Unutmaq olarmı sizi, şəhidlər?
Qanlı Yanvar musiqi əsərlərimizdə
Adı heç vaxt üzərindən silinməz,
Vətən
üçün qeyrətiniz tükənməz,
Ucalan ruhunuz göylərdən enməz,
Unutmaq
olarmı sizi, şəhidlər?
Ulu peyğəmbərimiz şəhidin qanını alimin mürəkkəbinə bərabər tutub. Doğrudan da bu bənzətmədə bir oxşarlıq var. Belə ki, alimin elmdə fəth etdiyi zirvəni şəhid öz qanı ilə qazanır. Bu yerdə unudulmaz şairimiz Məmməd Arazın «Vətən daşı olmayandan, Olmaz ölkə vətəndaşı» misraları düşür yadıma. Bax, beləcə onlar vətənin daşına, torpağına çevrilib əbədiyyətə qovuşdular. O gün xalqımızın tarixinə qara səhifə kimi yazılsa da, həmin gün həm də mübarizliyin rəmzidir.
Tarix boyu xalqımızın rifahı, torpaqlarımızın azadlığı uğrunda özlərini fəda edərək, canlarından keçən ər igidlərimiz olub ki, elə şəhidliyin təməlini də məhz onlar qoyublar. İndi onların adları qəhrəmanlıq tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. 1990-cı il yanvarın 20-də o səhifəyə yeni adlar əlavə olundu. Onlar da öz əcdadları kimi vətən uğrunda mübarizlik göstərdilər. Bu mübarizəni onlar döyüş meydanında deyil, qəlblərinin hökmü ilə apardılar. Biz vətən uğrunda ölə də bilərik, təki vətən yaşasın-deyib mübarizəyə qalxdılar.
Onlar bu yüksək vətənpərvərlikləri ilə şəhidlik zirvəsinə ucaldılar. Odur ki, onların ünvanına neçə-neçə sənət əsərləri yazıldı. Demək olar ki, incəsənətin bütün sahələrində şəhidlik mövzusu tərənnüm olunub. Bu mövzu musiqidə də öz əksini tapıb və tapacaq. Bu yerdə görkəmli bəstəkar Süleyman Ələsgərovun bir fikrini xatırlayıram. O deyirdi:
«Biz sənətkarlar xalqımızın başına gətirilən bu müsibətləri, bu faciələrimizi sənətin dili ilə ifadə etməliyik, bu tarix əsərlərimizdə də tərənnüm olunmalıdır ki, gələcək nəsil bundan dərs alsın. Dərs alsın ki, o şəhid balalarımızın qanı yerdə qalmasın. Onların keçdiyi yol qəhrəmanlıq üçün əsil örnəkdir”.
Yeri gəlmişkən, deməliyəm ki, həmin dövrdən, yəni 1990-cı ildən ömrünün sonuna qədər Süleyman müəllim çoxlu sayda vətənpərvərlik mövzusunda əsərlər yazdı. Ümumiyyətlə, bu mövzu onun yaradıcılığında geniş yer tutur.
İndi isə 1990-cı ilin 20 Yanvarını özündə əks etdirən musiqi əsərlərindən söhbət açmaq istərdim. Əvvəlcə onlardan bir neçəsinin adını çəkək: Sevda İbrahimova, «Vətən şəhidlərinə»; Cövdət Hacıyev - «Şəhidlər» simfoniyası; Oqtay Kazımi - “Şəhidlər simfoniyası”; Azad Zahid - «Mədhiyyə»; Azər Rzayev - «Bakı 90» simfoniyası; Ramiz Mustafayev - «Bu qan yerdə qalan deyil» vokal-simfonik poema, «Salatın» oratoriyası; Mobil Babayev - «Ağlama torpağım, ağlama» kantatası; Aydın Əzim Kərimoğlu - «Qətl günü»; Fuad Cavadov - «Qara yanvar» xor əsərləri; Arif Mirzəyev - «Yanvar mərsiyyələri»; Sərdar Fərəcov - “Matəm harayları» simfonik lövhəsi və s.
Bu əsərləri bəstəkarlarımız böyük ürək ağrısı ilə yazaraq onlar da bu haqsızlığa, günahsız insanların qətlə yetirilməsinə öz etirazlarını musiqinin dili ilə ifadə etməyə çalışıblar. Əbəs yerə demirlər ki, nəğmə də bir silahdır. Bir halda ki, söz nəğmədən düşdü, onu da deməliyik ki, iri həcmli musiqi əsərləri ilə yanaşı, şəhidlərə həsr olunan çoxlu sayda mahnı və romanslar da yazılıb və bu gün də yazılır. Onlardan Vasif Adıgözəlovun Fikrət Qocanın sözlərinə bəstələdiyi «Bir şərqi de», Hacı Xanməmmədovun «Əlimdə sazım ağlar» (sözləri Əzizə Cəfərzadə), Oqtay Rəcəbovun Məmməd İsmayılın sözlərinə bəstələdiyi «Qana dönən qərənfillər», Məmməd Aslanın sözlərinə yazdığı «Ağla, qərənfil, ağla», Tofiq Mütəllibovun sözlərinə yazdığı «Qərənfil meşələri, Emin Sabitoğlunun Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi «Şəhidlər ağısı», Mehriban Əhmədovanın Məmməd Arazın sözlərinə yazdığı «Ana millət, ata millət, ağlama», Nəriman Əzimovun Hikmət Mahmudun sözlərinə bəstələdiyi «Mənim şəhid bacım, şəhid qardaşım» və s. mahnıların adlarını çəkə bilərik.
