Fatmayı kəndində yeni kitabxana istifadəyə verildi

 

   Yanvarın 7-də Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 9 nömrəli Fatmayı kənd filialının yeni binası istifadəyə verildi. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin, Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri, kənd ziyalıları, ağsaqqallar, məktəblilər iştirak edirdilər.

     

   Tədbiri giriş sözü ilə açan rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Qafarov yeni kitabxananın istifadəyə verilməsini əlamətdar hadisə kimi qiymətləndirərək bu mədəniyyət müəssisəsinin yerli əhalinin maariflənməsində böyük rol oynayacağını vurğuladı.

   Açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov ölkəmizdə mədəniyyətin inkişafına xüsusi diqqət yetirildiyini bildirdi. Yeni mədəniyyət müəssisəsinin istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik edən F.Qurbanov qeyd etdi ki, mədəniyyət ocaqlarının tikilməsi, yenidən qurulması, yeni mədəniyyət ocaqlarının tikilməsi davamlı olaraq həyata keçirilir. Respublikada bu sahədə aparılan işlərin davamı kimi kitabxana-informasiya mərkəzlərinin yaradılması əhalinin informasiyaya olan tələbatını ödəməklə yanaşı, gənc nəslin mədəni tərbiyəsində mühüm rol oynayacaq.

   Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Mirzə Aslanov Fatmayı kəndindəki əvvəlki kitabxananın vəziyyətinin müasir standartlara cavab vermədiyini bildirdi, yeni mədəniyyət müəssisəsinin tikilməsinə dəstək olan Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını ifadə etdi: “Fatmayı Azərbaycana görkəmli şəxsiyyətlər verib. Böyük bəstəkar Qara Qarayev, kontr-admiral Cəmil Cavadov kimi tanınmış insanlar bu kəndin yetirmələridir. Onların hər birinin bilik mənbəyi kitablar, kitab mütaliəsi olub. İnanıram ki, bu gün kənddə yaşayan yeniyetmələr, gənclər bu kitabxanadan lazımi şəkildə istifadə edəcək, babalarının bilik yolu ilə irəliləyəcəklər”.

   M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov filialın kitabxana-informasiya mərkəzinə çevrilməsi yolunda lazımi köməyi əsirgəməyəcəklərini söylədi. “Yeni ildə biz ilk mədəniyyət hadisəsini qədim tarixə malik olan, böyük şəxsiyyətlər yetirən Fatmayı kəndində yaşayırıq. Bizim üçün fəxrdir ki, bu gün ölkəmizdə insanların maariflənməsinə diqqət yetirilir, yeni kitabxana informasiya mərkəzləri yaradılır. Bu kitabxana da əhaliyə, xüsusən də yeniyetmə və gənclərə öz biliklərini artırmağa imkan verəcək”.

   Fatmayı kənd camaatı adından çıxış edən Səyavuş Əliyev mədəniyyət müəssisəsinin istifadəyə verilməsini yeni ilin ilk günlərində kənd əhalisi üçün dəyərli hədiyyə olduğunu dedi. O, mədəniyyət müəssisəsinin gənclərin inkişafında xidmət edəcəyinə əminliyini bildirdi, bu işə təşəbbüs göstərənlərə və təşkilatçılara minnətdarlığını bildirdi.

   Sonra yeni kitabxanaya baxış keçirildi. Qeyd edək ki, Abşeron Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Fatmayı kənd kitabxana filialı üçün yeni ərazidə tikilən müasir bina lazımi inventar, avadanlıq, istilik sistemi ilə təmin edilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə inşa edilmiş kitabxananın ümumi sahəsi 90 kvadratmetr, kitab fondu isə 10 min nüsxədən artıqdır.

   Kitabxana yeni nəşrlərlə zənginləşdirilib, burada kompyuter və İnternetlə təmin olunmuş kitabxana-informasiya mərkəzi oxucuların istifadəsinə təqdim edilib. Kitabxana-informasiya mərkəzinin yaradılması «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»na uyğun həyata keçirilib.

  

 

  Ceyhun

 

  Mədəniyyət.- 2011.- 12 yanvar.- S. 6.