Milli Kitab Mükafatı müsabiqəsinə əsərlərin qəbulu başa çatıb

 

   Mart ayında əvvəlcə 20, sonra 10 ən yaxşı əsərin siyahısı açıqlanacaq, qaliblər isə mayın 31-də elan olunacaq

  

   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılan Milli Kitab Mükafatının (MKM) ekspertlər şurası ilk dəfə olaraq toplantı keçirib.

   MKM-in təsisçisi Nigar Köçərli bildirib ki, toplantının məqsədi əsərlərin dəyərləndirilmə mexanizminin müzakirəsi və iş prinsiplərinin qəbul edilməsidir. Keçən il müşahidəçilərin adları gizli saxlanılmışdır. Bu il də onların kənar təzyiqlərə məruz qalmaması səbəbindən adları açıqlanmır. Münsiflər heyətinin tərkibi isə 6 nəfərdən ibarətdir.

   Nigar Köçərli bildirib ki, yanvarın 10-da müsabiqəyə əsərlərin qəbulu prosesi başa çatıb. Müsabiqəyə Azərbaycanın əksər bölgələrindən, hətta xarici ölkələrdən 100-dən çox hekayə, povest, roman və digər ədəbi üslublarda yazılmış nəsr əsərləri qəbul olunub. Martın 20-də əvvəlcə 20, daha sonra isə həmin ayın 27-də 10 ən yaxşı əsərin siyahısı açıqlanacaq. Mayın 31-də Milli Kitab Mükafatının qaliblərinin adları elan olunacaqdır.

   Müsabiqədə birinci, ikinci və üçüncü yerləri tutan yazarlar müvafiq olaraq üç min, iki min və min manat pul mükafatlarına layiq görüləcəklər. 

 

 

   Mədəniyyət.- 2011.- 12 yanvar.- S. 3.