“Tarixə çevrilmiş şəkillər”
İstiqlal
Muzeyində 20 Yanvara həsr
olunmuş sərgi
Yanvarın 18-də Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar “Tarixə çevrilmiş
şəkillər” adlı
tədbir-sərgi keçirildi.
Sərgidə 20 Yanvar Cəmiyyətinin
üzvləri, şəhidlərin ailə üzvləri,
qanlı hadisənin şahidləri, Prezident
Qvardiyasının əsgərləri, Daxili Qoşunların və
Sərhəd Qoşunlarının Sahil Mühafizəsinin
müdavimləri və digər qonaqlar iştirak edirdilər.
Tədbiri giriş sözü ilə
açan muzeyin direktoru Fəridə Şəmsi bildirdi ki,
SSRİ Silahlı Qüvvələri bölmələrinin Azərbaycanda
milli-azadlıq hərəkatını yatırması
üçün Bakıda törətdiyi qırğından
21 il keçsə də, yanvar faciəsi unudulmur. Həmin təqvim
eyni zamanda Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir.
Direktor bu il ilk dəfə olaraq muzeydə 20 Yanvar şəhidlərindən
Azər Ələkbərov və Ağabəy Novruzbəylinin
şəxsi əşyalarının nümayiş
olunduğunu qeyd etdi.
Tədbirdə Şəhid Anaları Xeyriyyə Mərkəzinin sədri Rəfiqə Əsgərova, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Asif Şirinov, sərginin müəlliflərindən olan rəssam-fotoqraf Tahir Cəfərov 20 Yanvar faciəsi barədə xatirələrini bölüşdülər. Qeyd olundu ki, bu tarix heç bir zaman Azərbaycan xalqının yaddaşından silinməyəcək. İllər keçsə də faciə qurbanlarının xatirəsi anılacaq.
Sonra sərgiyə baxış keçirildi. Sərgidə Azərbaycan İstiqlal Muzeyinin fondunda saxlanılan və Tahir Cəfərov, Oqtay Məmmədov, Sənan Ələsgərov və digər fotoqraflara məxsus 50 fotoşəkil nümayiş etdirilir. "Tarixə çevrilmiş şəkillər" adlı sərgi yanvarın 25-dək davam edəcək.
Ceyhun
Mədəniyyət.-
2011.- 19 yanvar.- S. 2.