ildə
Türkmənçay müqaviləsinin bağlanması ilə
Azərbaycan 2 hissəyə bölündü: şimali Azərbaycan
çar Rusiyasına, cənubi Azərbaycan isə İrana
birləşdirildi. Vətənimizin cənubunda yaşayan azərbaycanlılar
XX əsrin əvvəlində öz müstəqilliyi
uğrunda mübarizəyə qalxdılar. Muzeyin 3-cü
zalı bu mövzuya həsr olunub. Burada Cənubi Azərbaycanda
baş vermiş milli-azadlıq hərəkatlarından -
1905-1911-ci illər Məşrutə hərəkatı,
1917-1920-ci illər Şeyx Məhəmməd Xiyabani hərəkatı,
1941-1945-ci illərdəki «21 Azər» hərəkatından
(Seyid Cəfər Pişəvərinin
başçılığı ilə)
danışılır. Buradakı materialların bir çoxu
«21 Azər» hərəkatının
iştirakçısı olmuş tarixçi Lütfəli Ərdəbilinin
köməyi ilə toplanıb. Zalda həmçinin Cənubi
Azərbaycanda görkəmli şəxsiyyətlərin,
şair və yazıçıların, elm xadimlərinin
portretləri nümayiş etdirilir.
4-cü ekspozisiya zalı iki hissədən
ibarətdir. Birinci hissəsi ötən əsrin 20-30-cu illərində
Azərbaycanda repressiyaya məruz qalan görkəmli şəxsiyyətlər
haqqında məlumat verir. Zalın digər bölməsi isə
II Dünya müharibəsində (1939-1945) ölkəmizin qəhrəman
oğul və qızlarının ön və arxa cəbhədə
göstərdiyi şücaəti əks etdirir. Burada
nümayiş olunan silah, partladılmış mərmi,
çap maşını, Morze teleqraf aparatı, səhra
telefonu xüsusi maraq doğurur.
5-ci zal Qarabağ hadisələrinə
həsr olunub. 1988-ci ildən başlayaraq Ermənistanın
ölkəmizə qarşı işğalçılıq
müharibəsi nəticəsində Azərbaycanın
Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı
Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl,
Füzuli, Qubadlı, Zəngilan rayonları zəbt olunub. Bu
dövrdə Ermənistan ərazisindəki tarixi
yurdlarımızdan, habelə Dağlıq Qarabağ və ətraf
bölgələrdən 1 milyona yaxın azərbaycanlı
qaçqın və məcburi köçkün
düşüb. Bu mövzuya muzeydə böyük yer
ayrılıb. Burada 20 Yanvar hadisələrini, Xocalı faciəsinin
dəhşətlərini əks etdirən fotolar, müxtəlif
sənədli materiallar da nümayiş etdirilir. Zalda həmçinin
Qarabağ müharibəsində Vətən uğrunda
canlarından keçib, şəhidlik zirvəsinə ucalan
milli qəhrəmanlarımızın şəkilləri,
onların bəziləri haqqında məlumat, şəxsi əşyaları,
hərbi geyim formaları nümayiş etdirilir.
1993-cü il iyunun 15-də
ümummilli lider Heydər Əliyev xalqın xilaskarı kimi
Bakıya dəvət olunur və həmin gün tariximizə
Milli Qurtuluş Günü kimi daxil olub. Bu tarixdən
başlayaraq ölkəmizin keçdiyi inkişaf yolu haqqında
məlumatı muzeyin ziyarətçilərinə 6-cı
zalda geniş məlumat verilir. Burada müstəqil Azərbaycanın
dövlət və ordu quruculuğunu, xarici siyasətini,
iqtisadiyyatını, Azərbaycanın tarixi üçün
çox əhəmiyyətli olan «Əsrin müqaviləsi»nin
(1994) bağlanması, ölkəmizin mədəniyyətini,
beynəlxalq təşkilatlarda iştirakını əks
etdirən fotoxronika nümayiş olunmaqla yanaşı,
ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli
davamçısı olan prezident İlham Əliyevin fəaliyyətini
əks etdirən materiallar diqqəti cəlb edir.
Ekspozisiyada Xalq rəssamı Altay
Hacıyevin «Cavad xan», rəssam-heykəltəraş Sabir
Çopurovun neftdən istifadə edərək əl ilə
çəkdiyi «Qarabağ», Ə.Əzimzadənin II Dünya
müharibəsinə həsr olunmuş rəsm əsərləri,
keramist-rəssam Məzahir Əfşarın «Dədə Qorqud»
maketi və digər eksponatlar nümayiş olunur.
Lakin muzeyin fəaliyyəti bununla məhdudlaşmır.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyə
olunması, Azərbaycan dövlətçiliyinin təbliği,
tariximizin şanlı səhifələrini daha dərindən
öyrənmək məqsədilə muzeydə Azərbaycanın
tarixinin müxtəlif hadisələrinə həsr olunmuş
tədbirlər, sərgilər keçirilir. Muzeyin xalqın
tarixində, mədəniyyətində, incəsənətində
əsas təbliğat vasitələrindən biri olduğunu dərindən
dərk edən əməkdaşlarımız şərəfli
saydıqları vəzifə borclarını layiqincə yerinə
yetirməyə səy göstərirlər.
Nigar
Qazızadə,
Azərbaycan İstiqlal
Muzeyinin elmi katibi
Mədəniyyət.-
2011.- 7 yanvar.- S. 12.