Aydın
Kazımzadə: 70+1
Onun iş otağının qapısının üstünə
“kinoarxiv” sözü yazılıb. Özü də kino tarixini araşdırmaq üçün ömrünün
48 ilini arxivlərdə
keçirib. Yarım əsr
ərzində milli kinomuzun gerçək tarixini araşdırıb
aydınlığa çıxaran
da elə o olub - Aydın Kazımzadə.
Yanvarın
15-də Mədəniyyət və İncəsənət
Universitetinin dosenti, Azərbaycan Dövlət
Film Fondunun aparıcı
mütəxəssisi, Əməkdar
İncəsənət xadimi,
tanınmış kinoşünas
Aydın Kazımzadənin
71 yaşı tamam olur. Ömrünün 48 ilini Azərbaycan
kino tarixinin araşdırılmasına, kino
salnaməsinin yaradılmasına
həsr edən Aydın müəllimlə
bu məqamda görüşüb söhbət
etdik.
- İnsanın yaddaşı
kinolentə bənzəyir.
Sadəcə bu ömür
lenti canlı, sürətli və daha etibarlıdır.
Ömür lentinizdə hansı
anlara təkrar-təkrar
baxmaq istərdiniz?
(Bilmirəm sual
müsahibimi niyə belə kövrəltdi, ömür lentindən hansı kadrı boylandı? Göz yaşını görməyim deyə, ayağa qalxıb pəncərənin önünə
keçdi. Bir azdan iş stolunun
siyirtməsindən təsbehini
götürdü...)
- İnsanın ən
silinməz yaddaşı
uşaqlıq illəri
ilə bağlı olur. O illərdə gördüklərin, yaşadıqların
yaddaşından silinmir.
Müharibə dövrünü görmüş bütün
uşaqlar kimi, mənim də uşaqlıq illərim çox ağır keçib. Atam Böyük Vətən
müharibəsində həlak
olub, anam iki uşağa həm ana, həm
də atalıq edib. Uşaq olanda hərdən
özümə sual verirdim ki, filankəsin
atası var, bunun atası var, onun atası
var, bəs mənim atam niyə yoxdur?
Amma çətinliklərə baxmayaraq
o dövr ən ağır və ən xoşbəxt illərim olub. Çünki o ağırlığı mən o qədər də başa düşməmişəm, anam
üçün, ailəm
üçün ağır
olub. Novruz bayramı gələndə
bilirdim ki, anam bizə nə isə alacaq. Qardaşıma
ayaqqabı, mənə
köynək... Biz bir
il ərzində
oturub o günü gözləyirdik.
Yeddinci sinfə qədər mənim həyatım belə keçib, amma yeddinci sinfə gəlib çatanda, artıq dərk eləməyə başladım
ki, ailədə çətinlik çoxdur,
bu çatmır, o yoxdur, bu yoxdur...
Bir gün musiqi məktəbindən gəlib
musiqi duyumu olan uşaqları, o cümlədən məni
də seçdilər.
Dedilər ki, səni musiqi məktəbinə götürürük, amma
deyərsən, anan sənə qarmon, ya da tar alsın.
Bu xəbəri sevinə-sevinə anama çatdırdım. Anam
susdu, heç nə demədi...
Çox arzularının üstündən o beləcə
sakit, səssizcə ötüb keçdi...
- Yeddinci sinifdə başa düşdüm ki, ailəyə kömək eləmək lazımdır.
Gecə məktəbinə - fəhlə-gənclər
məktəbinə getdim,
gecələr oxuyurdum,
gündüzlər Azərbaycan
Teatr Cəmiyyətinin
istehsalat müəssisəsində
xarrat köməkçisi
işləyirdim. Teatrlar
üçün mebellər,
stol, stul,
şkaf hazırlayırdıq.
Həyatın anları
Həyatın ağırlığını,
ehtiyacın nə olduğunu kiçik yaşlarından aydınlığı
ilə görən balaca Aydının ilk qazancı ailədə görəsən necə qarşılandı? Bu sual
da müsahibimi kövrəltdi:
- Bilirsiniz, niyə kövrəlirəm, anam bir gün görmədi.
Həyatı çox çətin
oldu. İlk dəfə maaşı
alıb evə gələndə anama balaca suvenir aldım. Ağ rəngli balaca-balaca
fillər idi. Gərək ki, 7 dənə idi. Onu qoyduq radionun üstünə ki, evimizə yaraşıq versin. Pulun qalanını isə
anama verdim.
Çiyinlərini
ağır yük altına verib böyüklərlə işləsə
də, o hələ uşaq
dünyasından ayrılmamışdı. Həmişə dükanda gördüyü
və ala bilmədiyi ağ
fillər əslində onun istədiyi və
saatlarla baxa biləcəyi
oyuncaq idi.
Həyat isə əsla oyuncaq deyil...
