103
yaşlı “Leyli və Məcnun”
Füzuli
sözü və Üzeyir musiqisinin yaratdığı
möhtəşəm sənət barigahı
Leyli və Məcnun dedikdə hər
bir insanın qəlbində zərif bir tel titrəyir. Bu ilahi
eşqin səsidir. Bu eşqi sözə və səsə
çevirənlər isə ilahi istedad payı olan dahilərdir.
Bəli, söhbət ölməz Füzulinin söz
dünyasına musiqi çələngi hörmüş dahi
Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operasından
gedir.
XVI əsrdə yazıb-yaratmış Füzulinin söz dünyasını XX əsrdə Üzeyir bəy öz musiqisi ilə daha da rövnəqləndirdi. Əslində bu əsər, yəni Füzulinin söz dünyası Üzeyir bəyin fikirlərinə o, hələ 12 yaşında Şuşada olarkən hakim kəsilmişdi. Bəlkə də Üzeyir bəyin bəstəkarlıq eşqinin təməli məhz «Leyli və Məcnun»dan başlayır. Bu yerdə bəstəkarın bir xatirəsini yada salaq. Üzeyir bəy yazır: «Mən 1897-ci ildə 12 yaşında ikən Şuşada bir tamaşaya baxmışdım. «Məcnun Leylinin məzarı üstə». Hələ o zaman mənim ürəyimdən operaya bənzər bir əsər yaratmaq keçmişdi».
O, 12 yaşında düşündüyünü 22 yaşında mükəmməl şəkildə həyata gerçəkləşdirdi. Üzeyir bəy 1907-ci ildə yazmağa başladığı «Leyli və Məcnun» operasını dostlarının köməkliyi ilə 1908-ci il yanvarın 12-də (yeni təqvimlə yanvarın 25-də) səhnələşdirdi.
Bu yalnız Azərbaycan üçün deyil, Şərq dünyası üçün önəmli bir tarixdir. Çünki bu tarix Şərqdə opera janrının yaranması günüdür. Özü də elə bir opera janrının ki, onun dünya musiqi tarixində analoqu yoxdur. Bu da muğam operası janrıdır.
Gəlin, bu məsələyə bir qədər aydınlıq gətirək:
Bildiyimiz kimi, opera əsası Qərbdə qoyulmuş klassik musiqi janrıdır. Qori Müəllimlər Seminariyasında mükəmməl təhsil alan, musiqi sənətinin sirlərinə bələd olan və xüsusən də bu janrın tələblərini, qayda-qanunlarını mənimsəyən Üzeyir bəy elə bir əsər yaratmaq niyyətində idi ki, ilk növbədə həmin əsəri xalqı sevsin. Bu yerdə dahi sənətkarın bir deyimini də xatırlasaq onun məqsədini daha dolğunluğu ilə ifadə etmiş olarıq. Üzeyir bəy yazır: «Əgər bir musiqi sənin öz xalqının xoşuna gəlirsə, bil ki, o, bütün xalqların xoşuna gələcək və beynəlmiləl bir əsər olacaq». Məhz daim belə düşündüyündən Üzeyir bəyin əsərlərini bütün dünya xalqları sevir. O sevilən əsərlərdən biri də «Leyli və Məcnun» operasıdır.
Üzeyir bəy ilk muğam operasını yaratmaqla öz dediyi kimi xalqın öz sərvətini özünə qaytarmış oldu. Çünki xalqımızın ruhu daim muğam üstə köklənib. Həm muğamlar, həm də Füzulinin qəzəlləri xalqın sevə-sevə dinlədiyi sənət nümunələri olduğundan Üzeyir bəy də öz yeni ideyasını, yəni opera yazmaq məqsədini məhz bu istiqamətdə həyata keçirməyi düşünərək, Qərb musiqi elementləri ilə milli musiqimizin üzvi şəkildə sintezini yaradır.
