2011-ci il Azərbaycanda “Turizm ili” elan olundu
Prezident İlham Əliyev: “Elə
etməliyik ki, 2011-ci ildə turizmin inkişafına
böyük təkan verilsin”
Xəbər
verildiyi kimi, yanvarın 14-də Prezident İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2011-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclası keçirilib.
İclasda geniş nitq söyləyən
dövlət başçısı ötən il ölkə
həyatının bütün sahələrində
inkişaf tempinin davam etdiyini, o cümlədən sosial
infrastruktur və mədəniyyət sahəsində
mühüm işlər görüldüyünü
vurğulayıb: “Bütövlükdə deyə bilərəm
ki, 2010-cu il ölkəmizin inkişafı üçün
çox əhəmiyyətli il olmuşdur. Sosial infrastrukturun
yaradılmasında böyük işlər
görülmüşdür. 40-dan çox tibb müəssisəsi,
70-dən çox məktəb tikilmiş, təmir
edilmişdir. 5 olimpiya mərkəzi tikilmişdir, mədəniyyət
ocaqlarının tikilməsi və təmirinə vəsait
ayrılır. Biz ölkəmizi müasirləşdiririk və
dünyada gedən texnoloji tərəqqiyə gərək həmişə
diqqətlə yanaşaq. Ölkəmizə ən qabaqcıl
texnologiyaları gətirək ki, Azərbaycanda bütün
işlər yüksək səviyyədə
görülsün. Bakıda, digər şəhər və
rayonlarımızda abadlıq-quruculuq işləri uğurla
gedir, şəhərlərimiz gözəlləşir, yeniləşir,
müasirləşir. Elə etməliyik ki, 2011-ci ildə də
bu sahəyə diqqət göstərilsin, bütün şəhərlərdə,
rayon mərkəzlərində, kəndlərdə
abadlıq-quruculuq işləri aparılsın”.
İclasda nazirlik və dövlət
qurumlarının rəhbərləri çıxış edərək
ötən il ərzində görülən işlər barədə
hesabat veriblər. Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev də iclasda çıxış edib:
- Möhtərəm cənab
Prezident, hesabat dövründə ölkə daxilində və
onun hüdudlarından kənarda 150-dən artıq dövlət
əhəmiyyətli tədbir keçirilmişdir. Bu rəqəmləri
Sizə məruzə edərək, ölkəmizin mədəni
həyatı üçün əlamətdar olan bir amili
xüsusilə qeyd etmək istərdim. Bu amil Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
ölkəmizin sosial-mədəni həyatının
bütün sahələrinə böyük dəstək verməsi
ilə bağlıdır. Təsadüfi deyil ki, Heydər Əliyev
Fondunun fəaliyyət göstərdiyi illər ərzində
keçirilən bütün irimiqyaslı beynəlxalq və
ölkə əhəmiyyətli tədbirlərin əsas təşəbbüskarı
və təşkilatçısı Mehriban xanım Əliyeva
olmuşdur. Bu ənənə 2010-cu ildə də davam
etmişdir. İl ərzində Üzeyir Hacıbəyli
adına Beynəlxalq Musiqi Festivalı, Qəbələ II Beynəlxalq
Musiqi Festivalı, Bakı Birinci Beynəlxalq Teatr Konfransı,
Milli Teatr Festivalı, Çexov adına Beynəlxalq Teatr
Festivalının “İpək yolu” mərhələsi,
Vokalçıların Bülbül adına V Beynəlxalq
Müsabiqəsi və IV Beynəlxalq Rostropoviç
Festivalının keçirilməsi yaradıcı kollektivlər
tərəfindən çox yüksək
qarşılanmışdır. Nəticədə bu tədbirlər
ilin ən yaddaqalan beynəlxalq səviyyəli mədəniyyət
hadisələrinə çevrilmişdir.
Əlamətdar haldır ki,
“Euronews” telekanalının 2010-cu ilin yekununa həsr olunmuş
verilişində Avropanın ən nüfuzlu mədəniyyət
hadisələrinin sırasında Bakı Caz
Festivalının keçirilməsi xüsusilə qeyd
edilmişdir.
