Oğuzda qədim Azərbaycan dövlətinə
məxsus arxeoloji materiallar
aşkarlanıb
Oğuz
rayonunun Kərimli kəndində eramızdan əvvəl II
minilliyə aid olan, 250 il yaşaması ehtimal edilən, amma
adı bu günə qədər məlum olmayan Azərbaycan
dövlətinə dair arxeoloji materiallar aşkar edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Şəki-Qax-Oğuz ekspedisiyasının rəhbəri Nəsib Muxtarovun verdiyi məlumata görə, Kərimli kəndindəki kurqanlarda aparılmış arxeoloji qazıntılar zamanı bu dövlətin eyni və ya müxtəlif sülalələr tərəfindən idarə edilməsi ehtimalı ortaya çıxıb: “Kərimli kəndindəki kurqandakı dəfn çalasından çıxan arxeoloji materiallar, xüsusilə keramika, qab qırıqları güman etməyə əsas verir ki, bu abidə eramızdan əvvəl II minilliyin I rübünə, yəni orta tunc dövrünə aiddir. Ola bilsin ki, biz tarixdə adını bilmədiyimiz, amma eramızdan əvvəl II minillikdə mövcud olmuş böyük dövlətin hansısa sərkərdəsinin, yaxud da böyük nüfuz sahibinin qəbri ilə rastlaşacağıq. Çünki kurqanlar məhz həmin şəxslər üçün nəzərdə tutulub”.
Qeyd edək ki, Kərimli kəndində təxminən 3 hektar ərazidə, 14 belə kurqanın olduğu yer və hazırda arxeoloji qazıntıların aparıldığı ərazi el arasında “Hökmdar məzarlığı”, rəsmi sənədlərdə isə “Qazı yeri” adlanır. Hazırda ərazidə arxeoloji tədqiqatlar davam edir.
Mədəniyyət.- 2011.- 12
yanvar.- S. 4.