Zaman içində zamansız:
Tofiq Kazımov
“Mən
kommentator... deyiləm, müstəqil sənət
növünün -rejissuranın nümayəndəsiyəm,
odur ki, heç kimin, hətta dahi Şekspirin ruporu olmağa
razı deyiləm”
Tofiq Kazımov
Yanvarın 14-ü milli teatr tariximizdə özünəməxsus
yeri olan görkəmli rejissor, Xalq artisti, Dövlət
Mükafatı laureatı Tofiq Kazımovun anadan
olmasının 88 ili tamam olur. Artıq 31 ildir ki, o,
dünyasını dəyişib. Yaşasaydı, kim bilir, bu
illər ərzində Azərbaycan teatrına, Azərbaycan səhnəsinə
daha hansı yenilikləri, daha hansı sənət incilərini
bəxş edəcəkdi. Ancaq qədərdən kim
qaçıb ki...
Tofiq Kazımov o xoşbəxt sənətkarlardandır
ki, sənəti ilə teatr tariximizdə, yaddaşlarda, xatirələrdə
yaşayır və yaşayacaq...
Əməkdar incəsənət
xadimi, sənətşünaslıq doktoru, professor Məryəm
Əlizadənin Tofiq Kazımov fenomenindən bəhs edən
“Dördüncü ölçünün rəngləri”
kitabında görkəmli ədəbiyyat, mədəniyyət,
incəsənət xadimlərinin Tofiq Kazımov sənəti
və şəxsiyyəti barədə söylədikləri
fikirlərdən bəzi məqamları oxucularımıza təqdim
edirik.
Elçin Əfəndiyev, Baş nazirin müavini, Xalq
yazıçısı:
- Sənətkarın hansı
zamanda, hansı dövranda yaşayıb-yaratması, təəssüf
ki, onun özündən asılı deyil. Sənətkar
zamanı seçmir, amma zaman sənətkarı yetişdirir
və sənətkar hansı zamanda
yaşayırsa-yaşasın, o öz zamanını,
dövranını ifadə etməklə bərabər, gələcəyin
sənətkarıdır. Tofiq Kazımov bu
gün - senzurasız, bədnam “qlavlit”siz, sosrealizmdən əsər-əlamət
qalmamış bir dövrdə yaşayıb-yaratsaydı, Azərbaycan
teatr sənəti, şübhəsiz ki, öz tarixinin
başqa bir Tofiq Kazımov hadisəsinə şahid
olacaqdı. Ancaq Tofiq Kazımov sovet dövründə
yaşayıb-yaratdı. Ən əsası budur ki, Tofiq
Kazımov “sovet rejissoru” yox, milli teatr sənətimizin
böyük xadimlərindən biri oldu. Tofiq Kazımovun
daxilində, bütün içində sovet quruluşuna,
sistemə, ideoloji riyakarlığa, söz ilə əməl
arasındakı təzada, hətta mən deyərdim ki,
patoloji bir nifrət var idi. Onun quruluş verdiyi əsərləri
xatırlayın: bunların heç biri - uğurundan, yaxud
uğursuzluğundan asılı olmayaraq, ideoloji hadisə
deyildi, onun bütün sənət qələbələri
yalnız Azərbaycan teatr sənətinin deyil, bizim milli mədəniyyətimizin
bədii-estetik hadisələri idi. Onun
quruluş verdiyi ən yaxşı tamaşalar - “Sən həmişə
mənimləsən” (1964, İlyas Əfəndiyev),
“Ölülər” (1966, Cəlil Məmmədquluzadə),
“Hamlet” (1968, Uilyam Şekspir), “Aydın” (1972, Cəfər
Cabbarlı) və başqaları heç vədlə
dövrün, zamanın hakim ideologiyasını hər vasitə
ilə, o cümlədən inzibati yollarla tələb
etdiyi sosrealizm estetikasının təzahürü yox, həmin
zamana, dövrə, elə bil ki, dəxili olmayan həqiqi sənətkarın
özünüifadəsi idi. Tofiq Kazımovun
yaradıcılığı sovet dövründə
başladı, amma bu yaradıcılığı ortaya qoyan
istedadın miqyası həmin zaman və dövr çərçivələrinə
sığmadı, o çərçivələr onu
boğub, saxlaya bilmədi. Bu sovet dövrü mədəniyyəti
kontekstində hər sənətkara müyəssər olmayan
bir hadisə idi.
