“Şəhidlər ölməz, Vətən bölünməz!”

 

   20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş daha bir tədbir Gənc Tamaşaçılar Teatrının kiçik zalında “Şəhidlər ölməz, Vətən bölünməz!” adı altında gerçəkləşdi. Teatrın, Dünya Azərbaycanlıları Konqresinin və “Bura Vətəndir” məclisinin birgə layihəsi əsasında baş tutan tədbirdə öncə 1990-cı ilin yanvar hadisələrini əks etdirən qısametrajlı sənədli film nümayiş olundu.

  

   Tədbirdə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, baş rejissor, Xalq artisti Cənnət Səlimova və Dünya Azərbaycanlıları Konqresinin fəxri prezidenti, Böyük Britaniyanın Edinburq Universitetinin professoru, filosof, şair Qulam Rza Səbri Təbrizi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Paşa Qəlbinur çıxış edərək xalqımızın tarixinə qanla yazılmış 20 yanvar günündə canlarından keçmiş Vətən övladlarının xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını bildirdilər.

   Fəlsəfə elmləri doktoru, Azərbaycan Universitetinin dosenti, «Məlhəm» Qadınlar İctimai birliyinin sədri, şair-publisist Xədicə İskəndərli, filologiya üzrə fəlsəfə doktoru, şair, şəhid xanımı Arzu Nehrəmli, Dünya Azərbaycanlıları Yazarlar Qurumunun rəhbəri Sayman Aruz, Qarabağ müharibəsi iştirakçısı, polis mayoru, şair Aidə Şirinova, Şəhid Anaları Komitəsinin sədri, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası, professor Rəfiqə Əsgərova və digərləri çıxış edərək şəhidlərə həsr olunmuş şeirlər və bayatılar səsləndirdilər.

   Şair Şövkət İmaminin Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovaya həsr olunmuş «Zirvələr fatehi... Gültəkin» poemasından bir parça teatrın aktyorları Sona Babayeva, Güşvər Şərifova və Anar Seyfullayevin ifasında təqdim olundu.

   Rəsmi hissədən sonra teatrın böyük səhnəsində yazıçı-dramaturq Tamara Vəliyevanın «Mənim ağ göyərçinim» tamaşası göstərildi. 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsinə həsr olunmuş tamaşanın rejissoru Xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstanın M.Tumanişvili adına Teatrın baş rəssamı Şota Qlurdjidzedir. Rəqslərin quruluşu Vüsal Mehrəliyevə, musiqi tərtibatı isə Vladimir Neverova məxsusdur. Tamaşada rolları əməkdar artistlər Rafiq Hüseynov, Rahib Əliyev, aktyorlar İlqarə Tosova, Günel Məmmədova, Mirzə Ağa Mirzəyev, Eşqin Quliyev, Elnur Hüseynov və başqaları ifa edirdi.

  

 

   Reyhan

 

   Mədəniyyət.- 2011.- 19 yanvar.- S. 5.