Azərbaycanda aqroturizmin inkişafı üçün böyük potensial var

 

   Bu sahədə xarici təcrübənin öyrənilməsi və tətbiqi geniş perspektivlərə yol aça bilər

  

   Son illər ölkəmizdə həyata keçirilən islahatlar iqtisadiyyatın inkişafına, makroiqtisadi göstəricilərin davamlı artımına təkan verib. Bu nailiyyətlərin əldə edilməsində turizm sənayesinin də müəyyən payı var. Xüsusilə 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasından sonra Azərbaycanın zəngin mədəniyyəti və təbiət gözəlliklərinin dünyada təbliğ edilməsi üçün geniş işlər görülüb, turizm iqtisadiyyatın prioritet istiqamətlərindən birinə çevrilib.

  

   Bu gün Azərbaycanda turizmin bu və digər turizm növləri ilə yanaşı, aqroturizmin inkişafı üçün münbit şərait mövcuddur. Amma bu sahənin inkişaf tempi hələlik digərlərindən zəifdir. Ölkəmizdə aqroturizmi inkişaf etdirmək üçün bu sahədə dünya təcrübəsinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir.

   Dünya təcrübəsi göstərir ki, aqroturizm yerli icmaların, kənd və rayonların, bütünlükdə ölkənin davamlı sosial-iqtisadi və mədəni inkişafında önəmli rol oynayır. Bu turizm növünün digərlərdən fərqi ondan ibarətdir ki, turist üçün vacib olan bütün ehtiyatlar kənddə axtarılır. Mənzərəli ərazilərdə xüsusi turist mərkəzləri yaradılır. Rusiya turist biznesində belə mərkəzləri “VIP-kənd” adlandırırlar. Burada turistə tam xidmət paketi (rahatlığı, qidalanma rejimi, mədəni-əyləncəli proqramlar və s. ilə “5 ulduz”lu mehmanxana xidmətinə yaxın xüsusi otaqlar) təqdim edilir. Həmçinin turistə “canlı təbiətlə” əlaqə, kəndin məşğuliyyəti və təbii ehtiyatlarla tanışlıq üçün şərait yaradılır.

   Malayziyada isə aqroturizm konsepsiyası dövlət səviyyəsində kənd təsərrüfatının inkişafı, kənd təsərrüfatı parklarının yaradılması ilə bərabər həyata keçirilir. Ölkə üzrə belə parkların bir hissəsi fermer birliklərinin tabeliyində fəaliyyət göstərir. Turistlərə plantasiyalarda, cəngəlliklərlə əhatə olunmuş evlərdə (“pondok”), yaxud mehmanxanalarda qalmağı, milli mətbəxlə, kənd məşğuliyyəti, atla, qayıqda gəzmək, balıq ovu və s. təklif edirlər.

   Aqroturizmdə turistlərin yerləşdirilməsi üçün dünyada fərqli modellərdən istifadə olunur. Məsələn, İtaliyada əsasən aqroturistlərin fermada və həyətyanı sahələrdə ayrıca otaqda, kənd mehmanxanasında, xüsusi kənd evlərində, tarixi binalarda yerləşdirilməsi təcrübəsinə üstünlük verirlər. Qidalanma isə hər bir rayonun xüsusiyyətlərindən asılı olaraq yerli xarakterli olur. Bu ölkədə əksər aqrotəsərrüfatlar 2-3 “çiçəkli” (“ulduzlu”) olur. Belə yerlərdə bir gecə qalmaq 13-35 ABŞ dolları arasında dəyişir. Regionlar üzrə bu məbləğ dəyişə də bilir.

   İngilisdilli ölkələrdə - Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya və Skandinaviya ölkələrində aqroturistlərin qonaq evlərində, pansionatlarda, kiçik həcmli B&B (“Bed and Breakfast" - “gecə yatmaq və səhər yeməyi") evlərdə yerləşdirilməsinə üstünlük verirlər. Belə yerlər kəndlərdə, təbiətin qoynunda olur.