Anar, Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı:
- Mənim üçün Tofiq
müəllimin ilk yaddaqalan quruluşu “Ölülər”
tamaşası idi. Bu tamaşada ölməz Mirzə Cəlil əsərinin
ruhunu saxlamaqla Tofiq Kazımov ora bir çox yeni mətnlər
- elə M.C.Məmmədquluzadənin öz felyetonlarından
alınmış mətnlər də əlavə etmişdi. Rəssam Elçinin maraqlı dekorları (personajlar
sanki məzarların başdaşlarının içindən
çıxırdı), Qara Qarayevin təsirli musiqisi, Kefli
İsgəndər rolunda Həsənağa Turabovun, Şeyx Nəsrullah
rolunda Məlik Dadaşovun, Hacı Həsən ağa rolunda Məmmədrza
Şeyxzamanovun, hətta epizodik rolda Hamlet Xanızadənin
ifası indiyədək gözümün
qabağındadır. Şübhəsiz ki, bütün bu
ünsürləri - tərtibatı, musiqini, aktyor
ifasını vahid və dəqiq rejissor yozumunda birləşdirmək
Tofiq Kazımovun istedadı, güclü yenilik hissi ilə
bağlı idi. Tamaşaya, xüsusilə mətnə
olan əlavələrə kəskin etiraz edənlər də
vardı. Bu etirazlar ictimai baxışdan sonra müzakirələrdə
də səsləndi. Mən də ömrümdə ilk dəfə
belə müzakirədə iştirak etdim. Tamaşanı
müdafiə etdim, eyni zamanda hansısa iradlarımı da
bildirdim. İndi heç yadımda deyil ki, bu iradlarım nədən
ibarət idi. Sonra eşitdim ki, Tofiq müəllim deyib:
Hamıdan yaxşı Anar çıxış etdi, amma onun
da iradlarını qəbul etmirəm... Yəqin ki, düz
edirdi.
İlham Rəhimli, sənətşünaslıq doktoru,
professor:
- Tofiq Kazımov XXI əsrin
düşüncə tərzini, teatr estetikasını,
insanlıq fəlsəfəsini, cəmiyyət və şəxsiyyət
problemlərini məhz XX əsrin ortalarında dərk edirdi. Dərk
edib təfəkkür süzgəcindən keçirirdi. Təfəkkür süzgəcindən keçirib
Karlo Qoldoninin “Mehmanxana sahibəsi” (1952), Mirzə Fətəli
Axundzadənin “Lənkəran xanının vəziri” (1953), Lope
de Veqanın “Sevilya ulduzu” (1953), “Dəlilər” (1963), Uliyam
Şekspirin “Antoni və Kleopatra” (1964), “Hamlet” (1968),
“Fırtına” (1974), Cəlil Məmmədquluzadənin
“Ölülər” (1966), İlyas Əfəndiyevin
“Sən həmişə mənimləsən” (1964), “Unuda
bilmirəm” (1968), Əbdürrəhim bəy Haqverdiyevin “Rəri
cadu” (1969), Yucin O”Nilin “Qızıl”, Cəfər
Cabbarlının “Aydın” (1972) əsərlərinin
tamaşalarında poetik vüsətlə, fəlsəfi dərinliklə,
cazibəli füsunkarlıqla təcəssüm etdirirdi.
Bir daha qeyd edirəm, Tofiq
Kazımovun bütün tamaşaları müəyyən
zamanda doğulsa da, onların bağları zamanın “ətəyindən
tuturdu”.
Əkrəm
Əylisli, Xalq yazıçısı:
- Sənətin (ya sənətkarın)
Zamana təsir göstərmək imkanında olduğuna inanmaq
insanın hər hansı bir möcüzəyə inanmaq
ehtiyacından irəli gəlir. Əslində, Zamana təsir
göstərmək qədərində fantastik bir missiyanı
heç bir sənətkar heç vaxt qarşısına
məqsəd qoymur. Böyük istedadlar öz zamanının
içində yaşamır, onun fövqündə dayanır
və Zamanı bir çox hallarda, hətta qabaqlaya da bilir... Tofiq
Kazımov Zamanı qabaqlamaq zorunda deyildi. O, zamanı tərpədib,
bir qədər hərəkətə gətirmək istəyirdi.
Və buna (əksər hallarda) nail ola bilmədiyinə görə
olduqca əsəbi və impulsiv bir həyat
yaşayırdı.
Azər
Paşa Nemət, Teatr Xadimləri İttifaqının sədri,
Xalq artisti:
- Hesab edirəm ki, Tofiq Kazımov
Azərbaycan teatrında bir növ keçid prosesi yaşanan
dövrdə yaradıcılığa başladı.
