Xalqımızın zəngin mədəni
irsi Azərbaycanı dünyaya tanıdan böyük dəyərdir
Mədəni
irsin mühafizəsi, inkişaf etdirilməsi, dövlət
tarix və mədəniyyət qoruqlarının fəaliyyətinə
davamlı dəstək göstərilməsi ölkəmizdə
həyata keçirilən mədəniyyət siyasətinin əsas
tərkib hissələrindəndir. Son beş ildə ölkə
başçısı tərəfindən imzalanan «Tarix və
mədəniyyət abidələrinin qorunması haqqında»,
“Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən
tarix-mədəniyyət qoruqlarının maddi-texniki
bazasının təminatı, idarəolunma və kadr
potensialının vəziyyəti haqqında” sərəncamlar
Mədəniyyət və Turizm Nazirliyinə qeyd olunan istiqamətdə
fəaliyyətini əhatəli şəkildə qurmağa
imkan verib.
Mədəniyyət və Turizm
Nazirliyi Mədəni irs şöbəsinin müdiri Rizvan
Bayramov son beş ildə bu sahədə görülən
işlər barədə danışdı:
- Bu gün Mədəniyyət və
Turizm Nazirliyinin tabeçiliyində 21 tarix və mədəniyyət
qoruğu fəaliyyət göstərir. Ötən beş ildə
ölkə başçısının sərəncamları
əsasında Abşeron rayonunda «Yanar dağ» Dövlət
tarix-mədəniyyət və təbiət, Bakının
Suraxanı qəsəbəsində «Atəşgah məbədi»
Dövlət tarix-memarlıq, Ağstafa rayonunda
«Keşikçidağ» Dövlət tarix-mədəniyyət
və Quba rayonunda «Xınalıq» Dövlət tarix-memarlıq
və etnoqrafiya qoruqları yaradılıb. Dövlət Torpaq
və Xəritəçəkmə Komitəsi ilə birgə
aparılan iş sayəsində yeni yaradılan qoruqların xəritələri
hazırlanıb. Qoruqlara gedən magistral yollarda informasiya
lövhələri və yol nişanları
quraşdırılıb və bu istiqamətdə tədbirlər
davam etməkdədir.
Nazirlər Kabinetinin “Abidə
qoruqların Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi
barədə” 18 mart 2008-ci il tarixli qərarına uyğun
olaraq bütün qoruqların əsasnamələri təsdiq
olunub. Bundan əlavə «Tarix, mədəniyyət,
memarlıq, bədii və etnoqrafiya qoruqlarının fəaliyyəti
haqqında» yeni statistik hesabat forması hazırlanaraq Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən
təsdiq edilib. 2007-ci ildən etibarən qoruqlar haqqında
informasiya komitənin illik hesabatlarında öz əksini tapmaqdadır.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 6 noyabr 2007-ci il tarixli qərarı ilə Qobustan
Dövlət tarixi-bədii qoruğuna Milli qoruq statusu verilib. Qobustan
qoruğunun inzibati binasının tikilməsi və yeni
ekspozisiyaların yaradılması işi artıq başa
çatmaqdadır. Nazirlər Kabinetinin müvafiq sərəncamı
ilə Qobustan qoruğunun Kiçikdaş dağının ərazisində
əlavə olaraq 135 ha torpaq sahəsi buradakı qoruğa
verilib, eyni zamanda 1035 hektar torpaq sahəsi Qobustan Milli tarixi-bədii
qoruğunun istifadəsinə qaytarılıb. Cingirdağ və
Kiçikdaş dağlarına yeni avtomobil yolları çəkilib.
