«Azərbaycanlı uşaqların
muğam ifası dünyada heyrətlə qarşılanır»
Raziyyə Sultanova: Britaniyanın
Kembric Universitetində Azərbaycanın yeniyetmə muğam
ifaçılarından bəhs edən layihə həyata
keçiriləcək
Ötən ilin sonlarında
Bakı əlamətdar bir tədbirə - «Türkdilli
xalqların musiqi alətləri» mövzusunda beynəlxalq
simpoziuma ev sahibliyi etdi. Özbəkistanlı
musiqişünas, Britaniyanın Kembric Universitetində qədim
musiqi alətləri sahəsində elmi-tədqiqat işləri
aparan Raziyyə Sultanova da tədbir
iştirakçıları arasında idi. Onunla söhbətimizdə
türk xalqlarının qədim musiqi alətlərinin tarixi,
dünyaya təqdimatı, türk musiqisi ənənələri
və əlbəttə ki, dünya şöhrətli
muğamımız barədə danışdıq.
Söhbət əsnasında o da bəlli
oldu ki, R.Sultanova Bakıya həm də Kembric Universitetinin təhsillə
bağlı yeni layihəsini həyata keçirmək
üçün gəlib.
- Raziyyə xanım, Özbəkistanda
qədimdən geniş yayılmış dütar və tənbur
musiqi alətləri haqqında məruzəniz simpoziumda
böyük maraq doğurdu. Bu alətlərin tarixi haqqında
nə deyə bilərsiniz?
- Dütarın maraqlı tarixi var.
Özbək əfsanələrində deyilir ki, bu alət məşhur
yunan filosofu Aristotel tərəfindən ixtira edilib. Əfsanəyə
görə, Aristotelin müəllimi Platon əvvəlcə tənburu
musiqi alətini ixtira edib. Lakin o, uzun müddət bu alətin
mövcudluğunu gizli saxlayıb. Hərçənd tez-tez xəlvəti
olaraq onda musiqilər ifa edərmiş. Bir dəfə tənburun
möcüzəli səsi Platonun şagirdi Aristotelin diqqətini
cəlb edir. Evə yaxınlaşanda o, ifaçının və
musiqi alətinin kölgəsini görür, amma içəri
girməyə cürət etmir. Sonra Aristotel məhz
gördüyü kölgənin təxmini təsvirləri ilə
yeni bir musiqi aləti düzəltməyi qərara alır. Beləcə
dütar meydana gəlir. Sonralar dütarla bağlı başqa
əsatirlər, əfsanələr də ortaya
çıxır.
Özbək dütarı həm də
qadın musiqi aləti hesab olunub. Özbək musiqiçiləri
bu alətin gözəl, zərif formasına görə onu hətta
hacıleyləyə də bənzədirlər. Onun olduqca zərif
səsi var. Lakin tarixdə qadın dütar
ifaçılarının adı, demək olar ki, qalmayıb.
Yəqin ona görə ki, tarixi bir qayda olaraq kişilər
yazıblar. Özbəkistanda Rihizhon Hocahanov adlı məşhur
dütar ifaçısı vardı, o, 2008-ci ildə
dünyasını dəyişib. Amma müxtəlif mənbələrdə
qadın dütar ifaçıları haqqında müəyyən
məlumatlara rast gəlmək mümkündür. Məsələn,
özbək miniatür rəsmlərində qadınların
dütarla birlikdə təsvirləri geniş yer alıb. Bu alət
Fərqanədə qadınların ənənəvi peşəkar
musiqi aləti olub.
Biz apardığımız tədqiqatlarda
həmçinin dütarla qadınların poeziyada rolu
arasında assosiasiya tapmışıq. XIX əsrin əvvəllərində
Fərqanədən olan şairə Uvyasiy bu əlaqəni
öz qəzəllərində təsvir edib. Qadın
şairlər dütarın müşayiəti ilə
yazdıqları şeiri ifa edərlərmiş.
- Raziyyə xanım, sovet
dövründə qədim türk tarixinin, o cümlədən
türk mədəniyyətinin ənənələri, musiqisi
siyasi təsir və təzyiqlərə məruz qalıb. Yəqin, Özbəkistanda da belə hallar baş verirdi?