   Almaniyada da aqroturizm kənd yerlərində davamlı inkişaf konsepsiyası prinsipləri çərçivəsində inkişaf edir. Burada aqroturizim sosial-mədəni baxımdan çox məsuliyyətli sahə sayılır. Ona görə ki, kəndin simasının saxlanılmasında, təbiətin, mədəniyyət və adət-ənənələrin qorunmasında, kəndin iqtisadiyyatının dirçəldilməsində aqroturizm mühüm yer tutur.

   Bəzi ölkələrin turizm sənayesində (məsələn, İspaniyada) aqroturizm və ekoturizm anlayışlarına praktik olaraq sinonim kimi baxırlar. Digər ölkələrdə kənd və ekoloji turizmdə bir tip turizm xidmət paketi olur (İtaliyada “Təbiət və sağlamlıq” xidmət paketi). Digər tərəfdən bir sıra ölkələrdə aqroturizm xidmətlərinə “ekoloji” olmayan məhsullar də daxil olur. Hərçənd aqroturizm xidmət paketinə ovçuluq, balıq, kəpənək ovu daxil olarsa onda onu, heç də ekoturizm adlandırmaq olmaz. Bəzi Afrika ölkələrində, Macarıstanda, Polşa və Avropada aqroturizmdə ovçuluq və balıqçılığa yer verilir. Xarici turistlər üçün belə paket xidməti xüsusilə cəlbedicidir.

   Göründüyü kimi, dünyada mükəmməl və vahid aqroturizm konsepsiyası yoxdur. Amma fakt odur ki, Avropada turizm sənayesi 30 ildən artıqdır ki, sürətlə inkişaf etməkdədir. Halbuki vaxtilə Avropa ölkələrində aqroturizmin rolunu o qədər də yüksək qiymətləndirmirdilər. Hətta İtaliya, Fransa kimi ölkələrdə qorxurdular ki, kənd yerlərində aqrobizneslə məşğuliyyət kənd təsərrüfatının inkişafına mane olacaq və kəndlilər məhsul istehsalından uzaqlaşacaqlar. Amma bu heç də belə olmadı. Əksinə, aqroturizmlə məşğuliyyət kənd təsərrüfatının inkişafına təkan verdi. Yəni fermerlər nümunəvi kənd təsərrüfatı müəssisələri yaradaraq, əldə etdikləri yüksək nəticələri və bioloji təmiz məhsulları insanlara nümayiş etdirməklə aqroturizm sənayesi yaratdılar. Əldə olunan nailiyyətlər bir çox Avropa ölkələrini aqroturizmin inkişafına sərmayə qoyulmasına təkan verir.

   Odur ki, təsadüfü deyildir ki, ötən əsrin 80-ci illərindən xüsusi ilə Qərbi Avropa ölkələrində aqroturizm sürətlə inkişaf etməyə başladı. Kəndin infrastrukturunun yaxşılaşdırılmasına və xüsusi ilə kənd yollarının tikintisinə dövlətin dəstəyi artdı. Aqroturizmin inkişafından gəlirlərlə kənd təsərrüfatında yeniləşmə aparıldı və əlavə əldə olunan vəsaitlə kəndlərdə yeni istiqamətli iş yerlərinin yaradılmasına yönəldildi.

   Qeyd etdiyimiz kimi, aqroturizmdə turistlərə müxtəlif modelli xidmət paketləri təklif olunur. Bu xidmət paketləri bir-biri ilə əvəz oluna bilir. Buna SSS ("Sea - Sun - Sand" - "Dəniz - Günəş - Çimərlik") modelinin LLL ("Lore - Landscape - Leisure" - "Bilik - Landşaft - Asudə vaxt") modelinə dəyişdirilməsini misal kimi göstərə bilərik. Bəzən də aqroturizmdə fərdi paketlərə də üstünlük verilir. Buradan belə nəticə çıxarmaq olar ki, aqroturizm effektiv mikroiqtisadi modelə malikdir. Bu gün aqroturizmin geniş inkişaf etdiyi ölkələrdən biri də Yunanıstandır. Bu ölkədə əhalinin təxminən 20%-i aqro və ekoturizmlə məşğul olur. Yunanıstanın bu sahədə uğurunu görən digər ölkələr (Macarıstan, Polşa, Bolqarıstan, Baltikyanı ölkələr) də aqroturizmi təşviq etməyə başladılar. Bunun üçün xüsusi dövlət proqramları hazırlandı və vahid idarəetmə üçün elektron baza tərtib edildi.