Hesabat ilində Azərbaycan Respublikasının
İslam Konfransı Təşkilatının Mədəniyyət
Nazirləri Konfransına sədrlik etməsi nəticəsində
ölkəmizin uğurla əməkdaşlıq etdiyi bir
sıra İslam ölkələrində - Misir Ərəb
Respublikasında, İordaniya Krallığında, İran
İslam Respublikasında, Qətər Dövlətində, Mərakeşdə,
eləcə də Kuba Respublikası və Meksikada yüksək
səviyyədə təşkil olunan Azərbaycan Mədəniyyəti
Günləri dünya ictimaiyyətinin böyük
marağına səbəb olmuşdur. Bu mənada hesabat ilində
Sizin sərəncamınıza əsasən dahi bəstəkar
Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi
münasibətilə keçirilən tədbirlər silsiləsi
xüsusi əhəmiyyət kəsb edir.
Cənab Prezident, Sizin təsdiq
etdiyiniz “Azərbaycan teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramı ölkənin teatr həyatının
yeni mərhələyə qədəm qoymasına şərait
yaratmışdır. Proqram çərçivəsində
2010-cu ilin noyabrında Bakıda ilk dəfə keçirilən
“Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər
və alternativlər” adlı Beynəlxalq teatr konfransında
30 ölkənin nümayəndələri iştirak etmişlər.
İl ərzində ölkə
teatrlarında dövlət sifarişi ilə 20-dən
artıq tamaşa hazırlanıb təhvil verilmiş, Azərbaycan
rəssamlarının 40-dan artıq sərgisi
keçirilmişdir. Hesabat dövründə respublikanın
kitabxana, muzey, digər mədəniyyət mərkəzlərinin
fəaliyyətinin yaxşılaşdırılması istiqamətində
müəyyən işlər görülmüş, xalq
yaradıcılığının inkişafı və təbliği
ilə bağlı müvafiq tədbirlər həyata
keçirilmişdir.
“Azərbaycanda kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması haqqında” Sərəncamınıza
əsasən, kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılması sahəsində müsbət irəliləyişlər
əldə edilmiş, respublikada 38 kitabxananın veb-saytı
yaradılmış, 17 kitabxanada
Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi
quraşdırılmış, elektron kataloq və elektron
kitabxanaların yaradılmasına
başlanılmışdır.
“Azərbaycanda muzey işinin
yaxşılaşdırılması haqqında” Sərəncamınıza
əsasən regionlarda fəaliyyət göstərən muzeylərin
müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və
zəruri eksponatlarla təchizatına dair tədbirlər
görülmüşdür. Azərbaycanda ilk dəfə
olaraq Musiqi Mədəniyyəti Dövlət Muzeyində
kompleks avtomatlaşdırılmış muzey informasiya sistemi
- KAMİS proqramı tətbiq edilmişdir.
Respublikanın bölgələrində
yaradılmış Heydər Əliyev muzeyləri və mərkəzləri
öz zəngin maddi-texniki bazası ilə seçilir,
ümummilli lider Heydər Əliyevin həyat yolunu geniş
işıqlandırmaqla yanaşı, əhalinin, xüsusən
gənclərin mədəni həyatının təşkilində
mühüm rol oynayır.
Əbülfəs Qarayev
çıxışında ötən il ölkədə
tarixi abidələrin bərpası istiqamətində
görülən işlərə də nəzər
salıb. Nazir həmçinin qeyd edib ki, Azərbaycan kinosunun
inkişafı ilə bağlı dövlət
proqramının icrası uğurla yerinə yetirilmiş, yeni
filmlər çəkilmiş və onlar beynəlxalq
festivallarda nümayiş etdirilmişdir. Azərbaycan beynəlxalq
kitab sərgilərində də uğurla təmsil olunmuş,
teatrlar, muzey və digər mədəniyyət ocaqlarında əsaslı
təmir və yenidənqurma işləri
görülmüş və bu, indi də davam edir.
Nazir turizm sahəsində
görülən işlərdən də danışıb:
- Möhtərəm cənab Prezident,
2010-cu il Azərbaycanda turizm sənayesinin inkişafı
üçün xüsusilə əlamətdar olmuşdur. Hələ
2001-ci ildə ümummilli lider Heydər Əliyev ölkəmizin
turizm potensialının iqtisadi-sosial inkişafdakı rolunu
düzgün dəyərləndirərək bu sahədə əhəmiyyətli
qərarlar vermişdir. Ötən illər ərzində
turizm sahəsinin inkişafı ilə əlaqədar qəbul
olunmuş dövlət proqramı tam şəkildə yerinə
yetirilmişdir. “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə
turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında sərəncamınız bu sahənin
inkişafında yeni, daha məhsuldar mərhələnin
başlanğıcıdır. İnanırıq ki, bu sərəncam
ölkədə turizm sektorunun dünya standartlarına
uyğun şəkildə inkişaf etdirilməsinə
güclü təkan verəcəkdir. Sizin IX Beynəlxalq
Turizm Sərgisi və I Ümumrespublika Daxili Turizm Sərgisində
iştirakınız, sahənin inkişafı ilə dərindən
maraqlanmağınız, dəyərli tövsiyələriniz
bu sahədə mövcud olan bütün qüvvələri səfərbərliyə
almış, ölkənin iqtisadi qüdrətinin
artmasında müstəsna imkanlara malik olan turizmin tərəqqisi
yolunda geniş üfüqlər açmışdır.
