Ortaq mədəni dəyərlərimizi qorumalı və dünyaya layiqincə təqdim etməliyik”

 

   Türkdilli ölkələrin musiqişünasları daha tez-tez görüşmək və qarşılıqlı fikir mübadiləsi aparmaq istəyirlər

  

   Xəbər verdiyimiz kimi, ötən ay Bakıda keçirilən «Türkdilli xalqların musiqi alətləri» adlı beynəlxalq simpozium dünyanın bir çox ölkələrindən musiqişünasları, alimləri bir araya gətirmişdi. Onların arasında Türkiyədən tanınmış musiqi tarixçisi Oğuz Elbaş və Rusiya Federasiyasının Tatarıstan Respublikasından Qennadi Makarov da vardı. Hər iki musiqişünasla söhbətimizdə türkdilli xalqların musiqi mədəniyyəti ilə bağlı fikirlərini öyrəndik.

   

   - Oğuz bəy, eyni kökə malik olan türkdilli xalqların bölüşdüyü ortaq mədəni dəyərlər var. Onlardan biri də musiqidir. Bu baxımdan türkdilli xalqların musiqişünaslarını, alimlərini bir araya gətirən belə tədbirlərin əhəmiyyətini necə dəyərləndirirsiniz?

   - Təbii ki, belə simpozium və konfranslar türk xalqlarının bir-birinin musiqi dəyərlərini dərindən anlaması, qarşılıqlı şəkildə faydalanması baxımından son dərəcə önəmlidir. Bu tədbirlər vəsiləsi ilə onlar bir-birlərinin mədəni zənginliklərini daha yaxşı anlayırlar. Məhz belə tədbirlərdən sonra mədəni körpülər daha da güclənir, möhkəmlənir. Bu simpozium həm də bizim üçün önəmli bir missiyanı yerinə yetirir. Bu baxımdan tədbirin təşkilinə görə Azərbaycan dövlətinə öz minnətdarlığımı bildirirəm.

   - Sizin məruzəniz «Anadolunun qədim dövr musiqi alətləri» mövzusunda idi. Maraqlıdır, Türkiyədə bu məsələ nə dərəcədə aktualdır?

   - Bu simpoziumda iştirak etməklə bir daha gördüm ki, Azərbaycanda olan musiqi alətlərinin əksəriyyəti eynilə bizim ifa etdiyimiz alətlərdir. Amma bir məqamı da vurğulayım ki, ölkənizdə ilk dəfə gördüyüm türk musiqi alətləri də oldu. Əlbəttə, bir musiqiçi kimi bu mənim üçün çox maraqlıdır. Bundan sonra çalışacam ki, türkdilli xalqlara məxsus belə musiqi alətlərini daha yaxından tanıyım və öyrənim. Bunlar bizim dəyərlərimizdir, onları qorumalı və dünyaya təqdim etməliyik. Belə qədim musiqi alətlərinin mövcudluğu türk xalqlarının mədəniyyətinin necə qədim tarixə malik olduğunu isbatlayır. Beləliklə, bir daha vurğulamaq istərdim ki, bu cür tədbirlərdə hər kəs bir-birini daha yaxşı başa düşür. Ortaq nəyimiz var, onu analiz etmək imkanlarını tapa bilirik. Odur ki, belə görüş və toplantıları tez-tez keçirməli, qarşılıqlı fikir mübadiləsini sıxlaşdırmalıyıq.

   - Oğuz bəy, siz ortaq musiqi alətlərimizin dünyaya daha yaxşı tanıdılmasının vacibliyindən danışdınız. Bu istiqamətdə türkdilli xalqlar nə qədər fəaldır?

