Sovet kinosunun simaları: Mixail Romm – 110
Sovet kinosu tarixində özünəməxsus
yeri olan kinorejissorlardan biri də Mixail Romm olub. O, 1901-ci
yanvarın 24-də Rusiyanın İrkutsk şəhərində
anadan olub.
1925-ci ildə Ali Bədii-Texniki
İnstitutunu bitirərək, heykəltəraş və tərcüməçi
ixtisasına yiyələnib. 1930-cu illərdən kino sahəsində
işləməyə başlayıb. Əvvəlcə
ssenarilər yazır, sonra “Soyuzkino” (indiki “Mosfilm”)
studiyasında rejissor assistenti işləyib. 1933-cü ildə
quruluşçu rejissor kimi fransız yazıçısı
Gi de Mopassanın “Gonbul” hekayəsinin motivləri əsasında
eyniadlı film çəkir. İlk ekran işi uğur
qazanır və bundan sonra rejissor Orta Asiyada sovet hakimiyyətinin
qurulması mövzusunda “On üçüncü” filmini lentə
alır.
Mixail Romm daha çox Oktyabr
inqilabı və Lenin haqqında filmləri ilə məşhurdur.
“Lenin Oktyabrda”, “Lenin 1918-ci ildə” filmləri vaxtilə sovet
kinosunun şedevrləri sayılırdı.
1940-1950-ci illərdə rejissor
antifaşizm mövzusuna müraciət edir və bir sıra
filmlər çəkir. Bunlardan “Adi faşizm” sənədli,
“217 ¹ adam”, “Gizli missiya”, “Dante küçəsində qətl”
və digər bədii filmləri o dövr sovet kinosunun ən
seçilən ekran əsərləri idi. “Adi faşizm” sənədli
filmi 1965-ci ildə Almaniyanın Leypsiq şəhərində
keçirilən beynəlxalq kinofestivalda mükafat qazanır.
Məhz bu film müəllif kinosunun yaranmasına bir təkan
olur.
Rejissorun 1961-ci ildə çəkdiyi
nüvə tədqiqatçıların həyatından bəhs
edən “Bir ilin doqquz günü” filmi Bolqarıstanda
keçirilən beynəlxalq kinofestivalda əsas mükafata
layiq görülür. Filmdə əsasən elm adamları
arasındakı psixoloji münasibətlər önə
çəkilib.
Beynəlxalq festivallarda
qazandığı müvəffəqiyyət Mixail Rommu yeni
filmlər çəkməyə ruhlandırır. Ancaq xəstəlik
və uzunmüddətli gərgin iş onu əldən
salmışdı. Sənətkar 1971-ci ildə vəfat edir.
Onun yarımçıq qalmış “Mən yenə də
inanıram”, “Dünya bu gün” filmləri ölümündən
sonra sənət dostları tərəfindən çəkilib
başa çatdırılır.
Sovet kinosunda özünəməxsus
sənət məktəbi yaradan Mixail Rommun yetişdirmələri
arasında Tenqiz Abuladze, Georgi Çuxray, Andrey Tarkovski, Valeri
Şukşin görkəmli rejissorlar olub.
Mədəniyyət.- 2011.- 26
yanvar.-S. 21.