Sizin
tapşırığınız və şəxsən rəhbərliyiniz
altında yaradılan turizm incilərindən biri - Qusar
rayonunda, Şahdağın ətəklərində salınan
qış-yay turizm kompleksi həm təyinatına, həm də
nadir layihə strukturuna görə xüsusi önəm
daşıyır. Hazırda burada işlərin birinci
fazası 50 faizə qədər icra olunmuş, gündə 10
min turistə xidmət imkanına malik kommunal, işıq, su,
qaz, yol xətlərinin çəkilişi həyata
keçirilmişdir. Layihə Avstriya, İsveç, Türkiyə,
ABŞ, İtaliya və Birləşmiş Ərəb Əmirliklərinin
ən qabaqcıl şirkətləri tərəfindən icra
olunur. Bu ilin mart ayında ilk pilot xizək eniş xəttinin
sınaqdan keçirilməsi, 2011-2012-ci ilin qış
mövsümündə isə daha 4 xizək eniş xəttinin
istismara verilməsi nəzərdə tutulmuşdur.
Turizmin inkişafına yönəlmiş
çoxsaylı tədbirlər sırasında Bakı şəhərində
məşhur özəl şirkətlər tərəfindən
inşa olunan mehmanxana kompleksləri, Qəbələdə
inkişafda olan turizm potensialı da diqqəti cəlb edir. Beynəlxalq
standartlara uyğun mehmanxana şəbəkəsinin
inkişafı bu sahədə çalışan kadrların
hazırlanması zərurətini meydana çıxarır.
Cənab prezident, Sizin 2006-cı il
25 avqust tarixli fərmanınıza əsasən
yaradılmış Azərbaycan Turizm İnstitutunun 2010-cu ilin
mayında ilk buraxılışı olmuşdur.
2010-cu ildə nazirlik
respublikamızın turizm imkanlarını təbliğ etmək
məqsədi ilə Vyana, İstanbul, Vilnüs, Berlin, Moskva,
Kiyev, Pekin, Manama, Dubay, Əl-Küveyt, Paris və Tokio şəhərlərində
keçirilən mühüm beynəlxalq turizm sərgilərinə
qatılmışdır. Azərbaycanın mövcud turizm
potensialının təbliğ edilməsi məqsədilə
dünyanın aparıcı televiziya kanallarında - CNN,
“Euronews”, “Travel Channel”, BBC, CNBC, “National Geographic”də reklam
çarxları yayımlanır. Doqquz dildə müxtəlif
nəşr, poliqrafiya məhsulları buraxılır.
Sizin tərəfinizdən
aparılan uğurlu beynəlxalq siyasət müasir dünyada
Azərbaycanın mövqelərini möhkəmləndirmişdir.
Bu, təbii olaraq milli mədəniyyətimizin dünyada
tanıdılmasına böyük imkanlar yaradır.
Xalqımıza məxsus aşıq-ozan sənəti,
muğam və xanəndəlik sənəti UNESCO-nun qeyri-maddi
mədəni irs siyahısına daxil edilmişdir. Bu o deməkdir
ki, artıq saz və muğam sənəti milli çərçivələri
aşaraq ümumdünya dəyəri qazanmışdır.
2010-cu ildə Azərbaycan Respublikası UNESCO-nun Qeyri-maddi mədəni
irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə
üzv seçilmişdir. Keniyada keçirilən sessiyada Azərbaycan
xalçaçılıq sənətinin də Bəşəriyyətin
Qeyri-maddi mədəni irs üzrə Reprezentativ
siyahısına daxil edilməsi qərara
alınmışdır. Bu qərar xalça sənətinin
Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən
biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqləyir.
Bu qələbənin qazanılmasında da Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
əsl fədakarlıq göstərmişdir.
