Beynəlxalq əlaqələr ilbəil genişlənir

 

   Beş ildə Azərbaycan dünyanın 70-dən çox ölkəsi, 10-dan çox nüfuzlu təşkilatı ilə mədəniyyət və turizm sahəsində əməkdaşlıq qurub

                                                                                                                                                                       

   Azərbaycan Respublikasının mədəniyyət və turizm sahələrində xarici siyasət strategiyasının əsas prioritetlərindən biri beynəlxalq müstəvidə əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsidir. Mədəniyyət və Turizm Nazirliyi ötən beş ildə bu yöndə çoxşaxəli fəaliyyət həyata keçirmiş, Avropa, Asiya, Amerika və Afrika qitələrinin 70-dən çox ölkəsi ilə, habelə BMT, MDB, İslam Konfransı Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, UNESCO, Dünya Turizm Təşkilatı, İSESCO, TÜRKSOY, GUAM və s. beynəlxalq təşkilatlarla mədəniyyət və turizm sahələrində əməkdaşlıq təşəkkül tapmışdır.

     

   Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədov bizimlə söhbətində konkret faktları nəzərə çatdırdı:

   - Prezident İlham Əliyevin 2007-ci ilin yanvarında Fransaya səfəri zamanı imzalanmış 7 sənəddən 4-ü mədəni əməkdaşlığın müxtəlif aspektlərini və turizm sahəsində əməkdaşlığı əhatə edirdi. Həmin il Azərbaycan prezidentinin Tacikistana səfəri çərçivəsində iki ölkə arasında mədəniyyət və incəsənət, həmçinin turizm sahələrində əməkdaşlığa dair sazişlər imzalanmışdır.

   2007-ci ildə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Norveç Krallığına səfər etmiş, həmin ilin sentyabrında Bakıda Azərbaycan və Norveç muzeyləri arasında əməkdaşlıq layihəsi üzrə Muzey Mərkəzi və Stavanger Arxeologiya Muzeyi arasında əməkdaşlıq sazişi imzalanmışdır.

   2007-ci ilin martında Avstriyanın Mədəniyyət, Təhsil və Elm Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində M.F.Axundov adına Milli Kitabxana ilə Avstriyanın Milli Kitabxanası arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

   2007-ci ilin sentyabrında prezident İlham Əliyevin Litvaya səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında” və “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında” sazişlər imzalanmışdır.

  

   * * *

 

   2008-ci ilin fevralında nazir Əbülfəs Qarayevin Böyük Britaniyaya səfəri zamanı ikitərəfli əlaqələr müzakirə olunmuşdur. Mart ayında nazir Əbülfəs Qarayevin Mərakeş Krallığına səfəri zamanı Azərbaycanla bu ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. Həmin ilin aprelində Azərbaycanda keçirilən Moldova Mədəniyyət Günlərində bu ölkənin mədəniyyət və turizm naziri Artur Kozma, noyabrda keçirilən Belarus Mədəniyyət Günlərində isə bu ölkənin mədəniyyət nazirinin müavini Vladimir Pavloviç Qridyuşko Bakıda səfərdə olmuşlar.

   2008-ci ilin mayında Kiyevdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Ukrayna Mədəniyyət və Turizm Nazirliyi arasında 2008-2012-ci illər üzrə əməkdaşlıq haqqında Protokol imzalanmışdır. Həmin ilin iyununda Azərbaycanda keçirilən Ukrayna Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Viktor Yuşşenko iştirak etmişlər.

  

   * * *

 

   Prezident İlham Əliyevin 2009-cu ilin fevralında Küveytə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti arasında turizm sahəsində əməkdaşlıq haqqında” saziş imzalanmışdır. Həmin ay Muzey Mərkəzində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Fransanın “Maison des cultures du monde” Assosiasiyası arasında imzalanmış müqaviləyə əsasən istehsal olunmuş “Aşıq musiqisi antologiyası” diskinin təqdimat mərasimi keçirilmişdir.

   Prezident İlham Əliyevin həmin ilin martında İrana rəsmi səfəri zamanı iki ölkə arasında turizm sahəsində, mədəni irs sahəsində, Azərbaycan Milli Kitabxanası ilə İran İslam Respublikasının Milli Kitabxanası və Arxivi arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanmışdır.

   2009-cu ilin iyununda Mədəniyyət və Turizm Nazirliyinin rəsmi nümayəndə heyətinin Gürcüstana səfəri təşkil olunmuş, səfər zamanı iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq perspektivləri, habelə bəzi konkret layihələr müzakirə edilmişdir.

   2009-cu ilin oktyabrında nazir Əbülfəs Qarayev Avstriyaya səfər etmiş, Vyanada Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Avstriya Təhsil, İncəsənət və Mədəniyyət üzrə Federal Nazirliyi arasında mədəniyyət və incəsənət sahəsində 2009-2012-ci illər üçün əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

  

   * * *

 

   2010-cu ilin iyununda “Mədəniyyət paytaxtları dialoqu” layihəsi çərçivəsində Heydər Əliyev Sarayında məşhur fransız yazıçısı Viktor Hüqonun “Notre Dam de Paris” əsəri əsasında müzikl nümayiş olunmuşdur. Vatikanın mədəniyyət naziri, Arxiyepiskop Canfranko Ravazi və Litvanın sabiq mədəniyyət naziri Yonas Yuçasın da seyr etdiyi tamaşa böyük maraqla qarşılanmışdır. Həmin ilin sentyabrında İran İslam Respublikasında Azərbaycan Mədəniyyəti Günləri gerçəkləşmişdir.

