Vergi mədəniyyəti
Vergi
intizamı və vergi mədəniyyəti hər bir ölkədə
sosial rifah və tərəqqinin mühüm şərtlərindəndir
Azərbaycan dünyanın qədim
mədəniyyət ocaqlarından biridir. Araşdırmalar nəticəsində
məlum olub ki, ölkəmizdə ən qədim zamanlarda
müxtəlif sənət sahələri meydana gəlib, zaman
keçdikcə inkişaf edərək daha da təkmilləşib.
Zaman-zaman insanların bu və ya
digər tələbatının ödənilməsi məqsədilə
yaradılan nümunələr sonradan mədəniyyət sərvəti
adını almış və beləliklə, xalqımız
öz mədəniyyətinin də əsasını qoyub, onu
yaşadıb, daha da inkişaf etdirib. Eyni zamanda, mədəniyyətin
inkişafı dövlətin yaranması dövrünə təsadüf
edib. Dövlətin qüdrəti, tərəqqisi, əhalinin
yaşayış səviyyəsi onun iqtisadi vəziyyətindən
asılıdır. İqtisadiyyatın səviyyəsini isə
xəzinəyə daxil olan gəlirlər müəyyənləşdirir.
Bu gəlirlərin mühüm hissəsini vergilər təşkil
edir.
Ayrı-ayrı fəaliyyət sahələrinə
aid mədəniyyət növləri, o cümlədən
vergi mədəniyyəti də mövcuddur. Bu gün
dövrümüzün reallığına çevrilmiş
«Vergi mədəniyyəti» anlayışı nisbətən
yenidir. İnkişaf etmiş ölkələrdə əhalinin
maddi rifahı ilə yanaşı mədəniyyətin, habelə
vergi mədəniyyətinin səviyyəsi də durmadan
yüksəlir.
Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü Akif Musayev və
tanınmış yazıçı, tədqiqatçı-alim
Aslan Qəhrəmanovun ərsəyə gətirdikləri
«Vergi mədəniyyəti» (II nəşr) kitabında bu, habelə
cəmiyyət və dövlətlə bağlı bir
sıra məsələlər geniş şərh edilib. Kitabın
məsləhətçisi Azərbaycan Respublikasının
vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti
müşaviri Fazil Məmmədov, elmi redaktoru akademik Teymur
Bünyadovdur.
Müəlliflər «Ön
söz»də qeyd edirlər ki, mədəniyyətin, o cümlədən
də vergi mədəniyyətini səviyyəsi birdən-birə
yüksəlmir. Onlar bunu təkamül prosesi nəticəsində
baş verdiyini və inkişaf elədiyini göstərirlər.
Bu gün bir sıra ölkələrin vergi ödəməklə
fəxr edən vətəndaşlarının əvvəllər
bu işi çox çətinliklə, məcbur edilməklə
gördüklərini misal gətirirlər.
Müəlliflər, eyni zamanda,
vurğulayırlar ki, bu kitab respublikamızda vergi sahəsində
aparılan islahatlar, əhalinin maddi və mənəvi səviyyəsinin
yüksəlməsi ilə bərabər vergiyə aid biliklərin
də vətəndaşların vergi mədəniyyətinə
mühüm təsir göstərdiyi nəzərə
alınaraq yazılıb.
Kitab əsasən vergi mədəniyyətinə
həsr edildiyinə görə, burada bu məsələ ilə
əlaqədar cəmiyyət, dövlət, iqtisadiyyat, vergilərin
təkamülü, vergi tarixi, respublikamızda və bəzi
xarici ölkələrdə mövcud vergi sistemləri və
digər problemlər də şərh edilib. Müəlliflər
bu məsələlərə aydınlıq gətirərkən
tarixən inkişaf etmiş bir sıra dövlətlərin və
dövlət xadimlərinin təcrübəsinə, Azərbaycan
və dünya ədəbiyyatı klassiklərinin əsərlərinə,
digər ədəbi abidələrə istinad edirlər. Bütün
bunlar isə öz növbəsində kitabın əhəmiyyətini
artırıb, onu daha oxunaqlı edib.
Azərbaycanın vergi tarixindən
söhbət açan müəlliflər eradan əvvəl və
eranın ilk əsrlərində, ərəb xilafətində,
Elxanilər dövründə, habelə Azərbaycan
xanlarının və Azərbaycan Xalq Cümhuriyyətinin
vergi növləri, eyni zamanda, Ağqoyunlu hökmdarı Uzun Həsənin
əhalinin xeyrinə apardığı vergi islahatları barədə
maraqlı məlumatlar veriblər.
Kitabın «Mədəniyyət» və
«Azərbaycanda vergi mədəniyyətinin səviyyəsinin
yüksəldilməsi tədbirləri» fəsilləri
bilavasitə mövzunun şərhi ilə bağlıdır.
Müəlliflər «Mədəniyyət»
anlayışının insan fəaliyyətinin müəyyən
sahələrdə səviyyəsinin, inkişaf dərəcəsinin
ölçüsü kimi başa
düşüldüyünü qeyd edirlər. Bu
ölçü isə insanın, cəmiyyətin, millətin,
hətta bütün bəşəriyyətin fəaliyyətinə
aid ola bilər. Buna görə də istehsal, idarəetmə,
nitq, dövlətçilik, təfəkkür mədəniyyətləri
ilə yanaşı, vergi mədəniyyətindən də
danışmaq olar və bu, lazımdır.
Məlumdur ki, hər bir ölkənin
iqtisadi gücü, əsasən, büdcəyə daxil olan vəsaitin
həcmi ilə müəyyən edilir. Büdcənin
formalaşmasında isə fiziki və hüquqi şəxslər
tərəfindən ödənilən vergilər mühüm
rol oynayır. Hər bir şəxs qazandığı vəsaitdən
qanunla qəbul olunmuş qaydada vergi ödəməlidir. Kitabın
müəllifləri çox doğru olaraq göstərirlər
ki, vergi intizamı və vergi mədəniyyəti olmayan
ölkədə buna nail olmaq çətindir.
Müəlliflər vergi
yığımına inkişaf etmiş ölkələrdə
daha ciddi yanaşıldığı və bu işdə
günahkar şəxslərin cəzalandırıldığı
barədə maraqlı faktlar söyləyirlər. Məlum
olur ki, dünyanın ən məşhur kino ulduzlarından
biri - italiyalı Sofi Loren, başqa bir italiyalı, məşhur
müğənni Luçano Pavarotti, böyük kinorejissor və
aktyor Çarli Çaplin vergi ödəmədiklərinə
görə məsuliyyətə cəlb ediliblər. Sofi Loren
vergiyə görə hətta həbs edilibmiş.
Kitabda Azərbaycan
Respublikasının vergi sistemi, habelə respublikamızda vergi
mədəniyyətinin səviyyəsinin yüksəldilməsi
üçün görülən tədbirlər barədə
ətraflı məlumat verilir.
Akif Musayev və Aslan Qəhrəmanovun
«Vergi mədəniyyəti» kitabı sanballı tədqiqat
işidir, ixtisasından, peşəsindən asılı
olmayaraq hər bir oxucu tərəfindən maraqla
qarşılanır. Vergi və mədəniyyət
işçiləri ilə yanaşı, tarixçilər,
etnoqraflar, iqtisadçılar və təbii ki, ali məktəblərin
müvafiq fakültələrinin müəllim və tələbələri
bu kitabdan faydalana bilərlər.
Adilxan Bayramov
Mədəniyyət.-
2011.- 12 yanvar.- S. 13.