Kamera
və orqan musiqisi zalının binası əsaslı təmirdən
sonra istifadəyə verilib
XIX əsrin
sonunda alman memar Adolf Eyxlerin layihəsi əsasında inşa
edilən bina indi daha gözəl görkəm alıb
Azərbaycan Dövlət
Filarmoniyasının kamera və orqan musiqisi zalının
binası Bakıda tikilən memarlıq abidələri
sırasında xüsusi yer tutur. Özündə
böyük tarix yaşadan və möhtəşəm
memarlıq quruluşu ilə paytaxta xüsusi yaraşıq verən
bina zəngin Azərbaycan mədəniyyətinin bir
parçasıdır.
Tarixi araşdırmalar təsdiqləyir
ki, XIX əsrin ortalarından Bakıya daha çox alman və
isveç əsilli insanlar gəlməyə
başlamışlar. Bakıda yaşanan neft bumu ölkəyə
xaricdən işçi qüvvəsinin gəlməsi ilə
nəticələnir. O dövrdə Bakıda məskunlaşan
alman və isveç əsilli insanlar burada dini ibadət
üçün bu kilsəni tikmək qərarına gəlirlər.
Tarix boyu tolerantlığı ilə nümunə olan
xalqımız bu ideyanın həyata keçirilməsində
onlara dəstək verir. Beləliklə, 1896-cı ilin
martında Bakıda yevangelik-lüteran kilsəsinin təməli
qoyulur və bina 1899-cu ildə istifadəyə verilir. 24
yaşlı alman memar Adolf Eyxlerin layihəsi əsasında
inşa edilən bina o dövrdə Bakının ən nadir
arxitektura inciləri sırasına daxil olur. 1900-cü ildə
kilsədə orqan quraşdırılır və elə həmin
il burada ilk konsert təşkil olunur.
Sovet
dövründə bir çox dini ibadət ocaqları kimi, bu
kilsənin də fəaliyyəti dayandırılır, bəzi
hallarda bina sökülmək təhlükəsi ilə
üzləşir. Sonrakı illərdə bina Nazirlər
Kabinetinin qərarı ilə kamera və orqan musiqisi zalı
adlandırılaraq Azərbaycan Dövlət
Filarmoniyasının tabeliyinə verilir. O vaxtdan keçən
dövr ərzində illər bu binada öz izini qoyur. Baxımsızlıq
üzündən binanın tavanı demək olar ki, tamamilə
yararsız vəziyyətə düşmüşdü. Mebel
və inventarların köhnəlməsi isə burada mərasimlərin
təşkil olunmasını mümkünsüz etmişdi.
Prezident İlham Əliyevin təşəbbüsü
ilə 2010-cu ildə binada əsaslı təmir və bərpa
işlərinin aparılmasına başlandı. Mədəni
dəyərlərə xüsusi diqqət və qayğı
ilə yanaşan dövlət başçısının
imzaladığı sərəncama əsasən, Azərbaycan
Dövlət Filarmoniyasının kamera və orqan musiqisi
zalının təmiri və bərpası üçün
Prezidentin Ehtiyat Fondundan 1 milyon manat vəsait ayrıldı. Bir
neçə ay ərzində burada aparılan işlər
binanın görkəmini, interyerini daha da gözəlləşdirdi.
Dekabrın 30-da Müslüm
Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasının kamera və orqan musiqisi zalının
binası əsaslı təmir və bərpa işlərindən
sonra istifadəyə verilib. Prezident İlham Əliyev və
xanımı Mehriban Əliyeva açılış mərasimində
iştirak ediblər.
Azərbaycan Dövlət
Filarmoniyasının direktoru Murad Adıgözəlzadə
binada həyata keçirilmiş əsaslı bərpa və
yenidənqurma işləri barədə prezidentə məlumat
verib.
Qeyd olunub ki, Azərbaycan mütəxəssisləri
əsaslı təmir və bərpa işlərini binanın
özünəməxsus orijinal üslubunu, qədim tarixi
memarlığını qorumaqla həyata keçiriblər. Ənənəvi
alman qotik memarlığının ən gözəl nümunələrindən
olan binanın akustikasına xüsusi diqqət yetirilib. Bundan əlavə,
binada ilk dəfə havalandırma sistemi qurulub. Dövlət
başçısı binada görülmüş işlərdən
razılığını bildirib.
Mədəniyyət.-
2011.- 7 yanvar.- S. 4.