- İki il xarrat köməkçisi işləyəndən sonra universitetə daxil oldum və
mənim
üçün ikinci bir həyat başlandı. Gecə məktəbində
oxuduğuma görə çox
çətinlik çəkirdim. Çünki
gecə məktəbi ilə gündüz
məktəbi eyni təhsili vermirdi. Gecə-gündüz oxudum, amma gördüm
yox, yenə çətinlik çəkirik,
evə pul gətirmək lazımdır. Ona görə də universitetin
qəzet redaksiyasında ədəbi işçi
kimi işləməyə başladım.
Tələbələr dərsdən
sonra bulvara, kinoya gedərdi. Mən bunların hamısından
məhrum idim.
Tələbəçiliyin nə olduğunu
görməmişəm, hiss eləməmişəm. Həmişə işləmək, işləmək,
işləmək, iki-üç
manat pul qazanmaq. O illəri belə yaşamışam.
Aydın müəllimin unuda bilmədiyi ən böyük yaxşılıq
isə o dövrdə
Azərbaycan Kinematoqrafiya
Komitəsinin sədri
işləyən Məmməd
Qurbanovun adı ilə bağlıdır.
- O insan mənə atalıq qayğısı
göstərib. Onun sayəsində
Azərbaycan Kinematoqrafiya
Komitəsi Məlumat-Reklam
bürosunun direktoru,
"Kino" qəzetinin və
“Film " jurnalının baş
redaktoru vəzifələrində
işləmişəm. Məmməd
Qurbanov məni çox qiymətləndirirdi.
Məni qonaqlara həmişə belə təqdim edərdi: bizim ən gənc
rəhbər işçi.
Kinoda müəyyən hadisələr
baş verirdi, elə anlar olurdu ki, o məni
təhlükələrdən qoruyurdu, mənə arxa olurdu. Bu insanın yaxşılıqlarını
heç vaxt unutmaram. Yaxşılıq unudulmamalıdır.
Yeniliyi sevən adam
- Hər kəsin bir alın yazısı var, Aydın Kazımzadənin həyatının
ana xəttindən axtarışlar, axtarışlar,
axtarışlar... keçir...
- Mən yeniliyi sevən adamam . Evdə də yeniliyi
sevirəm, işdə
də. Eynilikdən xoşum gəlmir.
Yeniliyə olan bu həvəsim məni arxivlərə aparıb çıxardı. Arxivlər niyə
mənim üçün
maraqlıdır, ona görə ki, arxivlərdə olan protokolları, ərizələri,
yazıları, soyadları
oxuyanda mən o insanları tanıyıram.
Çünki elə insanlarla
bir yerdə işləmişəm ki,
onlar Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə
ilə bir yerdə işləyiblər.
O insanlarla bağlı
o qədər xatirələr
eşitmişəm ki,
o protokolları oturub oxuyanda mənə elə gəlirdi ki, bu insanlarla
danışıram.
Ömrümün 48 ilini arxivlərdə
keçirmişəm. Kinonun tarixi ilə məşğul olmaq istəyən insan ancaq arxivlə işləməlidir.
- Aydın müəllimin həyatının ən böyük mükafatı
nədir?
- Bu suala birmənalı cavab vermək olmaz. Ən böyük mükafat
mənim ailəmdir. 48 ildir ki, ailə qurmuşam,
iki övlad böyütmüşük, 4 nəvəmiz
var. Nəvələrimin dördü
də ali
məktəbdə təhsil
alır. Mənim həyatda ən
böyük mükafatım
ailəmdir.
Azərbaycan kino tarixinə dair 15 kitabın müəllifi olan Aydın Kazımzadə səbirli,
təmkinli olduğu üçün bəzən
bir məqaləyə
iki il
vaxt sərf edir. Ancaq itirdiyi vaxta
və ömrə təəssüflənmir. Əldə etdiyi nəticə ona sevinc bəxş
edir və gördüyü işə
görə kiminsə
ona “sağ ol” deməsini də gözləmir.
Əvvəllər doğum
gününü dostları
ilə həvəslə
qeyd edən kinoşünas indi belə deyir:
- Qabaqlar ömür binası tikilirdi, kərpicin üstünə
kərpic gəlirdi. İndi o kərpiclər ömrün
sarayından bir-bir düşür. Kinomuzun tarixi
ilə bağlı bir neçə kitab var, o kitabları
yazıb başa çatdırmaq istərdim
ki, həyatdan köçəndən sonra
məndən də bir iz qalsın.
Sonda kinomuzun zəhmətkeş,
cəfakeş, yorulmaz
tədqiqatçısına elə milli kinomuzun yaşı qədər ömür arzuladıq. Əminəm ki, bu arzuya
mədəniyyətimizi, incəsənətimizi,
kinomuzu sevən hər kəs qoşulacaq.
Təranə Vahid
Mədəniyyət.- 2011.- 14 yanvar.- S. 11.