Tədris Teatrı: Kiçik səhnədən böyük səhnəyə yol

 

     40 ildən artıqdır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Tədris Teatrı sənət laboratoriyası funksiyasını yerinə yetirir. Böyük səhnəyə vəsiqə alanlar məhz bu teatrının səhnəsində sənətin sirlərini öyrənir, ilk addımlarını məhz bu səhnədə atırlar.

 

   Müsahibimiz Tədris Teatrının direktoru, Mədəniyyət və İncəsənəti Universitetinin dosenti Fikrət Məlikovdur.

     

   - Fikrət müəllim, əvvəlcə Tədris Teatrının yaranma tarixinə nəzər salaq. Necə oldu ki, o dövrdə belə bir teatr yaradıldı?

   - Bu teatrın çox maraqlı tarixçəsi var. Azərbaycanda ilk dəfə 1924-cü ildə teatr texnikumu yaradılıb. Texnikumun yaradılmasında Hacıağa Abbasov, Mirzəağa Əliyev, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli kimi sənətkarların böyük rolu olub. Zaman keçdikcə teatr sənəti inkişaf edib. Böyük Vətən müharibəsindən sonra - 1946-cı ildə isə teatr texnikumunun bazasında Teatr İnstitutu fəaliyyətə başlayıb və bundan sonra Azərbaycan teatrının yeni bir mərhələsi başlayıb.

   İllər sonra Teatr İnstitutunda dərs deyən böyük sənətkarlar - Ağəli Dadaşov, Kazım Ziya, Müxlis Cənizadə, Eyyub Rzayev, Mehdi Məmmədov, Adil İsgəndərov, Tofiq Kazımov, Məhərrəm Haşımov, Azər və Rza Sarabski qardaşları, Məlik Dadaşov, İsmayıl Dağıstanlı və bir çox pedaqoqlar Tədris Teatrının vacibliyi haqqında məsələ qaldırıblar. Nəhayət, 1968-ci ilin noyabrında institutun nəzdində Tədris Teatrı yaradılıb. Böyük səhnə üçün balaca səhnə modelini yaratmaq arzusu böyük sənətkarların və böyük pedaqoqların uzaqgörənliyi sayəsində gerçəkləşib.

   Haşiyə: 1893-cü ildə Bakı milyonçusu, neft maqnatı Ağamusa Nağıyev Bakının mərkəzində iki gözəl bina tikdirir. Bakılılar bu binalardan birini gül, digərini kitab pasajı adlandırırlar. Tədris Teatrı 1968-ci ildə bu binaların qurtaracağındakı ikimərtəbəli binanın ikinci mərtəbəsində fəaliyyətə başlayır. Teatrın 80 nəfərlik tamaşa zalı, zalın girəcəyində kiçik foyesi, eni-uzunu cəmi-cümlətanı 4 metr olan səhnəsi sənətsevərlərin ixtiyarına verilir.

   42 illik tarixində cəmi üç dəfə ünvanını dəyişən teatr hazırda Hüseyn Cavid prospektində yerləşir. Bu gün Tədris Teatrının ikimərtəbəli binası, 300 nəfərlik zalı, geniş səhnəsi var ki, burada istənilən tamaşanı hazırlamaq və nümayiş etdirmək mümkündür.

  

   Kiçik teatrın uğurları

  

   - Bu illər ərzində Tədris Teatrında bir çox uğurlu tamaşalar hazırlanıb. Teatrın tarixində ən yaddaqalan tamaşalar yəqin ki, az olmayıb?

   - Tədris teatrının səhnəsində Mirzə Fətəli Axundovun “Xırs quldurbasan”, “Molla İbrahimxəlil kimyagər”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan”, C.Cabbarlının “Od gəlini”, “Aydın”, “1905-ci ildə”, “Solğun çiçəklər”, C.Məmmədquluzadənin “Ölülər”, Səməd Vurğunun “Vaqif”, Süleyman Rüstəmin “Qaçaq Nəbi”, “Çimnaz xanım yuxudadır”, İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı”, “Büllur sarayda”, J.B.Molyerin “Meşşanın zadəganlığı”, “Kəndçi adaxlı”, “Mizantrop”, V.Şeksprin “Otello”, “On ikici gecə”, N.Dumbadzenin “Unutma, ana” əsərləri, eləcə də onlarca digər müəlliflərin pyesləri tamaşaya qoyulub.