Bu yerdə «Leyli və Məcnun» operasının musiqi dili haqqında bəzi məqamları qeyd edək. İlk növbədə onu qeyd etməliyik ki, M.Füzulinin eyniadlı poeması əsasında yazılan bu operanın libretto müəllifi Üzeyir bəy özüdür. O, poemanın məzmununu, şeirlərini olduğu kimi saxlamış, orta əsr Şərq aləminin ziddiyyətini daha qabarıq şəkildə vermişdir. Əsərin əsas musiqi materialı olan muğamlar ənənəvi opera formalarını - ariya, reçitativ, vokal ansamblları, yəni duet, trio və s. əvəz edir. Qəhrəmanlar öz düşüncələrini, hiss və həyəcanlarını, məhəbbət etiraflarını məhz muğamlarla ifadə edirlər. Bunun üçün də Üzeyir bəy muğamlardan yerli-yerində istifadə edərək onları obrazların xarakterinə uyğun seçir. Məsələn, əsərin I pərdəsində Leyli və Məcnunun qarşılıqlı məhəbbətinin sevinc və fərəhinin xoş ahəngi həm lirik, həm də mübarizə əzmi aşılayan “Mahur-hindi” muğamı ilə verilir. Sonrakı pərdələrdə isə yəni artıq talelərinin faciəviliyini anlayan aşiqlərin kədər dolu düşüncələri o emosional hisslərə uyğun “Şur”, “Bayatı-Şiraz”, “Segah” kimi muğamlarla ifadə olunur. Bu cəhət digər obrazlara da şamil edilir. Məsələn, oğlunun vəziyyətindən narahat olan Məcnunun atası I pərdədə bu hisslərini “Cahargah” muğamı üstə oxuyur. Nofəlin cəngavər obrazı üçün Üzeyir bəy mətin, marş xarakterli “Heyratı” zərbi muğamından istifadə edir və s.
Muğamlardan başqa Üzeyir bəy operada xalq mahnı melodiyalarından da istifadə etmişdir. I pərdədə mədrəsə şagirdlərinin xoru - «Evləri var xana-xana», qızlar xoru -«Bu gələn yara bənzər» və s. Operada Üzeyir bəyin bəstələdiyi orijinal musiqi nümunələri də xalq musiqisi ruhundadır. Həmin musiqi nümunələri əsasən səhnələri əlaqələndirən orkestr boyaları ilə verilir. Bunlar Üzeyir bəyin fərdi musiqisi olsa da sırf milli koloritlə bağlıdır.
Operada xor səhnələri də
xüsusi yer tutur. Məhz bu xorları da birsəsli olmasına
baxmayaraq Azərbaycanda xor musiqisinin təməli hesab edə
bilərik.
Ümumiyyətlə, «Leyli və Məcnun»
operası əsrlər boyu təşəkkül
tapmış, Azərbaycan musiqi mədəniyyəti
haqqında tam, mükəmməl təsəvvür yaradan
professional sənət əsəridir. Bu əsəri şifahi
ənənəli Azərbaycan musiqisinin ensiklopediyası və
Şərqin ilk professional musiqi əsəri adlandırmaq olar.
Təbii ki, belə bir möhtəşəm əsərin
musiqi dili, bədii məzmunu, obrazların xarakteristikası,
quruluşu və s. cəhətləri barədə çox
danışmaq olar. Kifayət qədər tədqiqatçılar,
musiqişünaslar da bu barədə yazıblar, elmi
araşdırmalar aparıblar. Bir sözlə, mənbələr
də var. Odur ki, əsərin digər cəhətlərinə
qısa da olsa nəzər yetirmək istərdim. Bu da
ifaçılarla bağlıdır. Çünki “Leyli və
Məcnun”un əbədiyaşar bir əsər olmasında ona
səhnə taleyi verən ifaçıların da xidmətləri
böyükdür.
Bu yerdə tarixi sənədlərə
müraciət edək .“Leyli və Məcnun»un ilk
tamaşasının rejissoru H.Ərəblinski, dirijoru Ə.Haqverdiyev
olmuşdur. Rollarda Məcnun - H.Sarabski, Leyli - Ə.Fərəcov,
İbn Səlam - C.Dağıstani, Məcnunun anası -
M.Kazımovski, Məcnunun atası - Mirzə Muxtar, Leylinin
atası - İ.Qasımov, Leylinin anası - C.Vəzirov
iştirak etmişlər. Əlbəttə, o dövrdə bu
tərkibi yığmaq da elə asan olmayıb. Bunun
üçün Üzeyir bəy el-el, oba-oba gəzərək
xüsusən Leyli obrazını oynayan ifaçı
axtarıb. Leyli rolunun ilk ifaçısını - Ə.Fərəcovu
Gəncədə tapıb. Orada qonaq olan Üzeyir bəy gənc
oğlanın çay paylayarkən zümzüməsini
eşidir və atasından icazə alıb onu Bakıya gətirərək
Leyli roluna hazırlayır. Lakin ilk dəfə səhnəyə
çıxan gənc oğlan qadın rolunda
çıxış etməyi özünə
sığışdırmayıb, hətta deyilənə görə
I pərdədən sonra səhnəni tərk etmək istəyib.
Bir təhər əsəri sona qədər oynamağı
ondan xahiş edirlər. Bu da onun səhnədə ilk və
son çıxışı olur. Sonralar isə Leyli rolunu
Üzeyir bəy xalası oğlu Əhməd Bədəlbəyli
(Ağdamski) ifa edir. O, Üzeyir bəyə xətrinə bu
işi öz üzərinə götürür.
