Sənətkar
əllərinin hərarəti
“Nəfsinə
əsir olan birisi ağac görəndə təsəvvürünə
ət taxtası, toxmaq gəlir. Başqa birisi isə
taxtanın cizgilərini metafizik aləmə gedən
cığır kimi görür”
Xəttatlıq
sənəti təşəkkül tapdığı orta əsrlərdə
yüksək savad, bilik dərəcəsi hesab edilirdi. Ona
görə də bu sənətdə şöhrət qazanmaq
olduqca çətin idi. Xəttatlar tarixən kitab üzü
köçürər, memarlıq abidələri, binalar və
məzar daşları üçün yazı qəlibləri
hazırlayardılar. Bu sənət əsrlərdən
keçərək bu günümüzə gəlib
çıxıb. Xəttatlıq sənətini yaşadan, bu
sənətin mahir bilicilərindən biri də Milli Elmlər
Akademiyası Əlyazmalar İnstitutunun əməkdaşı
xəttat Seyfəddin Mənsimoğludur.
Seyfəddin Mənsimoğlu (Məhəmmədvəliyev)
1936-cı ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı
kəndində anadan olub. 1960-cı ildə Ə.Əzimzadə
adına Rəssamlıq Məktəbini, 1975-ci ildə İncəsənət
İnstitutunu (indiki Mədəniyyət və İncəsənət
Universiteti) bitirib. 1964-cü ildən Milli Elmlər
Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunda işləyir. Bu illər ərzində muzeyləri
bəzəyəcək sənət əsərləri
yaradıb. “Soltan Məhəmməd”, “Rəhil” adlı əsərləri
Berlindəki İslam Mədəniyyəti Muzeyinin
ekspozisiyasında saxlanılır. Əlyazmalar İnstitutunun
ekspozisiyasında klassik şair və
yazıçılarımıza həsr olunmuş işləri
nümayiş etdirilir. 2007-ci ildə Səudiyyə Ərəbistanında
keçirilən Azərbaycan Mədəniyyəti Günləri
çərçivəsində təşkil olunan sərgidə
əsərləri böyük maraq doğurub.
Haqqında onlarla məqalə
yazılıb, televiziya və radioda verilişlər
hazırlanıb, “İki ömür” adlı televiziya filmi
çəkilib.
Sənətkar keçdiyi
ömür yoluna belə nəzər salır:
- Hər kəsin bir ömür, tale payı var.
Ömrün qısa və ya uzun olması əhəmiyyət
kəsb etmir. Çünki insan layiq olduğu kimi
yaşadıqda ömrü mənalı olur. Mənalı
ömür isə düşüncə ilə
bağlıdır. Nəfsinə əsir olan birisi ağac
görəndə təsəvvürünə ət
taxtası, toxmaq gəlir. Başqa birisi isə taxtanın
cizgilərini metafizik aləmə gedən cığır kimi
görür...
Hər kəsin canında görmək,
götürmək və yaratmaq hissi var. Bunun üçün
zaman, məkan və şərait lazımdır. Rəssamlıq
Məktəbini, İncəsənət İnstitutunu bitirdim,
amma təhsil aldığım ixtisaslar üzrə
çalışmadım. Taleyin qismətinə bax, quru
ağac parçalarında gördüyüm işlər
üçün yarandığıma sevindim.
- Bu sahədə sizə heç
istiqamət verən, yol göstərəniniz olubmu?
- Xeyr! Yeganə müəllimim qədim
əlyazmalardır. Əmək və zəhmət məni bu sənətin
vurğununa çevirdi. Gördüyüm işlərin
cığırı da, yolu da özümündür. Bir
gün Türkiyədə çap olunmuş "Rəsmli
türk ədəbiyyatı tarixi" kitabına
baxırdım. Kitabda üç formada bədii xətlə
yazılmış Quran ayələrinə rast gəldim. Bu
yazı mənim taleyimi həll etdi. Ömrümün 48-ci
ilində ilk dəfə "Allah hər şeydən xəbərdardır"
mübarək kəlamını ağac üzərinə
köçürdüm.
- Xəttatlıq ağır zehni əmək
və əl işi olsa da, məncə, daha çox zövq və
təxəyyüllə bağlıdır. Azərbaycanda tarixən
bu sənətlə məşğul olan çox olub...
- Mədəniyyət tariximiz
müxtəlif sənət nümunələri ilə zəngindir.
Çünki xalqımız çox dahilər yetirib.
Onların hər birinin özündən sonra qoyub getdiyi irs kitablarda
və yaddaşlarda yaşayır. Bizdən də bu dünyaya
nişanə qalacaq iz payı var. Mənə elə gəlir
ki, mükəmməl sənət sahiblərinin qəlbi, təxəyyülü
cəmiyyətlə, keçmişlə bağlı deyilsə,
onun yaradıcılığı ötəridir.