- Təbii, baş verirdi. Bizim qədim musiqi alətlərimiz də bu təsirlərə məruz qalırdı.
Məsələn, bu alətlərdə ənənəvi
mistik sufi
musiqisini ifa etmək əvəzinə,
musiqiçilərə guya
daha optimist, sovet «dəyərələr»ini
ifadə edən musiqilər ifa etmək tapşırılırdı.
Əlbəttə, bütün bunlar
özbək xalq musiqisinin və ruhunun əleyhinə getmək idi. Bununla belə sovetləşmə
özbək musiqisinə
və sosial həyatına inqilabi dəyişikliklər də
gətirdi. Özbəkistanda
qadınların təhsilində
böyük irəliləyiş
baş verdi,
qadınlar mədəni
həyatın fəal
üzvlərinə çevrilir,
o cümlədən peşəkar
musiqiçi olmağa
həvəslənirdilər. Onların arasında peşəkar dütar ifaçıları
da vardı. Onlardan Mavluda Aqzamova kimi məşhur ifaçılar vardı.
O, bütün sovet dövrü ərzində
sufi ənənələrini
qoruyaraq dütarda sufi mahnılarını oxuyurdu.
Burada bir acınacaqlı
məqamı da vurğulayım ki, dütarın forması getdikcə dəyişdirilir
və öz ənənəviliyindən uzaqlaşırdı.
O zaman musiqi alətlərində belə
“yeniləşmə” digər
sovet respublikalarında
da baş verirdi. Sonralar, 1950-ci illərdə dütar tamamilə dəyişikliyə məruz
qaldı. Daşkənd Dövlət Konservatoriyasının
professoru Aşot Petrosyan hətta özbək ənənəvi
musiqi alətini Qərb tərzində simfonik orkestr üçün uyğunlaşdırmağa
cəhd edirdi. Lakin bu eksperiment heç bir müvəffəqiyyət qazanmadı.
Vəziyyət müsbətə
doğru yalnız
1972-ci ildə Daşkənd
Dövlət Konservatoriyasının
Şərq Musiqi Şöbəsi yaradılanda
dəyişdi. Məqsəd
özbək ənənəvi
musiqisini canlandırmaq,
onu kənar təsirlərdən qorumaq
idi. Görkəmli musiqiçi, bəstəkar
və müəllim Fəxrəddin Sadıqov dütarda muğam ifasının tədrisi ilə məşğul olurdu. Onun şagirdlərindən
Məlikə Ziyeyevanın
yaratdığı qızlardan
ibarət olan dütar ifaçıları
ansamblı populyarlıq
qazanmışdı.
- Bir musiqişünas kimi, necə düşünürsünüz,
milli mədəniyyətin
tanıdılmasında, dünyaya
təqdim edilməsində
musiqi aləti nə qədər vacib rola malikdir?
- Hər bir xalqın ənənəvi və qədim musiqi alətləri bu xalqın bütün dünyada nə qədər qədim tarixə və mədəniyyətə malik
olduğunu isbatlayır.
Özbək musiqi mədəniyyətində də
dütarın böyük
rolu olub və bu gün
də bu musiqi aləti milli mədəniyyətimizin
tanıdılması baxımından
yüksək əhəmiyyət
kəsb edir. Yadımdadır ki,
2006-cı ildə Əfqanıstanda,
Məzari-Şərifdə səsyazma sessiyası zamanı məşhur özbək musiqiçisi
Qafar Gamolotdin bizə irad tuturdu ki, axı
siz necə özbəksiniz ki, dütarda ifa edə bilmirsiniz?
Yəni demək istəyirəm ki, dütar ifası özbək milli musiqisinin əsl sübutudur. Çünki bu təkcə Özbəkistanda
deyil, bütün Orta Asiyada unikal
bir musiqi alətidir. İstərdim
ki, bütün türkdilli ölkələr
öz qədim və bəzən də tamamilə yaddan çıxmış
musiqi alətlərini
bərpa edib türklərin necə bir qədim mədəniyyətə malik
olduqlarını bütün
dünyaya nümayiş
etdirsinlər.