   - Biz türk dünyası ölkələri bu məsələdə çox zəifik. Musiqimizə, çalğılarımıza yetərincə daha güclü sahib çıxmalı, onları qorumalıyıq. Türkiyədə qədim musiqi alətləri hələ də ifa edilir. Hər bir musiqi aləti özlüyündə çox dəyərlidir. Biz öz dəyərlərimizi ortaya qoyan zaman dünya mədəni irsi də bizə maraq göstərəcək. Sadəcə türkdilli xalqlar özləri buna cəhd etməlidir. Tanıtım, təbliğat məsələsinə ciddi fikir verməliyik. Məsələn, musiqi muzeyləri yaratmaq, musiqi CD-ləri, filmlər hazırlamaq, dünya çapında nəşrlər etməyimiz bu baxımdan çox vacibdir. Bunlar son dərəcə önəmli məsələlərdir. Bir sözlə, dünya standartlarına uyğun işlər ortaya qoysaq, kimsəyə ehtiyacımız qalmayacaq. Qədim türk musiqi alətləri ilə bağlı ciddi işlərimizin bütün dünyanı sarsıdacağına inanıram.

  

   * * *

 

   Gennadı Makarov, Kazan Dövlət Konservatoriyasının “Tatar musiqisi və etnomusiqi” kafedrasının əməkdaşı: «İtirdiklərimizi qaytarmağa, bərpa etməyə, yüksəltməyə çalışırıq»

  

   - Tatar mədəniyyətinin xüsusi, özünəməxsus tarixçəsi var. XVI əsrdə Kazan xanlığı Rusiya tərəfindən işğal olundu və biz çox şey itirdik. Amma olanlar izsiz itmir. Ona görə indi bizim arzumuz olanlarımızı, nə vaxtsa itirdiklərimizi qaytarmaq, bərpa etmək, yüksəltməkdir. Bu, hər şeydən əvvəl Kazan xanlığı dövrünün elitar musiqisi, Şərq ənənələri ilə bağlı olan musiqimizdir. Digər tərəfdən bu musiqi müxtəlif etnik qruplara aiddir və bizim musiqimiz etnik musiqidir. Çünki tatarların çoxlu müxtəlif etnik qrupları mövcuddur. Sibir tatarları, Həştərxan tatarları və digərlərinin hər birinin öz xüsusi, özünəməxsus musiqiləri var. Bütün bunları qorumaq istəyirik və yavaş-yavaş buna doğru gedirik.

   Bakıda təşkil olunmuş simpozium bizə çox böyük impuls, güc verdi. Sadəcə olaraq başa düşdüm ki, dəyərlərimizi qorumaq üçün cəhd etmək lazımdır. Çünki biz başqa ölkələrin uğurlarını görürük. Məsələn, Azərbaycanda Məcnun Kərimovun rəhbərlik etdiyi Qədim Musiqi Alətləri Ansamblını görəndə mən çox sevindim və bununla fəxr etdim. Öz simasını saxlamaq, musiqi alətləri qorumaq böyük işdir. Bütün dünya Azərbaycan musiqisini belə ansambla görə tanıyır. Məhz belə bir xalq bu xüsusiyyətlərinə görə digərlərindən fərqlənə və xüsusi xarakterə malik ola bilər. Bu bizim üçün gözəl örnəkdir.

   - Bu gün necə, tatarların öz milli-mənəvi dəyərlərini qorumaq, keçmiş mədəni nailiyyətləri bərpa etmək istiqamətində hansı maneələrlə qarşılaşırmı?

   - İndi bütün dünyada qloballaşma prosesi gedir. Bu prosesdə xalqlar öz milli mədəni özəlliklərini itirmək istəmirlər. Tatar xalqının da bu cür problemi var. Biz Rusiyada yaşayırıq, dövlət dili rus dilidir. Amma hər bir şeyə rəğmən çox şadıq ki, Tatarıstan Respublikası var. Proseslər belə getsə, tezliklə biz tatarlar da bu istiqamətdə uğurlara nail olacağıq. Amma deyim ki, Azərbaycandan öyrənəcəklərimiz çoxdur. Məsələn, elə götürək, bu simpoziumu. İndiyə qədər türkdilli xalqların musiqiçilərini bir araya gətirən belə bir forum keçirilməmişdi. Görüşmək, fikir mübadiləsi aparmaq imkanı əldə etdik. Köhnə əlaqələri bərpa etdik. Ona görə Azərbaycan dövlətinə öz minnətdarlığımı bildirirəm.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2011.- 12 yanvar.- S. 5.