Özümü ustadlarımıza borclu sayıram.
Yaradıcılığımın hər bir vergül və
nöqtəsində vətəndaşlıq borcumu ödəməyə
çalışıram. Onu da deyim ki, kökü sənət
tariximizin dərin qatlarına gedib çıxan xəttatlığın
müasir düzümü yeni tərzdə, ağac üzərində
meydana çıxıb. Xəttatlıq tariximizdə
ömrünü ağacişləmə sənətinə həsr
etmiş usta Hacı Əhməd oğlunu (XIV əsr, Təbriz),
usta Babanı (XVIII əsr, Bakı), usta Abuzər Bədəlovu
(XVIII - XIX əsrlər, Şahbuz), usta Əhmədi (XIX əsr,
Lənkəran), usta Məhəmmədi (XIX əsr, Gəncə)
və s. onlarla sənətkarı misal göstərmək
olar. Bu gün də bədii ağacişləmə sənətinin
ənənələrini respublikanın bir çox şəhər
və rayonlarında yaşadan ustalar var.
- Sənətdə ilk uğurunuz
sizdə hansı hiss və duyğular oyatdı?
- İlk uğur məndə daha
çox öyrənmək hissi oyatdı və
axtarışlara səslədi. Ona görə də Azərbaycanın
dekorativ-tətbiqi sənət örnəkləri, Şərq
xəttatlıq nümunələri, daş Səbail kitabələri
ilə tanış oldum. Ardınca isə Xaqani Şirvani,
Soltan Məhəmməd, Məhəmməd Füzuli, Nizami Gəncəvi,
Hüseyn Cavid, Aşıq Qurbani, Üzeyir Hacıbəyli və
s. dühalara həsr olunmuş əsərlər yaratdım.
Ağac üzərindəki bu yazıların kağız
variantının yaranmasında xəttat Müzafəddin Əzizov
yardımçım oldu. Müəyyən vaxt ərzində
bir çox ağac növlərini təcrübədən
keçirmişəm. Əsasən fıstıq və qoz
ağacları üzərində işləyirəm. Dahi
şairimiz Məhəmməd Füzuliyə formaca bir-birindən
fərqli beş əsər həsr etmişəm.
Böyük miniatürçü Soltan Məhəmmədə
həsr etdiyim əsər də çox maraqlı və
uğurlu alındı. Bu əsər Almaniyanın Berlin şəhərindəki
İslam Mədəniyyəti Muzeyinin Azərbaycan bölməsində
saxlanılır.
Sənət taleyimdən
razıyam. Yaradıcılığım həmişə diqqət
çəkib. Mütəxəssislər yüksək dəyər
verib. Məlumdur ki, Azərbaycan mənəviyyatını onun
sənətkarları yaşadır. Bu işdə damla qədər
də olsa payım olduğunu təsəvvür edəndə
qürur hissi keçirirəm. Bu vaxtacan bir çox ölkələrdə
oldum. Müxtəlif səviyyəli, dünya
görüşlü insanlarla qarşılaşdım.
- Adətən sənətkarlar
özlərindən sonra sənətinin
davamçılarını yetişdirirlər.
Övladlarınızdan bu sənəti davam etdirən
varmı?
- Respublikamızda ağac üzərində
oyma işi üçün yaxşı şərait var.
İmkanlı adamlar təzə ev tikdirirlər.
Qapıların, yataq əşyalarının
hamısını yaxşı ustalara işlədirlər. Bu
yaxşı haldır, amma sənətə çevriləcək
işlər çox azdır. Bütün dövrlərdə
görülən sənət işlərinin ustaları olub.
Bu ustalar gördükləri işlərlə yanaşı,
özlərindən sonra mükəmməl
davamçılarını da yetişdiriblər. Mən də
bu sahədə ustalar yetişdirmişəm. Bunun
üçün çox şadam. Böyük oğlum Fəxrəddin
rəssamdır, miniatür əsərlər çəkir.
Ondan kiçik oğlum Firudin isə ağacişləmə
işi ilə məşğuldur. Digər tələbələrimdən
Yadulla Fərhadov, Rövşən Vəliyev, Samir Quliyev və
s. ustaların işləri məni çox sevindirir. Bu sənəti
sevənlərə və mənə müraciət etmək
istəyənlərə həmişə qapım
açıqdır... Bildiklərimi hər kəsə öyrətməyi
özümə vətəndaşlıq borcu hesab edirəm...
Söhbəti qələmə aldı:
Savalan
Fərəcov
Mədəniyyət.-
2011.- 19 yanvar.- S. 15.