- Bu baxımdan «Türkdilli xalqların musiqi alətləri» beynəlxalq simpoziumunun əhəmiyyətini necə
dəyərləndirirsiniz?
- Düşünürəm
ki, bu tədbirin
əhəmiyyəti təkcə
bizim üçün,
yəni türkdilli ölkələr üçün
deyil, eyni zamanda Qərb musiqişünasları, musiqiçiləri
üçün də
çox vacibdir. Biz belə tədbirlərlə
qədim mədəniyyətimizi,
musiqimizi, musiqi alətlərimizi dünyaya
nümayiş etdiririk.
Əlbəttə, yeni
fikirlərimizi, proqramlarımızı
bölüşmək üçün
tez-tez bir araya gəlməyə ehtiyac var. Bu baxımdan çox yaxşıdır
ki, Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyi,
TÜRKSOY və Azərbaycan
Musiqi Mədəniyyəti
Dövlət Muzeyi bu gözəl tədbiri təşkil etdi.
- Eşitdiyimizə
görə, Bakıya
səfəriniz həm
də Kembric Universitetinin bir layihəsi ilə bağlıdır?
- Bəli, mən Bakıya həm də Kembric Universitetinin layihəsini həyata keçirmək üçün
gəlmişəm. Mən burada
çox gözəl muğam ifa edən uşaqların səsini lentə yazdırmışam. Kembric Universitetində
belə bir təklif irəli sürmüşəm ki, təhsillə bağlı
yeni layihə başlasın və həmin layihədə Azərbaycanın yeniyetmə
muğam ifaçılarına
da yer ayrılsın.
Azərbaycanlı uşaqların muğam
ifası indi bütün dünyada heyrətlə qarşılanır.
Biz bu lent yazılarından
ibarət CD buraxmağa
hazırlaşırıq. Əgər bu
ifalar bəyənilsə,
biz həmin uşaqları
Londona dəvət edəcəyik. Onlar orada
çıxış edəcəklər.
Azərbaycan mədəniyyəti və musiqisi çox unikaldır.
Muğam
bir çox Şərq, müsəlman
ölkələrində məşhurdur.
Lakin Azərbaycan yeganə ölkədir ki, burada uşaqlar muğam ifa edirlər, onlara lap erkən yaşlarından belə bir çətin
janrda musiqi ifa etməyə icazə verilir. Sizin muğam ifa edən uşaqlarınız
çox heyrətamiz və istedadlıdırlar.
Onların elə gözəl səsləri
var ki! Məsələn, Özbəkistanda Şaş-muğam
var və uşaqlar heç vaxt bunu ifa
etmirlər. Çünki onlara icazə verilmir. İstərdim ki, bu layihədə Azərbaycanın
bu heyrətamiz təcrübəsi özünə
yer alsın. Arzum budur ki, sizin
uşaqlarınızın lap erkən yaşlarından belə bir çətin,
klassik janrda muğamı ifa etmə qabiliyyətləri
təcrübəsindən biz də yararlanaq.
- Bakıdan hansı təəssüratlarla
ayrılırsınız?
- Qərb ölkələri, universitetləri,
alimləri türk dünyasına, xüsusilə
də Azərbaycan mədəniyyətinə, bu
sahədə həyata
keçirilən layihələrə
böyük maraq göstərirlər. Sizə bir
həqiqəti söyləyim
ki, indi Azərbaycan Qərbdə xüsusi imicə malikdir. İnsanlar və mentalitet,
yüksək təhsil,
insanların yeni dünya qurmaq bacarığı burada çox heyrətamizdir.
Hər şeydən öncə mən Bakını çox sevdim və bəyəndim.
İndi bu şəhər daha da gözəldir
və Parisə bənzəyir. Mən həm
də buradakı həyat tempini çox sevdim. Bakıda çoxlu yaşıl parklar, meydanlar şəhərə xüsusi
gözəllik verir.
Mehparə
Mədəniyyət.-
2011.- 7 yanvar.- S. 5.