Ağ-qara təsvirlərdə
insan dünyası
Ölkəmizdə mədəniyyətə,
incəsənətə dövlət qayğısı gənc
sənətçilərin yetişməsində də
özünü göstərir. Belə gənclər
arasında öz istedadı, sənəti ilə tanınan rəssamlar
da var. Tez-tez müxtəlif sərgilərdə, müsabiqələrdə
yaşlı nəslin nümayəndələri ilə
yanaşı, onların da əl işləri ilə
tanış oluruq. Maraqlı rəsm kompozisiyaları,
özünəməxsus üslubu ilə seçilən, əsərləri
təkcə ölkəmizdə deyil, xaricdə də sərgilənən
gənc fırça ustalarından biri də Ramil Əliyevdir.
28 yaşlı rəssamın sənətdə
atdığı uğurlu addımlar onu artıq peşəkar
sənətçi kimi püxtələşdirib. Ağ və
qara rənglərlə öz sənət dünyasını
canlandıran Ramil rəssamlığın qrafika növü
ilə məşğul olur. 2005-ci ildə Azərbaycan Rəssamlıq
Akademiyasının “Kitab qrafikası” bölümünü fərqlənmə
diplomu ilə bitirib. Daha sonra akademiyada “İllüstrator”
ixtisası üzrə magistr dərəcəsi alan Ramil
peşəkar karyerasını uğurla davam etdirməkdədir.
Hazırda Rəssamlıq Akademiyasının
doktorantıdır, “Kitab qrafikası” mövzusunda nəzəri
və praktiki təcrübə və biliklərinə söykənərək
elmi işinin müdafiəsinə hazırlaşır. Rəssam
2002-ci ildən müxtəlif nəşriyyat, reklam şirkətləri
ilə əməkdaşlıq edir. Müxtəlif reklam, bədii
və animasiya filmləri layihələrində iştirak edib.
Ramil Əliyev yaratdığı əsərləri
ilə ölkəmizi layiqincə təmsil edərək, xaricdə
də tanınmaqdadır. O, ABŞ, Meksika və digər
ölkələrdə keçirilən sərgilərdə
iştirak edib, mükafatlara layiq görülüb. Gənc rəssam
Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan
Karikaturaçılar Cəmiyyətinin üzvüdür.
Ramil qrafika üslubunda
yaratdığı əsərlərində xalq
nağılları, dastanları, folkloru müasirliklə vəhdətdə
yüksək ustalıqla canlandırır. Xalq ruhuna yaxın,
milli koloritlərin qabarıq təsviri əsərlərinin əsas
xəttini təşkil edərək, geniş məna
çalarları ilə insanı düşünməyə və
qədim mədəni dəyərləri
tamaşaçıya hər cizgidə çatdırmağa
hesablanıb. Rəssamın ağ və qara rənglərdən
ibarət qrafika üslubuna aid yaratdığı əsərlər
yeni, gənc təfəkkür tərzinin məhsulu kimi ideya və
fikir müxtəlifliyinə görə də rəngarəngdir.
Rəssam öz fərdi
üslubunu, yanaşma tərzini bu cür izah edir: “Çəkdiyim
əsərlərdə insan təsviri əsasdır. Ətrafda
yer alan bütün varlıqlar insana nəzərən
götürülür və ona tabe olur. Rəsmlərimdə
süjet xətti insan amili üzərində qurulur.
Ümumilikdə insan mənə hərtərəfli
maraqlıdır. Onu yaratmaqla “insan”ı öyrənməyə,
bizə məlum olmayan cəhətlərini kəşf etməyə
çalışıram”.
Qeyd edək ki, bu yaxınlarda
keçirilmiş “Şərqdən Şərqə” adlı
rəsm sərgisində Ramilin gözəl, məzmunlu əl
işləri ziyarətçiləri ən çox
maraqlandıran, özünə cəlb edən əsərlər
sırasında idi. Rəssam gələcəkdə
yaratdığı yeni-yeni əsərləri ilə daha
geniş şəkildə fərdi sərgisini keçirməyi
planlaşdırır.
Eldar
İbrahimoğlu
Mədəniyyət.-
2011.- 12 yanvar.- S. 15.