Etnoqrafik araşdırmalarda maddi mədəniyyət
nümunələri
Etnoqrafik
araşdırmalarda maddi mədəniyyət nümunələrinin
mövcudluğu böyük əhəmiyyət kəsb edir. Çünki
bu nümunələr xalqın sosial-iqtisadi, siyasi, mədəni
tarixini, etnogenezini öyrənməkdə mühüm mənbə
rolunu oynayır. Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elm
fond şöbəsinin müdiri, tarix elmləri namizədi
Gülzadə Axundova ilə söhbətimiz də bu barədədir.
Alim öncə Azərbaycan orta əsrlər tarixinin
maraqlı səhifələrindən birini əks etdirən
orta əsr Ağsu şəhərinin etnoqrafik
araşdırmaları barədə danışdı:
-
Dünyanın hər yerində etnoqrafik araşdırmalar
aparılır. Bu vaxta qədər XVIII əsr Azərbaycan
etnoqrafiyasının öyrənilməsi üçün
ayrı-ayrı səyyahların yol qeydlərinə, ədəbi-bədii
nümunələrə (miniatürlər, aşıq və
şairlərin yaradıcılığı, dastanlar və
s.), muzey eksponatlarına və s. mənbələrə
müraciət olunub. Ancaq son vaxtlar Ağsu rayonunda (orta əsr
Ağsu şəhər arxeoloji qazıntılarında)
aparılan tədqiqatlar bu dövr etnoqrafiyasının öyrənilməsi
üçün zəngin baza rolunu oynayacaq. Məlumdur ki,
ayrı-ayrı maddi mədəniyyət nümunələri
müəyyən təkamül yolu keçir, təbii-coğrafi
şəraitin, dövrün sosial-siyasi xarakterinin və etnik
xüsusiyyətlərinin təsiri ilə formalaşır.
Ağsu şəhəri də dövrün sosial-siyasi
xarakterinə uyğun yaranıb.
-
Arxeoloji araşdırmalarda orta əsr Ağsu şəhər
evlərinin məişət xüsusiyyətləri necə
xarakterizə olunur ?
-
Arxeoloji qazıntı ərazisində xeyli evin qalıqları
aşkarlanıb. Həmin evlərin əksəriyyəti
birotaqlıdır. Bu da dövrün ev tiplərinin məişət
xüsusiyyətindən irəli gəlir. Vaxtilə
Şirvanda arxeoloji tədqiqatlar aparmış alimlər
N.Dulrovin və V.Leqkobitov da həmin evləri bu xüsusiyyətinə
diqqət yetiriblər. Bu cür ev tipləri o dövrdə
bütün Azərbaycan üçün xarakterik olub. Şəhərdə
təşəkkül tapmış sənət
dükanları, misgər, qalayçı, dəmirçi, zərgər,
geyim elementləri hazırlayan dərzi, papaqçı,
başmaqçı, toxuculuq sənəti ilə məşğul
olan boyaqçı, ağacişləmə sənəti ilə
məşğul olan xarrat, dülgər, rəngsaz və s.
olub. Mənbələr Ağsu şəhərinin ərazisi və
əhalisinin sayına görə dövrünün ən
böyük şəhərlərindən biri olduğunu
göstərir. Rus tarixçisi M. Çulkov 1785-ci ildə
çap etdiyi əsərində bu bölgədə 20-dən
çox karvansaranın olduğunu göstərib. Onların
çoxu Ağsuda yerləşib. Həmin karvansaralarda sənət
dükanları olub. Arxeoloji qazıntılar zamanı rast gəlinən
əmək alətləri, hazır məmulat nümunələri
də bunun göstəricisidir. Bütün bunlar deməyə
əsas verir ki, burada qaynar sənət həyatı olub.
- O
dövr üçün xarakterik olan təsərrüfat
tikililəri barədə nə demək olar?
-
Orta əsrlərdə Azərbaycanda geniş
yayılmış təsərrüfat tikililərindən biri
təndirxanalar olub. Arxeoloji araşdırmalar zamanı
aşkar edilən əksər həyətlərdə bu təndirlərə
rast gəlinib. Təndirlər əksər hallarda evin
içində və dəhlizdə qoyulub. Bu da onunla bağlı
olub ki, həmin təndirlərdə çörəklə
yanaşı, müxtəlif xörəklər də
bişirilib. Eyni zamanda, soyuq aylarda evlər bu təndirlərlə
qızdırılıb. Bundan da, belə nəticə
çıxarmaq olur ki, təndirlər təkcə təsərrüfat
tikilisi kimi deyil, həm də evlərin istilik vasitəsi olub.
Onu da deyim ki, burada üç tip təndir aşkar olunub:
döymə təndir, badlı təndir, saxsı təndir.
-
Aşkar edilən maddi mədəniyyət nümunələri
içərisində metal işləmələr haqda nə
deyə bilərsiniz?
-
Kiçik və böyüklüyündən asılı
olmayaraq aşkar edilən maddi mədəniyyət nümunələrinin
hamısı əhəmiyyətli və maraqlıdır. Orada
aşkar edilən metal məmulatlar içərisində elə
nümunələrə rast gəlinib ki, o bir neçə
istehsal üsulunun nəticəsi olaraq ərsəyə gəlib.
Onlardan at sinəbəndi bu baxımdan çox
maraqlıdır. Maraqlı materiallardan biri də dəmirdən
hazırlanmış möhürdür. Onun üzərində
fars dilində möhür sahibinin adı
-
“Hüseynəlinin qızı Pərvin” sözləri
yazılıb. Arxeoloji qazıntılardan əldə olunan
materiallar əsas verir deyək ki, burada mövcud olan maddi mədəniyyət
nümunələri Azərbaycan mədəniyyətinin tərkib
hissəsi olub. Ərazidə aşkar olunan tapıntılar
burada qaynar şəhər həyatının
yaşandığını, yerli sənətkarlıq ənənələrinin,
şəhərsalma və evtikmə mədəniyyətinin
qorunduğunu sübut edir. Ağsu arxeoloji ekspedisiyasının
apardığı tədqiqatlar tariximizin kiçik bir
dövrünün araşdırılmasına yönəlsə
də, bir çox maraqlı səhifələrin
açılmasına işıq tutacaq.
Savalan Fərəcov
Mədəniyyət.- 2011.- 12
yanvar.- S. 14.