Şəhidlər xatırlandıqca o əsərlərin musiqisi də onlara ağı deyəcək. Həmin əsərlərdən bir neçəsi haqqında qısa məlumat verək: Sevda İbrahimova «Vətən şəhidlərinə» əsəri soprano, bariton və orkestr üçün yazılıb.
Bu yerdə hörmətli sənətkarımız Xalq artisti, professor Sevda İbrahimovanın düşüncələrini və əsər haqqında fikirlərini təqdim edirik: «20 Yanvar hadisələri öz ağrı-acısı, kədəri ilə hər birimizi sarsıtdı. Bu gün də o dərdin ağrısı ürəyimizi göynədir. Günahsız bacı-qardaşlarımızın, məsum körpələrimizin faciəsi və nahaq ölümü heç vaxt yaddaşımızdan silinməyəcək. Bu faciəni tarixin yaddaşında daha da möhkəmlətmək və onu gələcək nəsillərə çatdırmaq biz sənətkarların da mənəvi borcudur. Odur ki, hər bir sənətkar bu yaşantını öz istedadının gücü ilə ifadə etdi. Beləliklə də şəhidlərimizin xatirəsinə neçə-neçə əsərlər yarandı. Onlardan biri də mənim Mirvarid Dilbazinin bayatıları və atam Mirzə İbrahimovun şeirləri əsasında yazdığım «Vətən şəhidlərinə» əsəridir. Əsər nə qədər kədər hissi ilə yazılsa da, burada faciəvilik öz əksini tapsa da bunlar həm də ümidlə nəticələnir. Məsələn, Mirvarid xanımın belə bir bayatısı var:
El batıb qana ağlar,
Kipriyi şana ağlar,
Sevinmə qarı düşmən,
Əyilməz uca dağlar.
Yəni şairə demək istəyir ki, bizim nə qədər dərdimiz olsa da, o dərd bizi əyə bilməz. Bu minvalla mən öz musiqimi də həmin ümid və mübarizə motivləri əsasında quraraq əsəri işıqlı hisslərlə tamamlamışam. Belə ki, əsər bu misralarla bitir. Əvvəlcə atamın şeiri, sonra isə Mirvarid xanımın bayatısı:
Ümidsiz olmayın, əziz qardaşlar,
Bilin, hər gecənin bir gündüzü var,
Birləşsin şəhərlər, kəndlər, obalar
Qatilə aman yox, bilirik bunu,
Məhkəmə bitməyib, hələ
var sonu.
Dərd bizi yenə bilməz,
Susdurruq, dinə bilməz,
Od yurdunun ocağı,
Çırağı sönə
bilməz».
Şəhidlərin xatirəsinə həsr olunan növbəti əsərlərdən biri də Xalq artisti, professor Azər Rzayevin «Bakı-90» simfoniyasıdır. Bu əsər haqqında bəstəkarın öz dedikləri:
«Bu əsəri bir il ərzində yazmışam. Belə ki, əsər şəhidlərin il mərasimində səsləndi. Əlbəttə, hər bir not üzərində işləmək mənim üçün çox ağır idi. Çünki faciəni musiqinin dilinə çevirmək çox çətindir. Özü də elə bir faciəni ki, onu sən öz xalqınla birgə yaşamısan. Amma nə qədər çətin olsa da, mən belə bir əsər yazmağı özümə mənəvi borc sayırdım. Odur ki, bütün qəlbimi, beynimi, ruhumu məhz bu əsərə kökləmişdim. İnanın ki, mən bu əsəri için-için, ağlaya-ağlaya yazmışam. Hətta əsərin sonunda «Azan» avazından da istifadə etmişəm. Bu əsəri nə qədər kədər hissi ilə yazsam da əsərin sonu mübariz tərzdə tamamlanır. Yəni ki, biz varıq, olmuşuq və olacağıq. Hər birimiz Vətən kimi müqəddəs bir varlığın naminə şəhid olmağa hazırıq».
Hörmətli bəstəkarın bu fikri təbii ki, hər bir vətənpərvər insanın ürəyindən soraq verir. Odur ki, biz bütün şəhidlərimizə bir daha Tanrıdan rəhmət diləyir və arzu edirik ki, bəstəkarlarımız düşmən tapdağında olan torpaqlarımızın azadlığını tərənnüm edən qələbə müjdəli əsərlər yazsınlar. Şəhidlərimizin də ruhu şad olsun!
Sizi hər nəsillər xatırlayacaq,
Andınız, eşqiniz sönməz bir ocaq,
Bizim and yerimiz siz yatan torpaq,
Sizi unutmaqmı olar, şəhidlər?!
Səadət
Təhmirazqızı,
Musiqişünas
Mədəniyyət.-
2011.- 19 yanvar.- S. 12