“Mədəniyyət
sahəsində hər şeyi qanunla tənzimləmək
çətindir”
Nizami Cəfərov: “Amma elə məsələlər
var ki, onların qanunda təfsiri mükəmməl
olmalıdır”
Müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin
sədri, professor Nizami Cəfərovdur.
-
Nizami müəllim, söhbətə bir qədər ümumi
sualla başlamaq istərdik. Son illər ölkəmizin mədəni
həyatında baş verən prosesləri necə qiymətləndirirsiniz?
Ölkəmizin mədəni mənzərəsini necə
görürsünüz?
- Bu gün ölkəmizin həyatının
bütün sahələrində inkişaf, yenilənmə,
canlanma göz qabağındadır. Hər il mədəniyyət
sahəsinə dövlət tərəfindən böyük məbləğdə
maliyyə vəsaiti ayrılır. Mədəniyyətin
müxtəlif sahələrində beynəlxalq səviyyəli
layihələr, böyük tədbirlər keçirilir. Məsələn, 2009-cu ildə muğam sənətinin
təbliği ilə bağlı nə qədər
böyük işlər görülmüşdüsə,
2010-cu ildə bir o qədər aşıq sənəti diqqət
mərkəzində oldu, I Beynəlxalq Aşıq Festivalı
keçirildi. İl ərzində dövlət teatr
binalarının təmirini davam etdirdi, teatrların fəaliyyəti
canlandı, Bakıda ilk dəfə Beynəlxalq Teatr
Konfransı gerçəkləşdi. Bu sahədə işlər
bu il də davam edəcək. Digər sahələrə gəlincə,
il ərzində ölkə səviyyəsində çoxlu sərgilər
keçirildi. Bir sıra ölkələrdə keçirilən
Azərbaycan Mədəniyyəti Günləri xüsusilə
qeyd olunmalıdır. Bir sözlə, il ərzində Azərbaycan
mədəniyyətinin dünyada, dünya mədəniyyətinin
isə Azərbaycanda təbliği prosesi uğurla davam edib. Bu
proses ölkəmizin dünyada tanınması, Azərbaycanın
dünyaya inteqrasiyası və Azərbaycan insanının mənəvi-mədəni
inkişafı üçün çox əhəmiyyətli
məsələlərdir. Biz həm maddi, həm də mənəvi
mədəniyyət sahəsində böyük işlərin,
hətta deyərdim inqilabi işlərin görülməsinin
şahidiyik. Parlamentin Mədəniyyət Komitəsi olaraq
çalışmalıyıq ki, bu işlərin qanunvericilik
miqyasını daha da yüksəldək. Bu sahədə
işlərimizi davam etdiririk. O cümlədən Mədəniyyət
və Turizm Nazirliyi ilə birlikdə «Mədəniyyət
haqqında» qanunun yenilənməsi üzərində işləyirik.
-
Yeri gəlmişkən, bu iş nə yerdədir? Qəbul
olunacaq qanun layihəsində hansı yeniliklər əksini
tapacaq?
- Biz istəyirik ki, bu qanun Mədəniyyət
və Turizm Nazirliyinin mütəxəssisləri ilə birlikdə
hərtərəfli işlənərək qəbul olunsun.
Onsuz da hələlik mövcud qanun işləyir və bu sahədə
çox tələsməyə gərək yoxdur. Amma elə
məsələlər var ki, onların qanunda təfsiri
mükəmməl olmalıdır. Məsələn, deyək
ki, bu gün prodüser institutuna böyük ehtiyac var və
bu məsələ qanunla tənzimlənməlidir. Biz
dünyanın müxtəlif ölkələrinin
qanunlarının təcrübəsini nəzərə alaraq
orada mükəmməl bir «prodüser» anlayışı verə
bilərik. Amma bu reallığa uyğun olmaya bilər. Odur ki,
bizim bu cəhətdən Mədəniyyət və Turizm
Nazirliyinin mütəxəssislərinin tövsiyələrinə
böyük ehtiyacımız var. Yəqin ki, bu
yaxınlarda biz bir yerdə görüşəcəyik və
həmin məsələləri dəqiqliyi ilə qanunda təqdim
etməyə çalışacağıq. Ən
mühüm məsələlərdən biri yaradıcı təşkilatların
maliyyələşməsi məsələsidir. Bu sahədə
qanunvericilik bazası demək olar ki, yoxdur. Yaxud deyək ki, gələcəkdə
də çoxlu yaradıcılıq ittifaqları yarana bilər.
Bu ittifaqların hər biri yarananda onların maliyyələşmə
mexanizmi olmalıdır. Bu məsələ çox
böyük mübahisə törədir. Ona görə də
bu məsələlər təhlil olunmalı və burda
ağıllı bir miqyas götürülməlidir. Beləliklə,
müxtəlif detalları diqqətdən keçirəndə,
«Mədəniyyət haqqında» qanunun demək olar ki, yenidən
yazılması zərurəti ortaya çıxır. Hesab
edirəm ki, «Mədəniyyət haqqında» qanun üzərində
işimiz bu il olmasa da, gələn il başa çatacaq.
