Nəşriyyat, reklamın təşkili və informasiya: ötən beş ilin qısa yekunları

 

   Mədəniyyət və Turizm Nazirliyinin yaranmasından ötən 5 il nəşriyyat, reklamın təşkili və informasiya sahəsində də bir sıra yeniliklər və uğurlarla yadda qaldı. Kitab və digər çap məhsullarının hazırlanması və istehsalı cəmiyyətin intellektual, estetik və əxlaqi kamilləşməsinə xidmət göstərən əsas vasitədir. Bu baxımdan Mədəniyyət və Turizm Nazirliyi nəşriyyat və poliqrafiya sahəsinin müasir tələblər səviyyəsində inkişafı, əhalinin zəruri çap məhsullarına olan ehtiyaclarının ödənilməsinin təmin edilməsi üçün bir sıra mühüm tədbirlər həyata keçirmişdir.

  

   Bu sahədə fəaliyyət bir neçə istiqaməti əhatə etmişdir. Bu istiqamətlərdən biri nazirliyin vəsaiti hesabına zəruri nəşr layihələrinin həyata keçirilməsidir. Hesabat dövründə nazirliyin vəsaiti hesabına 200 ada yaxın kitab buraxılmış və ölkə kitabxanalarına paylanmışdır. Bu kitabların əksəriyyəti Azərbaycan dövlətinin mədəniyyət siyasətinə uyğun olaraq mədəniyyət, incəsənət, və ədəbiyyat, kulturologiya, mədəni irsin qorunması, mədəniyyət və turizm sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri ilə bağlı olmuşdur.

    Beş ildə nazirliyin təşkilatçılığı və maliyyə dəstəyi ilə işıq üzü görən kitablar sırasında Tərlan Seyidovun “XX əsrin Azərbaycan fortepiano mədəniyyəti. Mənbələr, təşəkkül və inkişaf yolu”, Abuzər Xələfovun “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, İlyas Əfəndiyev haqqında xatirələrdən ibarət “Yaddaşın boy çiçəyi...”, Kübra Əliyeva və Eldəniz İbrahimovun “Lətif Kərimovun həyat və yaradıcılığı”, Əziz Ələkbərlinin Azərbaycan, ingilis, rus, alman və fransız dillərində “Qərbi Azərbaycan abidələri“, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, Hüseyn Cavidin “Dram əsərləri”, Almas İldırımın “Boğulmayan bir səs”, Elçinin “Pyeslər”, Səid Rüstəmovun “Mahnılar", Həvva Məmmədovanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağda siyasi vəziyyət. Erməni terrorizminin güclənməsi (1918-1920)”, Mikayıl Müşfiqin 3 cildlik “Seçilmiş əsərləri”, Tofiq Quliyevin “Fortepiano üçün əsərlər”i, «Silinməz izlər» seriyasından Rəhilə Gülgünün Mir Cəlal Paşayev haqqında «Göylər adamı», Nəsir İmanquliyev haqqında «Xəbərin rəngi», Heydər Əliyev haqqında şeir və fotolardan ibarət «Günəşə qovuşmaq istəyirəm mən», Qara Qarayevin “Sonata”, “Kvartet”, “Seçilmiş əsərləri”, Üzeyir Hacıbəyovun «Leyli və Məcnun», İlham Rəhimlinin “Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı”, Mustafa Çəmənlinin “Leyli və Məcnun 100 il səhnədə”, Məryəm Əlizadənin “Dördüncü ölçünün rəngləri”, 3 cildlik “Heydər Əliyev və mədəniyyət”, 2 cildlik “Prezident İlham Əliyev və mədəniyyət”, İsa Muğannanın 6 cildlik “Seçilmiş əsərləri”, Məlahət Fərəcovanın “Azərbaycan qayaüstü incəsənəti”, Ziyadxan Əliyevin ”Sənətin Məcnunu”, faşizm üzərində qələbənin 65 illiyi ilə əlaqədar Lidiya Obuxovanın “Öncə yer vardı”, “Külək qarı səpələr...”, “Dünya ədəbiyyatı. Antologiya”, Aydın Dadaşovun “Kinoşünaslıq” (dərslik), “525 kitab” seriyasından 10 adda nəsr və poeziya toplusu, musiqi məktəbləri üçün dərsliklər və sair kitablar nəşr edilmiş, bölgü əsasında respublikanın kitabxanalarına verilmişdir.

