Vətənə bənd
Mədinə Gülgün
«Bu elə-obaya qaranquş kimi –
Həmişə baharda gələcəyəm mən...»
Qəribədir, Mədinə Gülgün
daha çox, baharda xatırlanan şairlərdəndir. O, ahıl
yaşlarında da daha çox bahardan, yazdan yazırdı. Yaşıdları, müasirləri onu daha çox
yaz aylarında görərdilər. Ən
çox da sərgi salonlarında, muzeylərdə, sənətkarların
yubiley törənlərində
görünərdi - obrazlarıyla
bir dam altda yaylayıb-qışlayan bu
şair xanım. Özü qışda doğulsa da, tikəsi bahardan verilmişdi.
... Yəqin, bir az şairanə
təhqiqatla baxsaq, son
on səkkiz ilin baharlarında da onun ruhunu yan-yörəmizdə
- sərgi salonlarında,
muzeylərdə, yubiley
törənlərində görmüş
olardıq. Qələm
dünyası isə...
... Hələ tale qələmi
Hə, bu gözəl şairin öz qələmindən öncə,
bir az tale qələmindən danışaq.
Bakıda doğulub Bakıda dəfn olunsa da, bu şairin
«coğrafi pasport»una çox şəhər və qəsəbələrin
adı düşüb.
Olumu 17 yanvar 1926, ölümü 17 fevral
1992.
Sovetlərin «gözünün işığı»
sinfində - fəhlə
ailəsində doğulsa
da, öz iç işığı
ilə ziyalanıb, hələ Pedaqoji İnstitutdan əvvəl,
zaman «müəllim»in
həyat auditoriyasında
püxtələşib, ziyalılaşıb.
Dünyəvi «səbəb-nəticə»
fəlsəfəsinə «sığışmayan»
həmin sovet səfsəfəsinin hansı
paraqrafınasa əsasən,
1938-ci ildə bu ailə Cənubi Azərbaycana - Ərdəbilə,
sonra isə oradan Təbrizə köçüb. Yeniyetmə
Mədinə Təbrizdə
toxuculuq karxanasında
ilk əmək fəaliyyətinə
başlayıb. Gənc
yaşından Cənubi
Azərbaycan demokratik hərəkatına qoşulub.
Bir qədər sonra Təbriz Dram Teatrında çalışıb.
«Azərbaycan» qəzetinin
xüsusi müxbiri olub. 1945-1946-cı illər
Cənubi Azərbaycan
Milli Azadlıq Hərəkatının fəal
iştirakçısı olub
və sonralar mübariz, vətənpərvər
şeirlərilə bütün
ömrü uzunu bu inqilabın carçısı kimi çıxış edib.
Bu Vətən - o Vətən,
bu yurd - o yurd...
Parçalanmış
bu Vətəndən
o Vətənə ailəsi
köçüb, özü
köçüb - gözü,
söhbəti-sözü isə
burada qalıb Mədinə Gülgünün.
Köç zamanı
nə yaşı vardı hələ - vur-tut, on ikicə.
Və bir gecə xəyalından
Bakı keçir, özü də necə keçir! Könlü «Qız qalası»na köçür.
Ürəyinin nisgil bağları dağlanır,
qulaqlarında «Xəzərin
qucağındakı - ey
əziz, mehriban Bakı!» kimi nəğmələr sədalanır.
Bayır şəhərin
ağuşundakı inci
- İçərişəhər həsrəti qubarlanır
qanının qaynamalarında.
Bu yeni yurdda, yeniyetmə yaşında
«bir ölməz sevda dolanır başında». Dünənədək
bu dünyaya uşaq-uşaq, küskün-küskün
baxan bu qız o gecədən gülgünləşib, misra-misra
düşünməyə başlayır. Gecəyarı
yatağından Dədə
Qorqud üslubuyla uru durur, pəncərədən
Məhsətinin rübabıyla
- duru baxır. Göy üzündə gördüyünə bu ana qədərki anlağının tələbilə
daha Ay yox, ustad Vurğun təbi ilə - «göylərin şamı»
söyləyir. Düşdükləri
bu kasıb daxmanın taybatay açılı pəncərəsini
- tilişkəli, kələkötür
Təbriz aynasını
Bakıdakı sığal-ovallı
aynalarına dadaş sayır, bağçadakı
meynələri Mərdəkan
bağlarındakının eyni bilir. Bu duyğulardan, sonralar yazacağı bir həsrət şeirinə
tədarük edir:
Biz ki özgə deyilik -
Bölünək
bölük-bölük.
Bir obayıq, bir elik -
Bakıdan Təbrizəcən.
Vüsal olsa, nə dərdim,
Quşlarla bəhs edərdim,
Mən piyada gedərdim -
Bakıdan Təbrizəcən...
Vətən vətənsevərləri
sevər...
Mədinə Gülgün yaradıcılığı
ilə tanış olduqca, vətənpərvərliyin
bizə tanış hər elementini görə, hər notunu eşidə bilərik.
Bu qos-qoca məmləkətin ağbirçək
ana-şairi idi Mədinə Gülgün
- milli şadlıqlarımıza
ədəbi sağlıqlar,
qəm-kədərlərimizə bədii ağılar deyərdi. 20 Yanvar acısı onun misralarında daha ərşə qalxır, daha uzaqlara yayılırdı.
Onun kitabları çoxdur. Özü də yalnız qalın deyil, qalan kitablardır
bunlar. 1950-ci ildən başlayıb, ömrünün
sonuna qədər 20-dən
çox kitab bağladı Mədinə
Gülgün. Vətənə
xidmət və sevgi mücahidi olan bu zərif
xanım üç dəfə Vətənin Fəxri fərmanı, «Şərəf Nişanı»,
«Əmək veteranı»
və digər orden-medallarla təltif edildi. Kitablarının birindən verdiyimiz aşağıdakı iki
bənd bu Vətənəbənd şairin
bütün kitabları
haqda kommentatorluq da edə bilər,
zənnimizcə:
Mənə söyləməyin; az alışıb-yan,
İnanın, daşı da ağladar hicran.
Dağların
ahıdır - o çən,
o duman,
Dağların
dərdini dumanlar bilər.
Məni sorğulara tutma sən, əbəs,
Arzumu qəlbimdə, baxışımda
gəz.
Könlümü
hər naşı oxuya bilməz -
Onu dünya görmüş insanlar bilər!
Deyirlər, şairlərin yazmadıqları
yazdıqlarından qat-qat
çoxdur. Yalandırsa
da, çox gözəl, istedadlı yalandır. Və təəssüf ki, belə xoş yalanlar az deyilib
- bütün ömrü
boyu dünyamız haqda bəs qədər yazan, deyən şairlər barədə...
T.Abbaslı
Mədəniyyət.-
2011.- 19 yanvar.- S. 14.