20
Yanvar həyatın güzgüsündə
Ədəbiyyat
həyatın güzgüsüdür. O güzgüyə diqqətlə
baxsaq xalqımızın keçmişini, xoşbəxt
çağlarını, başına gələn faciələri
aydınca görərik.
Bu mənada yaxın tariximizin - 20
Yanvar faciəsinin qan izləri, göz yaşları ədəbiyyatımızda
hələ qurumayıb. O qanlı gecənin ilk harayı, ilk əks-sədası
isə ədəbiyyatımızın həssas qanadında -
poeziyada əksini tapdı. Şəhidlərimiz hələ
torpağa tapşırılmamış Xalq şairi Qabilin
ürəyinin qanı ilə yazdığı “Mərsiyə”si
ədəbiyyatımızı təlatümə gətirdi. Şairin
ürəkparçalayan misraları xalqın dərdinə, kədərinə,
əhval-ruhiyyəsinə qarışdı.
Öldü gənc, öldü
uşaq,
öldü gəlin-qızlarımız,
Ölmədi, şəhid oldu
neçə yüzlərimiz,
Bu Kərbəla düzləridir,
düzlərimiz,
Necə qan ağlamasın
üzlərimiz, gözlərimiz?!
Gecəni atəş ilə
qırmızı qan eylədilər.
Xalqımı, millətimi gülləbaran
eylədilər.
Qabilin harayına Məmməd Aslan
“Ağla, qərənfil, ağla” şeri ilə qoşuldu. Vaxtında
və zamanında yazılmış bu şeir qərənfilin
obrazını, ədəbiyyatımıza gətirib heykəlləşdirdi.
Qərənfil - şəhid
qanı,
Ağla, qərənfil, ağla.
Ağla, inlət meydanı,
Ağla, qərənfil ağla.
Xalq şairi Bəxtiyar Vahabzadənin
dörd aya yazdığı “Şəhidlər” poeması isə
20 Yanvar müsibətini dastanlaşdırdı. Xalqımızın,
millətimizin başına gətirilən qanlı faciənin
geniş mənzərəsini, tablosunu ədəbiyyatımızda
əbədiləşdirdi.
Qatil gülləsinə qurban gedərkən
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı
öz qanlarıyla
Vətən göylərinə
çəkdi şəhidlər.
O ağır, o qanlı günlərdə
Nəbi Xəzri, Cabir Novruz, Xəlil Rza Ulutürk, Məmməd
Araz, Sabir Rüstəmxanlı, Fikrət Qoca, Musa Yaqub, Musa Ələkbərli
qələmindən süzülən göz yaşları dərdlərimizə
ağı dedi.
Xalq şairi Zəlimxan Yaqubun
hönkürtü, hayqırtı dolu misraları kədər
rəngli səmamızda şimşək kimi çaxdı:
Sınar dağların beli, bu qədər
ah götürməz,
Adi insan olan kəs belə
günah
götürməz,
Yerdə bəndə götürsə,
göydə
Allah götürməz,
Qəm yemə, dəli könlüm,
nahaq
qan yerdə qalmaz.
Nəriman Həsənzadənin “Şəhidlər
xiyabanı” adlı şeri müqəddəs
yerdə - Şəhidlər
xiyabanında hər kəsi bir anlıq
dayanmağa, düşünməyə
və “Şəhidlər
xiyabanı” adlı bir dünyanın sakinlərinin taleyini dinləməyə səslədi:
Dayanın, Şəhidlər xiyabanıdı,
Yas toya qarışıb,
toy yasa burda.
Qızıl qumaşlarda qara xonçalar,
Nişan gətiriblər bir
qıza burda.
20 Yanvar
Güney Azərbaycan ədəbiyyatında da öz əksini tapdı. Bakıda baş vermiş
qanlı olaylarda şahidlik zirvəsinə
ucalan igidləri Vətənimizin azadlığının
mücahidi kimi tərənnüm etdilər.
"Varlıq" jurnalının səhifələrində
20 Yanvara həsr rolunmuş xeyli yazılar işıq üzü gördü.
20 Yanvar
nəsrimizdə də
öz əksini tapdı. Azadlıq yolunda canını
qurban verən Vətən oğullarının
həyatından, fədakarlığından
bəhs edən neçə-neçə hekayələr,
povestlər yarandı.
“Fərizə və İlham” dastanı isə xalq arasında XX əsrin son gerçək
məhəbbət dastanı
kimi tarixə düşdü.
Zamanında yaranan ədəbiyyat
nümunələri ilə
yanaşı, ədəbiyyat
həm də hadisələrə kənardan
baxmaq, müşahidə
etmək qüdrətinə
malikdir. Vaxtından və
zamanından asılı
olmayaraq şəhidlik
mövzusu ədəbiyyatımızdan
keçməkdədir. Hələ XVI əsrdə
poeziyamızın dahisi
Məhəmməd Füzuli
şəhidlik abidəsi
olan “Hədiqətüs-süəda”
əsərində inam
və etiqadları yolunda müsibətlərlə
rastlaşan, lakin bu yoldan dönməyən
haqq aşiqlərini vəsf etmiş, şəhidliyi ən böyük şərəf
və ən böyük rütbə kimi qiymətləndirmişdi.
Bu mənada
20 Yanvar faciəsi ədəbiyyatımızda zaman-zaman
cücərəcək, qanlı
tariximizi törədənlər
lənətlənəcək, Vətənin azadlığı
uğrunda canını
qurban verən Vətən övladlarının
ruhu ehtiramla yad ediləcək.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 19 yanvar.- S. 13.