Azərbaycan-Amerika
Mədəniyyət Mərkəzi
yeni layihələr həyata keçirir
Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması, zəngin mədəni dəyərlərimizin
təbliği xaricdəki diaspor təşkilatlarımızın
əsas fəaliyyət hədəflərindəndir. Belə təşkilatlardan
biri də Hyustondakı (Texas ştatı) Azərbaycan-Amerika Mədəniyyət
Mərkəzidir. Mərkəzin sədri İsmayıl Əhmədovla
bu günlərdə Bakıya səfəri zamanı
görüşüb təşkilatın fəaliyyəti və
həyata keçirdikləri layihələr barədə
qısa söhbət etdik.
Həmsöhbətim bildirdi ki,
2009-cu ilin martında yaradılan Azərbaycan-Amerika Mədəniyyət
Mərkəzinin əsas fəaliyyət istiqaməti ölkəmizin
rəngarəng incəsənətini, mədəni irsimizi
amerikalılara çatdırmaqdır: «İndiyədək bir
sıra layihələr, bayram proqramları həyata keçirmişik.
Təsviri sənətimizi, rəssamlarımızın əsərlərini,
milli musiqi nümunələrini festivallarda və konsert
proqramlarında təqdim etməyə
çalışırıq». Mərkəzin Hyuston-Bakı
Qardaş Şəhərlər Assosiasiyası ilə də
sıx əlaqələri var: “Hyustonda fəaliyyət göstərən
iki Azərbaycan diaspor təşkilatı olaraq bir neçə
dəfə birgə layihələr həyata
keçirmişik. Bu cür layihələr diaspor təşkilatlarımızın
həmrəy və birgə olduğunu əyani olaraq göstərir».
Mərkəzin fondunda Azərbaycan
mədəniyyətinə dair əyani vəsaitlər, nəşrlər
toplanıb: “Hər dəfə Bakıya səfərimdən
sonra Hyustona çoxlu kitablar və digər əyani vəsaitlər
aparmağa çalışıram. Bu xüsusda ingilis dilində
daha çox kitablara, buklet və broşürlərə
ehtiyac var. Məsələn, Hyustonda festival keçirildi.
Festivala müxtəlif ölkələrdən minlərlə
insan gəlmişdi. Biz onlara Azərbaycan və milli mədəniyyətimizlə
bağlı özümüzün
hazırladığımız kitabçaları payladıq. Bundan
əlavə, milli bayramlarımız, tarixi günlərlə
bağlı tədbirlər təşkil edirik. 20 Yanvar faciəsinin
ildönümünü də müxtəlif tədbirlərlə
qeyd edirik. Azərbaycan-Amerika Mədəniyyət Mərkəzinin
www.aacalliance.com ünvanlı elektron saytı da var. Sayt imkan
verir ki, gerçəkləşdirdiyimiz tədbirlər
haqqında məlumatları virtual olaraq geniş ictimaiyyətə
çatdıraq».
İ.Əhmədov Azərbaycan-Amerika
Mədəniyyət Mərkəzi olaraq ABŞ-da yeni bir mədəniyyət
təsisatı yaratmaq istədiklərini də dedi: “Belə
bir qurum Texas ştatında və ona yaxın olan ştatlarda
yaşayan azərbaycanlıları ümumi proqramlarda bir yerə
toplamağa imkan verəcək. Bu baxımdan Hyustonda təhsil
alan tələbələrimizin də üzərinə
böyük bir vəzifə düşür. Onlar ali təhsil
almaqla yanaşı, Azərbaycanın təbliği ilə də
məşğul olmalıdırlar. Bu məqsədlə
tez-tez orada təhsil alan azərbaycanlı tələbələrlə
görüşürəm. Keçirdiyimiz tədbirlər sahəsində
çalışacağıq ki, Amerikada Azərbaycanı daha
geniş auditoriya tanısın».
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 19 yanvar.- S. 15.