   Bu illər ərzində sənətdə öz sözünü deyən rejissorlardan Böyükağa Kazımov, Fuad və Zəminə Hacıyevlər, Faiq Zöhrabov, Cənnət Səlimova, Vaqif İbrahimoğlu bu kiçik teatrın səhnəsində görkəmli dramaturqların əsərlərini məharətlə səhnələşdiriblər.

   Haşiyə: 1985-ci ildə Bəhram Osmanovun uğurla tamaşaya qoyduğu Q.Qorinin “Herostratı unudun!” faciəsi Akademik Milli Dram Teatrının və Şəfiqə Məmmədova adına Opera Studiyasının səhnəsində nümayiş olunur və hər iki səhnədə uğur qazanır. Kiçik teatrın böyük müvəffəqiyyəti hər kəsi təəccübləndirir.

   1974-cü ildə isə Tədris Teatrına ştat üzrə aktyorlar qəbul olunur. İnstitutu təzəcə bitirmiş gənclərdən Mikayıl Mirzəyev, Rasim Balayev, Zərnigar Atakişiyeva, Həlimə Həsənova ilk addımlarını bu teatrın səhnəsində atırlar.

   - Tədris Teatrını başqa teatrlardan fərqləndirən spesifik xüsusiyyətlər hansılardır?

   - Tədris Teatrının spesifik xüsusiyyəti ondan ibarətdir ki, o yarandığı gündən indiyədək sənət laboratoriyası funksiyasını yerinə yetirir. Sənətə, səhnəyə can atan hər bir gənc ilk addımlarını bu səhnədə atır, bu səhnədə sənətin sirlərinə yiyələnir. Bu gün tanınıb sevilən aktyor və aktrisaların, tanınmış sənətkarların əksəriyyəti ilk addımlarını məhz bu teatrda atıb.

   - Maraqlıdır, müəllimlərlə yanaşı tələbələr də bu tamaşalarda iştirak edirmi?

   - Hər bir sənət müəllimi il ərzində Tədris Teatrında diplom tamaşaları hazırlayır. O cümlədən tələbələr də I, II, III kurslarda müəyyən tamaşalar hazırlasalar da, sonda Tədris Teatrında diplom tamaşaları ilə çıxış edirlər. Tələbələr ilk addımlarını bu sənədə atır, böyük zala öyrəşir, ilk rollarını və ilk işlərini burda nümayiş etdirirlər.

   

   Ənənə bu gün də davam edir

  

   Spesifik xüsusiyyət həm də ondan ibarətdir ki, Tədris Teatrında tez-tez tədbirlər, tələbə festivalları keçirilir, gənc kinorejissorların, operatorların hazırladığı, çəkdiyi işlər nümayiş olunur, diskussiyalar keçirilir. Yaradıcılıq axtarışlarının təkmilləşməsi prosesi burada həyata keçirilir. Universitetin rektoru Timurçin Əfəndiyev teatrımıza xüsusi diqqət və qayğı göstərir. Teatrımızdakı aparatura, işıq effektləri, səhnə ləvazimatları müasir tələblərə cavab verir ki, bu da yüksək səviyyəli mütəxəssislərin hazırlanmasına imkan yaradır.

   Haşiyə: Bu illər ərzində teatra Firdovsi Rəhimov, Fəxrəddin Kazımov, Nəsir Sadıqzadə, Tələt Əkbərov, Məlik Dadaşov, İsrafil İsrafilov, Vaqif Ağayev, Faiq Zöhrabov, Tərxumə Atakişiyeva kimi böyük pedaqoqlar və sənətkarlar rəhbərlik ediblər. Onların başladığı böyük işləri bu gün Fikrət Məlikov uğurla davam etdirir.