   Qeyd etmək lazımdır ki, aqroturizmin inkişafında yerli hakimiyyətin (bələdiyyələr, yerli icra orqanlarının) müstəsna rolu var. Ona görə ki, yerlərdə aqroturizmin inkişafı üçün həvəsləndirici tədbirlərin və müxtəlif normativ sənədlərin qəbul edilməsi məhz onlardan asılıdır. Misal üçün, İtaliyada müxtəlif əyalətlərdə aqroturizmin inkişafı üçün əvvəllər yerli hakimiyyət, sonra isə mərkəzi hökumət qanunlar qəbul edib. Nəticədə İtaliyanın cənubunda iqtisadi cəhətdən zəif inkişaf etmiş rayonlarda (Kalabri, Sicilya, Sardiniya və s.) aqroturizm üçün infrastruktur inkişaf etdirildi.

   Aparılan araşdırmalardan məlum olmuşdur ki, aqroturizmin inkişafı üçün ilk element xüsusi dövlət və yaxud yerli təşkilatlar tərəfindən hazırlanan proqram olmalıdır. Xarici təcrübənin (məsələn, Almaniya) öyrənilməsi göstərir ki, aqroturizm sektorunda sürətli inkişaf dövlət və yaxud da xüsusi proqramı çərçivəsində daha effektiv olur. Bəzi ölkələrdə aqroturizm sənaye subyektləri assosiasiyalarda fəaliyyət göstərir. Məsələn, İtaliyada torpaq sahiblərinin ümumi konfederasiyası (Agriturist -Confagricoltura), milli aqroturizm və ətraf mühit, İspaniyada aqroturist mülki, fermer və kənd mehmanxanalarını birləşdirən assosiasiyalar fəaliyyət göstərir. Bəzi ölkələrdə isə dövlət aqroturist agentlikləri fəaliyyət göstərir. Məsələn, Macarıstanda birləşmiş kənd turizm aqroturist agentliyi, Polşada isə regionlar üzrə aqroturist birlikləri şəklində fəaliyyətə üstünlük verilir.

   Aparılan araşdırmalar göstərir ki, Azərbaycan vətəndaşlarının hələlik bu sahəyə marağı zəifdir. Aqroturizmlə məşğul olan firmalar az saydadır. Bu hal keçmiş sovet ölkələrinin çoxuna xasdır. Halbuki bu Azərbaycanda bu sahənin inkişafı üçün kifayət qədər təbiət və təsərrüfat resursları mövcuddur.

   Odur ki, xarici təcrübələri nəzərə alaraq ölkəmizdə də aqroturizmin inkişafına diqqəti artırmaq gərəkdir. Bunun üçün zəruri infrastruktur, qroturist təsərrüfatının inkişafı üçün idarəetmə mərkəzi, turagentlər üçün mərkəzi və regional səviyyədə məlumat bazası yaradılmalıdır. Bununla da yerli əhalinin əmək təcrübələrinin təbliğinə, kustar təsərrüfat mallarının turistlərə satılmasına, tarixi abidələrə tanışlığa imkan yaratmaqla yanaşı, kəndlərin inkişafına, kənd əhalisinin gəlirlərinin daha da artmasına nail olmaq olar.

  

 

   Çingiz Gülalıyev,

   kənd təsərrüfatı elmləri namizədi

 

  Mədəniyyət.- 2011.- 12 yanvar.- S. 8.