Bu və ya digər çətinliklərlə
səhnəyə ayaq açan «Leyli və Məcnun»
operası 103 illik taleyində neçə-neçə sənətkarın
yoluna işıq saçıb. Rejissorlardan S.Dadaşov
(1935-1958), M.Məmmədov (1955-1976), F.Səfərov (1994)
operanın quruluşunu vermiş və ona yeni səhnə təcəssümü
bəxş etmişlər. Bu illər ərzində opera səhnəmizə
neçə-neçə Leylilər və Məcnunlar gəlmişdir.
Onlardan Leylilər S.Qacar, H.Rzayeva, G.Həsənova, R.Muradova,
S.Qədimova, Z.Xanlarova, Q.Quliyeva, S.İsmayılova, A.Bayramova,
G.Məmmədova, N.Teymurova, Məcnunlar- Ə.Sadıqov, Q.Əsgərov,
Ə.Əliyev, H.Hacıbababəyov, B.Haşımov, Ə.Mehdiyev,
B.Mahmudoğlu, A.Babayev, C.Əkbərov, A.Qasımov,
M.İbrahimov kimi dünənin və bu günün yaddaqalan
ifaçılarının adlarını çəkə bilərik.
Bu sənət nəslinin şəcərəsi hələ
davam edir. Bu gün də səhnəyə yeni-yeni Leylilər
və Məcnunlar gəlir. Onlar da özlərindən əvvəlki
ifaçılıq məktəbinə əsaslanırlar.
Nə qədər yeni
ifaçılar yetişsə də, «Leyli və Məcnun»
kimi möhtəşəm bir əsər heç vaxt
aktuallığını itirməyəcək. Çünki
bu əsər elə bir tərzdə yazılıb ki, ona
müraciət edənlər əsəri ifa etdikcə daha da
püxtələşirlər.
Bu yerdə Opera və Balet
Teatrının baş rejissoru, Əməkdar incəsənət
xadimi Hafiz Quliyevin bəzi fikirlərini diqqətə
çatdırmaq istəyirəm: «Mən dəfələrlə
«Leyli və Məcnun» operasına quruluş vermişəm. Hər
dəfə bu əsərdə nə isə özüm
üçün yeni bir şey kəşf etmişəm. Bunun
da ən başlıca səbəbi əsərin möhtəşəm,
əlçatmaz bir sənət nümunəsi
olmasındadır. Belə ki, bu əsər tam və mükəmməl
şəkildə yazıldığından o, əlavə
heç nə tələb etmir. Sadəcə həm
ifaçıdan, həm rejissordan əsəri düzgün
qavramaq və bədii məzmun yaratmağı bacarmaq qabiliyyəti
tələb olunur. Füzuli şeirinin mahiyyəti Üzeyir bəyin
musiqisi ilə elə çulğalaşıb ki, bu əsər
bizim üçün bir həyat və sənət məktəbinə
çevrilib. Gərək bu məktəbi düz mənimsəyək».
Sonda kiçik bir qeydimi də
bildirmək istərdim. «Leyli və Məcnun» operasının
mətni Füzulinin eyni adlı poeması əsasında
olduğu halda əsərin sonunda - Leylinin ölüm səhnəsində
Azərbaycan klassik poeziyasının görkəmli nümayəndəsi
Xurşidbanu Natəvanın «Ölürəm» rədifli qəzəli
oxunur.
Varımdır sinədə dərdü,
qəmü nihan ölürəm
Fəda olum sənə gəl
eylə imtahan, ölürəm.
Təbii ki, Natəvan xanım da ölməz söz sərrafıdır.
Amma hər halda Füzulinin əsərini başqa şairin
misraları ilə bitirmək bəlkə də düz olmaz. Əslində
həmin səhnədə Füzulinin «Xoşdur nə qədər
eyləsə yarım cəfa mənə» misrası ilə
başlanan qəzəli oxunmalıdır. Zənnimcə, sənətsevərlər
mənim bu fikrimlə razılaşarlar.
Çünki «Leyli və Məcnun»
elə bir əsərdir ki, onu layiqincə qorumaq, layiqincə
ifa etmək bizdən və sənətkarlardan böyük məsuliyyət
tələb edir. Ən başlıcası ona görə ki,
Füzuli sözü Üzeyir bəy musiqisi ilə elə
möhtəşəm bir sənət barigahı yaradıblar
ki, o, toxunulmazdır.
Səadət Təhmirazqızı,
musiqişünas
Mədəniyyət.-
2011.- 12 yanvar.- S. 7.