-
Amma nədənsə Mədəniyyət Komitəsi ötən
il parlamentin müzakirəsinə heç
bir qanun layihəsi təqdim etmədi...
-
Ortaya konkret olaraq qanun layihəsi çıxarılmayıbsa,
bu o demək deyil ki, bizim komitədə iş getmir. Mədəniyyət
Komitəsində müzakirə olunan məsələlər
soyadlardan başlamış yaradıcı təşkilatlar və
yaradıcı şəxslər məsələsinədək
geniş spektri əhatə edir. Məsələn,
yaradıcı şəxslər var ki, onlar heç bir
ittifaqın üzvü deyillər. Amma Azərbaycan
mədəniyyəti, incəsənətinin inkişafı
üçün böyük işlər görürlər.
Çünki incəsənət elə bir sahədir ki, burda
bəzən qurum yox, bir şəxs böyük fəaliyyət
göstərir. Ona görə də, belə
yaradıcı şəxslərin dövlət tərəfindən
müdafiəsi olmalıdır.
Bundan əlavə, Mədəniyyət
Komitəsinin özünəməxsus cəhətləri var.
Mədəniyyət, incəsənət o qədər
geniş mənəvi bir sahədir ki, burda hər münasibəti
qanuniləşdirmək mümkün deyil. Burada şəxsiyyət
faktoru, mənəvi amillər mövcuddur. Ona
görə də Mədəniyyət Komitəsinin bir işi
də əslində, cəmiyyətdə incəsənətlə,
mədəniyyətlə bağlı gedən proseslərə,
xüsusilə mətbuatda gedən proseslərə maraq
göstərmək və o müzakirələrdə iştirak
etməkdir. Mədəniyyət Komitəsinin üzvləri
olaraq buna daha çox çalışırıq.
Çünki elə məsələlər var ki, orada
tövsiyə rol oynayır. Məsələn, deyək ki, bu
gün bizim televiziya və radiolarımızda şou xarakterli
verilişlərlə bağlı məsələlər diqqətimizdədir.
Bu sahə ilə bağlı dəfələrlə öz
fikirlərimizi demişik.
- Yeri gəlmişkən, bu
gün telekanallarda şou-biznes xarakterli bir sıra verilişlər
ictimai narazılıq, giley doğurur, onların milli-mənəvi
dəyərlərə zidd məqamları vurğulanır.
Bunun qarşısını necə almaq mümkündür?
Burada da ictimai qınaq lazımdır, yoxsa qanunvericilik?
- Şou-biznes elə bir hadisədir
ki, onun qarşısını almaq, qadağalar qoymaq
özünü doğrultmur. Amma bununla yanaşı
şoularda peşəkarlığın
artırılmasına, bayağılığın aradan
qaldırılmasına ehtiyac var. Onu da deyə bilərəm
ki, bu gün Azərbaycan televiziya və radiolarında şou
verilişlərinin keyfiyyəti 10 il bundan əvvəlki kimi
deyil. İrəliləyiş, janr rəngarəngliyi var,
keyfiyyət, peşəkarlıq artıb. Bununla yanaşı
yenə nöqsanlar mövcuddur. Teleradio Şurası bu
yaxınlarda məsələ ilə bağlı televiziya və
radiolara müraciət etdi. Ondan əvvəl
hörmətli mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev bu barədə fikirlərini bildirmiş, televiziya və
radio rəhbərlərini bu məsələni xüsusi diqqətdə
saxlamağa çağırmışdı. Yəni
bütün bunlar onu göstərir ki, mədəniyyətlə
bağlı məsələlərdə
bir xeyli məqamlar var ki, onlar müzakirə və
görüşlər, beynəlxalq standartlara uyğun tələblər,
milli dəyərlərimizə uyğun şəkildə həll
olunmalıdır. Çünki bunu sadəcə qanunla tənzimləmək
çox çətindir. Cəmiyyətin özü də
buna hazırlanmalıdır. Hazırlıq səviyyəsi
yüksək olmayan auditoriyada bu məsələləri
müzakirə etmək olmur. Təsəvvür edin ki, bu
gün elə bayağı şou xarakterli verilişlər var
ki, onlara geniş tamaşaçı auditoriyası baxır. Gəncliyin
mənəvi tərbiyəsi sahəsində isə televiziya və
radiolarımız az iş görürlər, uşaq
verilişlərimiz azdır. Bütün bunlar qanunla tənzimlənəcək
və ya qanunla onun inkişafına təsir göstəriləcək
məsələ deyil. Yenə müzakirələr, təkliflər,
tövsiyələr rol oynamalıdır. Elə məsələlər
var, orada söz deyəcəyik, elə məsələlər
var qanun halına salacağıq. İndi Azərbaycan mədəniyyətinin
və incəsənətinin inkişafı üçün
geniş şərait mövcuddur. Düşünürəm
ki, təşkilatçılıq işinə böyük
ehtiyac var. Artıq imkanlarımız var ki,
uşaqlarımızı, gəncliyimizi kütləvi şəkildə
mədəniyyətə, incəsənətə cəlb edək
ki, gələcəkdə bayağı sənətin
ardınca getməsinlər.
