Ölkəmizdə turizmin əksər növləri üçün zəngin imkanlar var

 

   Alternativ turizm sahəsi də geniş perspektivlərə malikdir

  

   Alternativ turizm insanları bir-birinə yaxınlaşdıran, dostlaşdıran istirahət növüdür. Buraya əsasən kənd turizmi, ekoturizm, macəra və digər turizm növləri daxildir. Bu səyahət ətraf mühitin qorunması, milli adət-ənənələrin tanınması, xüsusilə təbiətlə daha çox təmasda olmaq imkanını ehtiva edir.

  

   Azərbaycanda da alternativ turizm üçün geniş imkanlar var. Turizm üzrə mütəxəssis, professor Cabir Məmmədovun dediyinə görə, ölkəmizin əlverişli coğrafi mövqeyi ümumiyyətlə turizmin bir çox növlərinin inkişafına zəmin yaradır: «Avropa ilə Asiyanın qovuşuğunda, Transqafqaz nəqliyyat dəhlizinin ortasında yerləşən Azərbaycanda geniş nəqliyyat infrastrukturu - hava və dəniz limanları, magistral avtomobil və dəmir yolları var. Respublikamızın relyefi çox müxtəlifdir, düzənliklər və dağlar üstünlük təşkil edir. Ölkə ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur. Bunlar qış kurortlarının inşası üçün çox əlverişlidir. Xizəkçilər, kirşə sürmək həvəskarları üçün burada tramplinlər, enişlər, yoxuşlar yaratmaq mümkündür. Yer kürəsindəki 11 əsas iqlim qurşağından 8-i ölkəmizdə var. Bu isə turistlərin bütün ilboyu istirahətlərinin və sağlamlıqlarının bərpasının təşkilinə imkan verir. Bundan başqa, Azərbaycan ərazisində irili-xırdalı 8400-ə yaxın çay, 250-ə yaxın göl var. Çay vadiləri çox mənzərəli olmaqla, çoxsaylı istirahət həvəskarlarını və turistləri cəlb edir. Daha iri çaylar qayıq sürmək üçün və su idmanı mərkəzləri yaratmaq üçün, dağ çayları isə raftinq üçün çox əlverişlidir. Göl və nohurlarda balıqçılıq təşkil edilə bilər. Bu sadaladıqlarım müalicə-sağamlıq mərkəzlərinin, həmçinin ekoturizmin inkişafı üçün mühüm ehtiyatlardır».

   Həmsöhbətimiz deyir ki, Azərbaycan həm də özünəməxsus fauna kompleksi olan bir neçə zoocoğrafi əyalətlərin qovşağında yerləşir. Qonşu ərazilərdən - İrandan, Orta Asiyadan, Aralıq dənizi ölkələrindən olan bəzi heyvan növləri buradakı şəraitə uyğunlaşaraq, respublikanın faunasını zənginləşdirib: «Ölkəmizdə təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir. Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 97 növ balıq və s. heyvan növləri məlumdur. Bunlar isə ovçuluğun təşkili üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, dünyanın ov həvəskarları bunun üçün külli miqdarda vəsait sərf edirlər, onda turizmin bu növünün ölkə iqtisadiyyatı üçün əhəmiyyətini müəyyənləşdirə bilərik».

   C.Məmmədov Azərbaycan neftinin müalicəvi imkanlarına da diqqət çəkir: “Ölkə ərazisinin 2\3 hissəsi neft və qazla zəngindir. Dünyada məşhur olan Naftalan nefti əsasında bir sıra xəstəliklər müalicə olunur”.

   Mütəxəssis deyir ki, dünyanın ən iri gölü olan Xəzərin fiziki-coğrafi göstəriciləri də unikaldır: “Bundan əlavə, hidromineral ehtiyatlarımız sanatoriya-kurort işinin inkişafı üçün əhəmiyyətlidir. Dünyada tanınmış mineral sularından heç də geri qalmayan isti və mineral bulaqlar - Badamlı, Sirab, Turşsu, İstisu və digərləri böyük iqtisadi müalicəvi əhəmiyyət daşıyır».

   Bütün bunlarla bərabər, həmsöhbətimiz onu da bildirdi ki, Azərbaycanın zəngin tarixi və mədəni irsi mədəni turizmin inkişafı üçün böyük imkanlar açır: “Ölkə ərazisindəki 6 mindən artıq tarixi-memarlıq abidələrinin əksəriyyəti Böyük İpək yolunun Azərbaycandan keçən qolu boyunca yerləşir və indinin özündə də heyrət doğurur. Bunlara misal olaraq ibtidai insanların Qobustan mağaralarında qayaüstü rəsmlərini, atəşpərəstlik məbədlərini, qüllələri, alban kilsələri və ibadətgahları, möhtəşəm qala divarları və qəsrləri, karvansaraları, İslam mədəniyyəti dövrünün əzəmətli saraylarını, memorial, ayin və digər tikililəri göstərmək olar. Bütün bunlar Azərbaycan memarlıq abidələrinin qızıl fondunu təşkil etməklə, xarici qonaqların böyuk marağına səbəb olan mühüm turizm məhsullarıdır. Son illər ölkə ərazisində çoxsaylı turist-ekskursiya marşrutları yaradılıb. Bu isə onu deməyə əsas verir ki, turizm Azərbaycanın iqtisadiyyatında aparıcı mövqeyə malik ola bilər. Çünki turizm biznesi təsərrüfatın digər sahələrinin inkişafını stimullaşdırmaqla yanaşı, özündə iqtisadi, humanitar, tərbiyəvi və estetik amilləri birləşdirir». 

 

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 7 yanvar.- S. 9.