20 Yanvar: qan yaddaşımız muzey ekspozisiyalarında

 

   20 Yanvar hadisələrinin baş verdiyi dövrdən bizi 21 il ayırır. Amma bu faciə yaddaşlarda dünənin hadisəsi kimi qalıb. Tariximizdə mühüm mərhələ olan, müstəqilliyimizə yol açan 20 Yanvarın tarixinin qorunduğu, gələcək nəsillərə ötürüldüyü məkanlardan biri də muzeylərimizdir. Bəs muzeylərimizdə tariximizin qan yaddaşı olan bu günlə bağlı nələr yer alıb və muzeylər 20 Yanvarın növbəti ildönümünü necə qeyd edir? Bu sualla öncə bir neçə muzeyə müraciət etdik.

  

   Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyinin direktor müavini Gülyanə Məmmədovanın sözlərinə görə, burada 20 Yanvarla bağlı boyakarlıq, qrafika və heykəltəraşlıq nümunələri qorunub saxlanılır: «Bu nümunələr muzeyin ekspozisiya fondunda qorunur və zaman-zaman yeni nümunələr əlavə olunur. Biz ötən il 20 Yanvarla bağlı xeyli işlər almışıq. Bunlar boyakarlıq, qrafika və heykəltəraşlıq nümunələridir».

   Direktor müavini onu da bildirdi ki, hər il olduğu kimi, bu il də yanvarın 19-da Dövlət İncəsənət Muzeyində 20 Yanvar hadisəsi ilə bağlı sərgi açılacaq. Sərgidə daha öncə nümayiş olunan, habelə 2010-cu ildə alınan rəsm əsərləri nümayiş etdiriləcək.

   Muzeyin sərgilərin təşkili şöbəsinin müdiri Rəfael Gülməmmədlinin sözlərinə görə, Azərbaycan rəssamları yaradıcılıqlarında bu mövzuya geniş yer ayırıblar. Fondda rəssamlardan Əyyub Məmmədov, Sara Manafova, Bəyim Hacıyeva, Nazim Rəhmanov, Məlik Ağamalov, heykəltəraşlardan Fərəc Məmmədov, Kamal Vəliyev, Sahib Quliyev və başqalarının əsərləri saxlanılır.

   Azərbaycan İstiqlal Muzeyindən verilən məlumata görə, burada 20 Yanvar hadisələri ilə bağlı müxtəlif sənədlər, rəsm əsərləri, fotolar, hadisə ilə bağlı əşyalar və s. eksponatlar qorunub saxlanılır. Muzeydə 20 Yanvar hadisələrinə həsr olunmuş fotosərgi yanvarın 18-dən 30-dək davam edəcək.

   Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində isə 20 Yanvar hadisələri hər il tədbirlərlə anılır. Muzeyin Kütləvi işlər şöbəsinin müdiri Aygün Abbasovanın sözlərinə görə, bununla bağlı tərtib olunan tədbirlər proqramı uşaqları da əhatə edir: «Ağ kağız üzərində olan xalça elementlərindən götürülmüş naxışları boyamaq üçün uşaqlara veririk. Onlar da 20 Yanvar hadisəsini necə dərk edirlərsə, o formada da naxışlarda rəngləyirlər. Məqsədimiz budur ki, görək, uşaqlar bu faciəni necə görürlər, valideynləri onlara nəyi başa salıb? Bundan başqa, muzey həm də ənənəvi olaraq orta məktəblərdə tədbirlər keçirir. Burada şagirdlər faciədən bəhs edən müxtəlif şeirlər səsləndirirlər. Bütün bunlarda məqsədimiz gələcək nəsillərin bu tarixi hadisəni, qəhrəmanlıq gününü necə hiss etmələrini bilməkdir. Muzeyin bu ilə planlaşdırdığı tədbirə gəlincə, A. Abbasova hələ konkret planlarının olmadığını bildirdi.

   20 Yanvar hadisəsi ilə bağlı Teatr Muzeyində konkret eksponatlar olmasa da, burada da anım mərasimləri ənənəvi olaraq keçirilir. Muzeyin elmi katibi Rəna Salahova: «Bizim tədbirlərimizdə Pantomim Teatrının 20 Yanvarla bağlı səhnələşdirdiyi səhnəciklər nümayiş olunur. Hər il keçirdiyimiz bu mərasimlər adətən orta məktəblərdə baş tutur. Bu il də belə bir tədbir keçirməyi planlaşdırırıq».

  

 

   Mehparə

 

  Mədəniyyət.- 2011.- 19 yanvar.- S. 9.