  

   Tədris Teatrı böyük səhnənin ilk pilləsidir

  

   - Bugünkü tamaşaçılar daha zövqlü və daha tələbkar tamaşaçılardır. Tədrisdə hansı yeniliklərə üstünlük verilməlidir ki, səhnə, sənət insanları öz cazibəsində saxlaya bilsin?

   - Qeyd edim ki, bu, təkcə bizdə yox, bütün dünyada gedən prosesdir. Bizim əsrimiz informasiya əsridir. Özü də elə informasiya əsridir ki, bir informasiyanı əldə etməmiş o biri informasiya yaranır. Mən müqayisə eləmək istəyirəm: əvvəllər dəb 5 ildən bir dəyişərdi, getdikcə ildən ilə dəyişməyə başladı. Sonra mövsümdən-mövsümə dəyişdi, indi az qala hər gün dəyişir. Biz belə bir dövrdə yaşayırıq.

   Rejissor sənəti də elə bir sənətdir ki, o həyatın nəbzini tutmağı bacarmalıdır, aktuallığı gözləməlidir və zamanı 50 il də olmasa, heç olmasa 20 il qabaqlamalıdır. İndiki dövrdə hər hansı bir dramaturq əsər yazır. Əsər səhnəyə gəlib çatanda artıq mövzu köhnəlir. Ona görə də sənətkarlar dövrün nəbzini tutmağı bacarmalıdırlar. Gələcəyi görmək, duymaq və sənəti yaşatmaq üçün yüksək ixtisaslı mütəxəssislərə həmişə ehtiyac var. Teatr məbəddir, insanda yüksək mənəvi dəyərlər aşılamalıdır. Hər hansı bir tamaşa olursa-olsun onun ideyası, aktuallığı, ali hissləri tamaşaçını təsirləndirməlidir. Müasir tamaşaçı teatra gəlir ki, öz dərdi-sərini, problemlərini unutsun, tamaşa onu ovundura bilsin, təskinlik versin. Tamaşaçı onu həyatda yaşamağa sövq edən bir materiala baxmaq istəyir. Tamaşaçı bunu istəyir. Belə bir vaxtda teatr tamaşaçını ancaq əsl sənət və əsl sənətkarlıqla təəccübləndirə bilər. Tədris Teatrı böyük səhnənin ilk pilləsi kimi bu missiyanı daşıyır.

   - 2010-cu ildə Tədris Teatrının səhnəsində nə qədər işlər nümayiş olunub?

   - Müxtəlif kurs işlərini, diplom tamaşalarını nəzərə alsaq il ərzində 200-250-yə yaxın işlər nümayiş olunur. Teatrımızın bir spesifik xüsusiyyəti də bundan ibarətdir ki, bu səhnədə tanınmış sənət adamlarının yaradıcılıq gecələri keçirilir. Xaricdən gələn sənətkarlar ustad dərsləri keçirlər. Teatrın xoşbəxtliyi həm də ondan ibarətdir ki, respublikanın ən tanınmış rejissorları, teatr, kino aləmində tanınmış operatorlar, rəssamlar, sənətşünas alimlər, kulturoloqlar bizim tələbələrə dərs deyirlər. Nəzəriyə ilə praktika Tədris Teatrında birləşir. Bir ənənə də ondan ibarətdir ki, teatrlar tələbələrin diplom tamaşalarına baxıb perspektivli, istedadlı tələbələri teatrlarına cəlb edirlər.

   Qarşımıza məqsəd qoymuşuq ki, gələcəkdə beynəlxalq tələbə festivalları keçirək.

   Bayaqkı fikrimə bir daha qayıdaraq qeyd etmək istəyirəm ki, Tədris Teatrı bir növ universitetin laboratoriyasıdır. Bu laboratoriya sənətimizin, səhnəmizin gələcəyi naminə fasiləsiz işləyir və həmişə də belə olacaq.

  

   Təranə Vahid

 

    Mədəniyyət.- 2011.-14 yanvar.- S. 7.