   Göründüyü kimi buraxılan kitablar Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin müxtəlif sahələrini əhatə edir. Eyni zamanda nazirliyin digər şöbələri, xüsusilə turizm şöbəsi, ötən beş il ərzində öz sahələrinə uyğun xeyli sayda nəşr məhsullarının çapını təmin etmişlər.

   2010-cu ildə “Çap məhsullarının satın alınması ilə əlaqədar müsabiqə komissiyası” yaradılmış və müsabiqə yolu ilə satınalma qaydaları təsdiq edilərək mətbuatda dərc edilmişdir. İlk dəfə olaraq “Mədəniyyət və Turizm Nazirliyinin ölkədə nəşriyyat işi və kitab sənətinin inkişaf etdirilməsi üzrə Fəaliyyət Proqramı (2008-2012-ci illər)” hazırlanmışdır.

   2006-cı ilin sentyabrında “Azərbaycanda Rusiya İli” çərçivəsində Bakıda I Beynəlxalq Rus Kitabı Festivalı keçirilmişdir. Tədbirin təşkilatçıları Rusiya Federasiyasının Mətbuat və Kütləvi Kommunikasiyalar Federal Agentliyi, İTAR-TASS İnformasiya Agentliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi olmuşdur. Festivala dünyanın bir çox ölkəsindən 150-yə yaxın rus dilində yazıb yaradan tanınmış yazıçı, şair və naşir, 40-a yaxın mötəbər qonaq qatılmış, Azərbaycanın yaradıcı ziyalıları da bu tədbirlərdə təmsil olunmuşlar.

   2006-cı ildən başlayaraq Azərbaycan kitabı 20 beynəlxalq sərgidə, o cümlədən İsgəndəriyyə, Frankfurt, Varşava, Pekin, İstanbul, Əbu-Dabi, Saloniki, Moskva, Minsk, London, Tehran, Paris şəhərlərində keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkalarında nümayiş etdirilmiş, sərgi ziyarətçilərinin marağına səbəb olmuşdur.

   2009-cu ilin sentyabrında Muzey Mərkəzində Azərbaycanda ilk dəfə olaraq I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası təşkil olunmuş, onun yüksək səviyyədə keçməsi təmin edilmişdir. Həm mətbuatda, həm də oxucular arasında böyük marağa səbəb olan sərgi-yarmarkada 20 xarici ölkədən təxminən 35-ə yaxın, Azərbaycandan isə 60-dan artıq yerli nəşriyyat və poliqrafiya müəssisəsi iştirak etmişdir. Tədbir çərçivəsində keçirilən təqdimat mərasimləri və görüşlər də iştirakçıların diqqətini çəkmiş, ölkə mətbuatında geniş işıqlandırılmışdır.

   MDB İcraiyyə Komitəsinin dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şurasının qərarı ilə 2004-cü ildən başlayaraq Rusiyanın paytaxtı Moskvada hər il Beynəlxalq «Kitab Sənəti” müsabiqəsi keçirilir. Nazirliyin xətti ilə Azərbaycan kitabları ardıcıl olaraq bu müsabiqədə iştirak etmiş, hər dəfə müxtəlif nominasiyalar üzrə I, II və III dərəcəli mükafatlardan birinə və yaxud eyni ildə bir neçəsinə layiq görülmüş, 2010-cu ildə isə bir kitabımız müsabiqənin Qran-Pri mükafatını qazanmışdır.

   2009-cu ildə “Qızıl Kəlmə” Ədəbi Mükafatı təsis edilmiş və mükafatlar ilk qaliblərinə təqdim olunmuşdur. İki ildən bir keçirilən müsabiqəyə yeni elan verilmiş və hazırda əsərlərin qəbulu davam etməkdədir.

   2010-cu ilin mayında “Ən yaxşı dram əsərləri” müsabiqəsinə yekun vurulmuş, münsiflərin qərarı ilə birinci yerə layiq bilinən əsər olmadığından ikinci və üçüncü yerlərin qalibləri müəyyən edilmişdir.

   2008-ci ildə ölkə başçısının yaradıcı gənclərə qayğı göstərilməsi məqsədi ilə müəyyən dövlət qurumlarına həvalə etdiyi vəzifələrə uyğun olaraq nazirliyin təşəbbüsü ilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının nəzdində yaradılan Gənc Ədiblər Məktəbinin 2 illik fəaliyyətindən sonra 2010-cu ilin dekabrında məktəbin ilk məzunlarına diplomlar təqdim edilmişdir.