Keçid dövrü yaşayan teatra yeni aktyor və rejissor nəsli
lazım idi. Bu dövrdə ayrı-ayrı teatrlarda Məhərrəm
Haşımov, Mehdi Məmmədov, Tofiq Kazımov, Zəfər
Nemətov kimi rejissorların həmin keçid dövründə
yeni Azərbaycan teatrının yaranmasında böyük rolu
olub. Bu nəsildən olan Tofiq Kazımovun Milli Dram
Teatrının səhnəsində öz zamanı
üçün yeni düşüncə, yeni teatr tərzini
yaratmasını qeyd etmək istərdim. Zaman çox
ağır və çətin idi. Sovet kommunizm quruluşu
azad yaradıcılığa imkan vermirdi. Lakin Tofiq Kazımov
bu zamanda teatr səhnəsinə yeni fikir, yeni
düşüncə gətirdi, bir növ, zamanla mübarizə
aparırdı. C.Məmmədquluzadənin “Ölülər” əsərinin
tamaşası buna misaldır. Bu dövrdə Həsən
Turabov kimi bir aktyor parlamağa başladı. Yeni aktyor nəsli
ortaya çıxdı - Tofiq Kazımovun aktyorları - Həsən
Turabov, Amaliya Pənahova, Şəfiqə Məmmədova, Fuad
Poladov, Səməndər Rzayev, Vəfa Fətullayeva.
Amaliya Pənahova, Bakı Bələdiyyə
Teatrının bədii rəhbəri, Xalq artisti:
-
Görkəmli rejissor professional səhnədə mənə
ilk addım atmağı öyrətdi. İlyas
Əfəndiyevin “Sən həmişə mənimləsən”
pyesi ustad rejissor Tofiq Kazımovun quruluşunda teatr aləmində
bir çevriliş etdi. Mən bir gecənin
içində məşhur oldum. Tofiq
müəllim bu tamaşanı çox sevirdi və hər
tamaşanın sonuna yaxın Nargilənin Həsənzadə
ilə vida səhnəsinə öz lojasından baxanda, onun
gözlərinin yaşardığının şahidi olurdum.
Bu, sevincdəndimi, yoxsa gənc qızın
taleyi üçün acıyan insanın göz
yaşları idimi, deyə bilmərəm. Lakin bu hal hər tamaşada təkrar olunurdu.
Şəfiqə Məmmədova,
Xalq artisti:
- Zaman
kateqoriyası elə mürəkkəb şeydir ki, şəxsən
mənim üçün onun təsirini sadə sözlərlə
ifadə etmək mümkün deyil. Tofiq
Kazımovun zamanla münasibətləri çox mürəkkəb,
təzadlı, ziddiyyətlə dolu, eyni zamanda son dərəcə
məhsuldar idi. Təbii ki, zaman ona təsir
edirdi. Amma bir filosof sənətkar kimi onun
da öz yaradıcılığı ilə Zamana təsiri
danılmazdır. Dediyim bu təsiri mütəxəssislər
daha dəqiq və tutarlı aşkarlayar.
Bütün yaradıcılığımı mən
Ustadım, Müəllimim Tofiq Kazımovun adı ilə
bağlayıram. Onun teatrında işləmək,
onun sevimli aktrisası olmaq mənim üçün
böyük səadət və xoşbəxtlik idi. Böyük fəxrlə özümü “Tofiq
Kazımov məktəbi”nə mənsub olan sənətkar
hesab edirəm.
İsrafil İsrafilov, Akademik Milli
Dram Teatrının direktoru, professor:
- Tofiq
müəllimin rejissor kimi səhnəyə gəlişi elə
bir dövrə təsadüf edir ki, o illəri mədəni-estetik
oyanma dövrü kimi dəyərləndirmək olar. Həmin dövrün salnaməsini yaradan, adları
böyük hərflərlə yazılan görkəmli
simalardan biri də məhz Tofiq Kazımov idi. Öyünməyi xoşlamayan, təbiətindəki
Allah vergisini canı qədər sevdiyi teatr üçün xərcləyən
bu insan, ilk onilliyini yaşadığımız yüzilliyin də
ruh yaddaşında yaşayan, unudulmaz bir sənətkardır.
Vaqif İbrahimoğlu, “YUĞ”
teatrının baş rejissoru, professor:
- Şəxsən mən Tofiq Kazımov adında
fenomenin mədəniyyətimizdəki, mənəviyyatımızdakı
və konkret olaraq, teatr sənətimizdəki rolunu, əhəmiyyətini,
nailiyyətlərini, problemlərini elmi düşüncənin
müstəvisində illərcə təhlil etmişəm.
Odur ki, tam məsuliyyətlə deyə bilərəm
ki, Ustadıma bəslədiyim münasibət kor-koranə pərəstiş
deyil - mən Tofiq Kazımovu milli mədəniyyətimizin sərvəti
kimi dəyərləndirirəm.
Mədəniyyət.-
2011.- 14 yanvar.- S. 9.