Əbülfəs Qarayev Mədəniyyət
və Turizm Nazirliyinin 2011-ci ildə qarşıda duran vəzifələrindən
də danışıb.
* * *
Müzakirələrə yekun vuran
dövlət başçısı 2011-ci ilin əsas
prioritetlərini nəzərə çatdırıb. Prezident
son illərdə xüsusilə turizm sahəsində əldə
olunan uğurları, bu sahədə cari ildə gözlənilən
mühüm hadisələri qeyd edərək 2011-ci ili Azərbaycanda
“Turizm ili” elan edib:
- 2011-ci ildə Bakıda 5
beşulduzlu mehmanxana açılacaq, hesab edirəm, yəqin
ki, bu, dünyada analoqu olmayan bir hadisədir. Bir ildə bir
şəhərdə 5 beşulduzlu mehmanxana açılacaq.
Ancaq Bakıda dördulduzlu, üçulduzlu hotellər də
tikilməkdədir. Bölgələrdə hotelçiliklə
bağlı çox böyük işlər
görülür, artıq Azərbaycanda turizmin
inkişafı reallıqdır. Bu infrastrukturu yaratmaq
üçün əlbəttə ki, dövlət tərəfindən
böyük vəsait tələb olunur. Ancaq bu, infrastruktur məsələlərinə
yönəldilir. Hotellər isə özəl sektor tərəfindən
tikilir. Deməli, Azərbaycanın inkişafına inam o qədər
böyükdür ki, buraya, bu hotellərə milyonlarla,
yüz milyonlarla vəsait qoyulur. İnvestorlarda inam var ki, bu vəsait
onlara dividentlər gətirəcəkdir. Şəhərimizə
isə bu, yenilik gətirir, müasirlik gətirir. Şəhərə
gələn qonaqlar üçün gözəl şəraitin
yaradılması, əlbəttə ki, vacib məsələdir.
Bununla bərabər, burada deyildiyi kimi, “Şahdağ” qış-yay xizək kurortu, xizək infrastrukturu yaradılır. Bu da sırf dövlət tərəfindən yaradılan layihədir. Mən o bölgələrdə dəfələrlə olmuşam. Mən oraya birinci dəfə gedəndə heç nə yox idi. Dağlar idi, heç yaşayış məntəqələri də yox idi. Yaşayış məntəqələrindən bir neçə kilometr uzaqlıqda yerləşən dağlar idi. Amma indi orada yollar, elektrik xətləri, qaz xətləri, su xətləri çəkilir, birinci mehmanxana dövlət tərəfindən tikilir. Əminəm ki, bundan sonra özəl sektor da bu təşəbbüsə qoşulacaq, çünki orada çoxlu mehmanxana tikilməlidir. Xizək bazası, qaldırıcılar, tibb məntəqələri, restoranlar, əyləncə yerləri olacaqdır. Bir sözlə, “Şahdağ” kurort mərkəzi dünya səviyyəli mərkəzə çevriləcəkdir. Dünyada hazırda mövcud olan ən qabaqcıl, ən populyar kurort yerlərindən geri qalmamalıdır və qalmayacaqdır. Beləliklə, bu, ölkəmizə həm yeni investisiyalar gətirəcək, həm də şimal zonasında yaşayan əhali üçün əlavə şərait yaradacaq, minlərlə, bəlkə də on minlərlə yeni iş yerləri açılacaqdır. Azərbaycana gələn turistlərin sayı daha da çox olacaq və Azərbaycan turizm üçün çox cəlbedici ölkəyə çevriləcəkdir.
Bizim gözəl təbiətimiz var, Xəzər dənizimiz, gözəl dağlarımız, çaylarımız, meşələrimiz bizim böyük sərvətimizdir. Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin. Hesab edirəm ki, bu məqsədlə 2011-ci ilin “Turizm ili” elan olunması ədalətlidir. Elə etməliyik ki, bu sahədə böyük və gözəl nəticələr görək.
2011-ci il
başlayıb, mən gələcəyə çox böyük
nikbinliklə baxıram. Tam əminəm ki, 2011-ci il də
ölkəmizin hərtərəfli inkişafı
üçün uğurlu il olacaqdır. Buna nail olmaq
üçün hamımız yaxşı işləməliyik,
fəal işləməliyik ki, ölkəmizi daha da gücləndirək,
Azərbaycanı inamla irəliyə aparaq”.
Mədəniyyət.- 2011.- 19
yanvar.- S. 3-4.