Fuad Axundov: “Bəxtinə
inanan bəxtəvərdir. Mən öz uğuruma inanıram”
O, ixtisasca aktyor deyil. Dövlət
İdarəçilik Akademiyasının “Beynəlxalq əlaqələr”
fakültəsini bitirib. ABŞ və Böyük Britaniya səfirliklərində
çalışıb. “Niyyət” filmində baş rola təsdiqlənərkən
bədii şura buna etiraz edərək rejissor Samir Kərimoğlunun
böyük risk etdiyini demişdilər. Lakin qeyri-peşəkar
aktyor olmasına baxmayaraq rejissor onun istedadlı olduğunu hiss
etmişdi. Fuad Axundovun filmdəki uğurlu debütü bunu
bir daha təsdiq etdi. “Niyyət” filmində Cahangir rolu ilə
tamaşaçıların yaddaşında qalan Fuad Axundov
hazırda Almaniyada aktyorluq təhsili alır.
-
Qeyri-peşəkar aktyorun kinoda uğur qazanması o qədər
də asan deyil. Siz buna necə nail oldunuz?
- Bəli,
ixtisasca aktyor deyiləm. Lakin kinoya olan həvəsim də
böyükdür. “Niyyət” filminin rejissoru Samir Kərimoğlunun
bir müddət çalışdığı ofis
İçərişəhərdə, mənim
yaşadığım küçədə yerləşirdi.
Amma nədənsə biz heç vaxt
qarşılaşmamışdıq. Günlərin bir
günü ortaq tanışımızın sayəsində
görüşdük. Ordan-burdan söhbət etdik, filmləri
müzakirə etdik. Beləcə yavaş-yavaş
dostlaşdıq. Bir gün Samir dedi ki, yeni bir film çəkməyə
hazırlaşır. Ssenari hazır olanda isə Samir bu filmə
çəkilməyimi təklif etdi. Bu məni təəccübləndirsə
də, fikirləşdim ki, yəqin epizodik rola çəkiləcəyəm.
Amma o, təkidlə bildirdi ki, məni yalnız baş rola
çəkmək istəyir.
Ssenarini
oxudum və çox xoşuma gəldi. Sınaq çəkilişlərindən
uğurla keçdim. Lakin bədii şuranın üzvləri
mənim namizədliyimi qəbul etməyib Samir Kərimoğluna
etirazlarını bildirdilər. Samir isə öz
sözünün üstündə durdu, ya Fuad Axundov bu filmdə
çəkiləcək, ya da ki, ümumiyyətlə, belə
bir çəkilişdən imtina edəcəyəm. Bu etimada
görə ona hədsiz dərəcədə minnətdaram.
- Sizə
görə yaratdığınız obraz necə qəhrəmandır?
Rol və siz arasında bənzər və fərqli cəhətlər
varmı?
-
Filmin əsas qəhrəmanı Cahangir öz həyat
cığırından çıxmış insandır.
Avantüristin, fırıldaqçının biridir.
İçki, qumar düşkünüdür, bu günlə
yaşayan və gələcəyi əsla düşünməyən
insandır. O, ətrafındakı insanları aldadır,
öz maxinasiyalarına cəlb etmək istəyir. Cahangir təbiətcə
heç də pis insan deyil, sadəcə, o öz yolunu
azıb. İnstitutu fərqlənmə
diplomu ilə bitirib, bir neçə xarici dil bilir. Onun bu yola
necə düşdüyü isə tamaşaçı
üçün qaranlıq qalır. Həyatda belə hallar
azmı olur? Bir də görürsən ki, ziyalı ailəsindən
çıxmış ağıllı bir oğlan pis işlərə
qurşanır. Mənim belə pis vərdişlərim yoxdur.
Amma ekstremal idman növləri ilə maraqlanıram.
Paraşüt idmanı, alpinizmlə məşğul olmuşam.
Bütün bunlar riskli idman növləridir. Risk etməyi sevən
insanlar isə bu günlə yaşayır və inanırlar
ki, onların başına heç bir hadisə gəlməyəcək.
Qəhrəmanımla mənim oxşar cəhətim ancaq
bundan ibarətdir. Qalan məsələlərdə elə bir
oxşarlığımız yoxdur.
- Film dini
mövzudadır. Sizin bu mövzuya münasibətiniz necədir?
- Xoşbəxtlikdən
çəkilişlərlə əlaqədar Məkkədə
də oldum. Bu mənim üçün böyük bir
sürpriz idi. Son ana qədər ora gedəcəyimizə və
orada çəkiliş aparmaq üçün icazə ala biləcəyimizə
inanmırdıq. Biz filmdə İslam mövzusuna çox incə
yanaşılıb. “Niyyət” filmi əsl həyat yolunu
azmış və İslam dəyərlərinə söykənən
insanlar arasındakı təzadlar haqqındadır.
- Növbəti
filmə dəvət alsanız, necə bir rolda oynamaq istərdiniz?
Əgər yenə filmə çəkilsəniz eyni məşhurluğu
qazanacağınıza inanırsınız?
- Mən
özümü dram aktyoru kimi görürəm və məmnuniyyətlə
maraqlı bir dramatik filmdə çəkilmək istərdim.
Gərək uğur qazanacağına inanasan. Bəxt hər kəsin
üzünə gülə bilər. Amma bir dəfə ilə
məsələ həll olunmur. Qələbəni əldə
saxlamağı bacarmaq lazımdır. Əsas odur ki, insan
öz uğuruna inansın və çəkdiyi zəhmətlə
onu əlində saxlaya bilsin. Mən bu suala filmdəki qəhrəmanımın
sözləri ilə cavab vermək istəyirəm: Bəxtinə
inanan bəxtəvərdir! Mən öz uğuruma inanıram.
Söhbətləşdi: Yeganə
Cansail
Mədəniyyət.- 2011.- 14
yanvar.- S. 10.