   Azərbaycan mədəniyyətinin xaricdə təbliği, eləcə də ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə yönəldilmiş mədəni tədbirlərin həyata keçirilməsi mexanizminin gücləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrdə Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılması işinə başlamışdır. 2010-cu ilin sentyabr ayında ölkə Prezidentinin müvafiq sərəncamı ilə Fransada və Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır.

  

   Avropa Şurası ilə əməkdaşlıq yüksək səviyyədədir

  

   Ötən müddətdə ölkəmizin Avropa Şurası ilə mədəniyyət sahəsində əməkdaşlığı uğurla davam etdirilmişdir. 2006-cı ilin aprelində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Strasburqa səfəri çərçivəsində Azərbaycanla Avropa Şurası arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi yolları, Azərbaycanın iştirak edə biləcəyi proqram və layihələrlə bağlı fikir mübadiləsi aparılmışdır.

   2008-ci ilin dekabrında Bakıda Avropa Şurasına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin Konfransı keçirilmişdir. Tədbir mədəniyyətlərarası dialoq mövzusunda Avropa Şurasına və İSESCO-ya üzv dövlətlərin birgə iştirakı ilə keçirilən ilk Nazirlər Konfransı olmuşdur. Konfrans çərçivəsində 2008-ci ilin dekabrında “Avropada Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu” layihəsinin 10 illik yubileyinə həsr olunan Avropa Şurasına üzv dövlətlərin milli müəlliflərinin görüşü, Avropa Şurasının Kiyev Təşəbbüsü Regional Proqramının Milli Koordinatorlarının, həmçinin Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin Bürosunun görüşləri keçirilmişdir.

   2009-cu ilin noyabrında Sloveniyanın Lyublyana şəhərində “Bizim ümumi Avropa irsimizin bərpası” mövzusunda Nazirlər Konfransında Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. Konfransda “Tarixi şəhərlərdə mədəni irsin bərpası” layihəsinin əsası qoyulmuşdur. 2010-cu ilin sentyabrında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Skopyedə Makedoniyanın sədrliyi ilə keçirilən Avropa Mədəniyyət Nazirlərinin növbəti konfransında iştirak etmişdir.

  

   UNESCO ilə əməkdaşlıq prioritet istiqamətdir

  

   2006-cı ildə Azərbaycan Respublikası Hökuməti ilə UNESCO arasında “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri olan Azərbaycan muğamının qorunması üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi”nə dair saziş imzalamışdır. Həmin ilin oktyabrında UNESCO-nun Baş Qərargahında təşkilatın 60 illiyinə həsr olunmuş həftə çərçivəsində “Azərbaycan: sivilizasiyalar və mədəniyyətlərin kəsişməsində” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak etmişdir.

   Prezident İlham Əliyevin 31 yanvar 2008-ci il tarixli sərəncamına uyğun olaraq UNESCO-nun Baş qərargahında Mir Cəlal Paşayevin və “Leyli və Məcnun” operasının 100 illik yubileyləri keçirilmişdir. 2009-cu ilin sentyabında Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında Azərbaycan Aşıq sənəti və Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilmişdir. 2010-cu ilin noyabrında UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin Keniyanın paytaxtı Nayrobidə keçirilən 5-ci sessiyasında isə Azərbaycan xalçaçılıq sənəti Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.

   2009-cu ildə Azərbaycan UNESCO-nun “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiyası»na qoşulmuşdur. Konvensiya çərçivəsində ölkəmizdə “Mədəni müxtəlifliyimiz mədəni vəhdətimizdir” layihəsi həyata keçirilir.

  

   İslam ölkələri və yaxın qonşularla əlaqələr genişlənir

  

   “Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009” mədəniyyət ili ölkəmizin müsəlman dövlətləri ilə əməkdaşlığında yeni cığır açmışdır. “Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində 2009-cu ilin oktyabrında Bakıda İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransı keçirilmişdir. Konfransda İslam ölkələri mədəniyyət nazirləri konfransına sədrlik Liviyadan növbəti iki il müddətinə Azərbaycan Respublikasına keçmiş və Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur.

   Keçmiş sovet respublikalarının üzv olduğu MDB təşkilatı çərçivəsində mədəni münasibətlərin inkişafına da önəm verilməkdədir. 2006-cı ilin oktyabrında Bakıda MDB dövlətlərinin Mədəni Əməkdaşlıq üzrə Şurasının XXI iclası keçirilmiş, nazir Əbülfəs Qarayev Şuranın sədri seçilmişdir.

   TÜRKSOY təşkilatı çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan Respublikasının yüksək səviyyədə təmsil olunması üçün mühüm tədbirlər görülmüşdür.

   2008-ci ilin oktyabrında Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində TÜRKSOY Daimi Şurasının XXV iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yekdilliklə təşkilatın Daimi Şurasının koordinatoru seçilmişdir. 2009-cu ilin 17-17 oktyabrında Bakı şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXVI toplantısı keçirilmişdir. İclasda TÜRKSOY-un yeni Nizamnaməsi qəbul edilmiş və təşkilatın beynəlxalq statusu müəyyən olunmuşdur.

 

 

  Mədəniyyət.- 2011.- 26 yanvar.- S. 16.