   Mədəniyyət və Turizm Nazirliyi yarandığı vaxtdan informasiya və reklam fəaliyyətinə xüsusi önəm verməyə çalışmış və bu sahədə müəyyən uğurlar qazanmışdır. 2006-cı ildən başlayaraq mədəniyyət və turizm sahəsində nazirliyin vahid informasiya-reklam siyasətini formalaşdırmaq və həyata keçirmək, ölkədə mətbuat (yazılı və elektron) və reklam sahəsində peşəkarlığın yüksəldilməsinə təkan vermək, mədəniyyət və turizmə dair informasiyaları toplamaq, ümumiləşdirmək, onların analitik təhlilini aparmaq məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmiş, müvafiq hüquqi-normativ, işçi sənədlər hazırlanmışdır. Hazırda informasiya və reklam təminatı işi mədəniyyət və turizm sahələrinə bölünməklə iki istiqamətdə aparılır. Turizm sahəsinin informasiya və reklam təminatı müvafiq şöbə tərəfindən ayrıca təşkil olunur. Mədəniyyət sahəsində informasiya və reklam təminatı isə bu sahənin müxtəlif istiqamətlərini əhatə edir.

   İnformasiya sahəsində ilkin olaraq nazirliklə ölkədə fəaliyyət göstərən teleradio şirkətləri arasında birgə əməkdaşlıq haqqında bəyanat işlənib hazırlanmışdır. Bəyanatda bütün informasiyaların, o cümlədən mədəniyyət və turizm məsələlərinin işıqlandırılmasında başlıca meyar kimi dəqiqliyə, operativliyə və peşəkarlığa nail olunması, televiziya və radio verilişlərində Azərbaycan dilinin təmizliyinin qorunması və onun ədəbi dil normalarına düzgün əməl edilməsi, ədəbiyyat, mədəniyyət, incəsənət və turizm mövzularına dair müştərək layihələrin həyata keçirilməsi, mədəniyyət və turizm sahəsində ilin ən yaxşı televiziya və yaxud radio verilişi üçün xüsusi mükafatın təsis edilməsi, gənc jurnalistlər üçün treninqlərin keçirilməsi və s. məsələlər əksini tapmışdır.

   İnformasiya və reklam işinin təşkili sahəsində nazirliyin başlıca vəzifələrini özündə əks etdirən və beş illik müddət üçün nəzərdə tutulan «Mədəniyyət və turizm sahəsində informasiya və reklam Konsepsiyası» işlənib hazırlanmışdır.

   Mədəni dəyərlərin informasiya təminatı əsasən nazirliyin tabeliyində olan mətbu orqanlar və ölkə mətbuatında müvafiq yazıların dərc etdirilməsi ilə həyata keçirilir.

   İnformasiya və reklam Konsepsiyasına uyğun olaraq hər il mədəniyyət tədbirlərinin elan və reklam materialları hazırlanmış və nəşr olunmuşdur. 2006-cı ildə «Azərbaycan xalqının tarixi adları, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrin hüquqi və fiziki şəxslər tərəfindən istifadəsinə icazə verilməsi Qaydaları» və buna uyğun xüsusi icazə forması işlənib hazırlanmış, təsdiq edilmiş, 2008-ci ildə Ədliyyə Nazirliyində 3409 nömrəli şəhadətnamə ilə qeydiyyatdan keçirilmişdir. İndiyədək 17 hüquqi və fiziki şəxsə belə adlardan istifadə üçün icazə verilmişdir.

   Nazirliyin reklam və informasiya fəaliyyətinin bir sistem halında mükəmməl və davamlı olaraq aparılması üçün ölkədə fəaliyyət göstərən digər kütləvi informasiya vasitələri ilə, televiziya və radio kanalları ilə, agentliklərlə sıx əlaqə saxlanılmış, nazirliyin fəaliyyətinin fundamental istiqamətlərinin irihəcmli məqalələr, geniş müsahibələr, ayrıca televiziya və radio proqramları şəklində işıqlandırılması təmin olunmuşdur.

 

 

   Mədəniyyət.- 2011.- 26 yanvar.- S. 15.