Televiziya və radio ictimai həyatımızın
ən mühüm tərkib hissəsidir. Ona görə də,
bu sahənin inkişafına xüsusi diqqət vermək
lazımdır. Bu gün ictimai müzakirədən kənar
heç nə yoxdur. Hətta insanların şəxsi həyatı
da ictimai müzakirənin obyektidir. Bu cür müzakirələrin
fəal getdiyi yer televiziya və radiodur. Ona görə də
televiziya və radio münsifliyinin mükəmməl
olmasına ehtiyac var. Amma nəticə düzgün
çıxarılmalıdır. Əgər düzgün
çıxarılmırsa, dırnaqarası demokratiyanın əhəmiyyəti
yoxdur. Gərək nəticə və təhlillər kifayət
qədər obyektiv olsun.
- Mədəniyyət Komitəsində müzakirə
olunan məsələlərdən biri də soyadlarla
bağlıdır. Bu günlərdə
Milli Elmlər Akademiyasının Terminologiya
Komissiyasının nəzdində adlar və soyadlar üzrə
komissiya Azərbaycan soyadlarının yeni seçim sisteminin təsdiq
edilməsi haqqında qərar verib. Bununla bağlı fikirlərinizi
bilmək maraqlı olardı?
- Adlar və soyadlarla bağı cəmiyyətdə
neçə illərdir ki, müzakirələr gedir. Bunu nəzərə alaraq Milli Elmlər
Akademiyasında adlar və soyadlar üzrə xüsusi komissiya
yaradıldı. Bu komissiya artıq bir ildən çoxdur
işləyir. Ötən əsrin 20-30-cu illərində
kütləvi şəkildə azərbaycanlılara
qarşı bir repressiyanın nəticəsi olaraq «ov», «yev»
soyad formalarını qəbul elətdiriblər. Biz əlbəttə,
bununla ya razılaşmalıyıq ki, bu repressiyanı
tanıyırıq, ya da bunun nəticələrini aradan
qaldırmalıyıq. Artıq müstəqilliyimizin 20-ci
ilidir, buna baxmayaraq əhalinin 80 faizində «ov», «yev» soyad
formaları qalıb. Seçim sisteminin qanuniləşdirilməsinə
gəlincə, düşünürəm ki, bu
özünün hüquqi təfsirini tapmalıdır.
Çünki bizim VAAQ orqanlarında bu qanun boşluğu ilə
əlaqədar olaraq müəyyən maneələr
yaradılır. Ona görə də, biz nəzərdə
tutduq ki, qanun qəbul edildikdən sonra bu, yeni doğulan
körpələr üçün məcbur olsun. Amma
yaşlı nəsil üçün müəyyən qədər
prosedur asanlaşdırılsın. Məsələnin çətinliyi
əlbəttə, var. Yəni Azərbaycanda soyad formaları həmişə
müxtəlif olub. Ona görə də biz bu müxtəlifliyi
nəzərə alıb, müxtəlif variantlar təqdim
etmişik.
Azərbaycan Milli Elmlər
Akademiyasının nəzdindəki adlar və soyadlarla
bağlı xüsusi komissiyanın soyad sonluqları
haqqında qərarı hələlik tövsiyə xarakteri
daşıyır, bir növ akademik qərardır. Ona görə
də AMEA-nın qərarında azərbaycanlıların
soyad forması kimi müxtəlif variantlar təqdim olunub.
Bununla bağlı Ədliyyə Nazirliyində, Prezident
Administrasiyasında və Milli Məclisdə məsələnin
hüquqi həlli üzərində mütəxəssislər
işləyəcək. Soyad sonluqları haqqında qanun qəbul
oluna və ya ölkə prezidenti bu barədə sərəncam
verə bilər.
- Bəs siz özünüz necə,
soyadınızı dəyişməyi
planlaşdırırsınızmı?
- Mən hələ 20-25 il bundan əvvəl
də soyadımı dəyişmək fikrinə
düşmüşəm və soyadımı müxtəlif
formalarda - Nizami Cəfərli, Nizami Cəfər də
yazmışam. Lakin hər dəfə bu məsələni rəsmiləşdirmək
məsələsi ortaya çıxanda, toplanacaq sənədlərə
görə, məni tənbəllik basır. Ona görə də
gözləyəcəyik ki, müvafiq qanun və ya sərəncam
qəbul olunsun. O halda əlbəttə mən də
soyadımı dəyişəcəyəm. Həm də istəyirəm
ki, bu təkcə «mən soyadımı dəyişdim» kimi
bir addım olmasın. Xalqım necədirsə, mən də
elə olum. Bu işlərin təşkilatçılarından
biri də mənəm. Amma nə zaman qanun qəbul olunsa, onda
bu işin tərkib hissəsi olaram. Yəqin ki, şəkilçisiz
formanı qəbul edəcəyəm.
Mehparə
Mədəniyyət.- 2011.- 14
yanvar.- S. 5.