Ötən müddətdə «Atəşgah
məbədi» kompleksində bərpa-təmir işləri
aparılıb. Qoruğun konservasiyası və bərpası,
ərazidə arxeoloji tədqiqat işlərinin
aparılması və “Atəşgah” tarixi muzey mərkəzinin
yaradılması üçün Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan vəsait ayrılıb. 2008-ci ildə
Qala Dövlət tarix-etnoqrafiya qoruğunun ərazisində
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə Qala Arxeoloji-Etnoqrafik Muzey
Kompleksi yaradılıb. Hacıqabul rayonunun ərazisində
yerləşən «Pir Hüseyn Xanəgahı»
tarix-memarlıq qoruğunda, Mədəni İrsin Qorunması
Layihəsinin işçi qrupu tərəfindən
«Şirvanşahlar Sarayı Kompleksi» Dövlət
tarix-memarlıq qoruğunun ərazisində yerləşən
məsciddə, Nardaran tarix-mədəniyyət qoruğu ərazisində
yerləşən «Xan bağı» abidəsində, Zaqatala
tarix-mədəniyyət qoruğunun Qala divarlarında,
İlisu Dövlət tarix-mədəniyyət qoruğu ərazisində
yerləşən «Sumuq qala» abidəsinin ətrafında,
«Çıraqqala» tarix-memarlıq qoruğunda, Şəkinin
Kiş kəndindəki qoruq-muzeydə bərpa və
abadlıq işləri aparılıb.
2006-2010-cu illərdə təkcə qoruqlarda deyil, müxtəlif tarixi abidələrdə, ümumilikdə 40-a yaxın abidədə quruculuq tədbirləri həyata keçirilib. Son illərdə Azərbaycanın mədəni irsi ilə bağlı «Qərbi Azərbaycan abidələri», M.Muradovanın “Qobustan. Kiçikdaş kolleksiyası”, M.Fərəcovanın «Azərbaycan Qayaüstü incəsənəti», İ.Əliyevin «Abşeron açıqlamaları» adlı kitabları, «Qala abidələr kompleksi kataloqu» işıq üzü görüb, «Atəşgah məbədi», «Qalanın gecələri», “Qobustan pirləri”, Nardaran, Yanardağ və s. adlı bukletlər hazırlanıb.
Bu müddətdə Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması, təbliği diqqət mərkəzində saxlanılıb. Qobustan qoruğunun Dünya İrs Siyahısına daxil edilməsi ilə əlaqədar ölkə başçısının «Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında» sərəncamına uyğun olaraq qoruq haqqında informasiya hazırlanaraq UNESCO-nun veb saytına salınıb. 2007-ci ildə Yeni Zelandiyada keçirilən Dünya İrs Komitəsinin 31-ci sessiyasında Qobustan Dövlət tarixi-bədii qoruğu UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
Həmin ilin martında Azərbaycan, Norveç, Rusiya, Qazaxıstan və Gürcüstan alim və mütəxəssislərinin iştirakı ilə «Mərkəzi Avropa və Asiyanın petroqlifləri. Qobustan mədəni landşaftı» adlı II Beynəlxalq Seminar gerçəkləşib. Bundan əlavə, ölkədə aparılan mədəniyyət siyasətinə uyğun olaraq «Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009» Mədəniyyət İli çərçivəsində Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Memarlıq və İnşaat Universiteti, Romualdo del Bianko Fondu (Florensiya, İtaliya) və İRSİCA-nın dəstəyi ilə «Ənənəvi islam memarlığı» mövzusunda «Dərəcə və ixtisas» adlı beynəlxalq festival, «Sahilkənarı şəhərlərin müasir memarlığı», “İslamın tarixi şəhərləri və müasir memarlıq” adlı konfranslar, Azərbaycanda mədəni irs sahəsində çalışan mütəxəssislərin peşə səviyyəsinin artırılması üzrə milli seminar keçirilib. Avropa Şurasının Kiyev Təşəbbüsü Regional Proqramı üzrə “Tarixi Şəhərlərdə Mədəni İrsin Bərpası”na və tarixi şəhərlərə dair Milli Hesabatlar hazırlanaraq Avropa Şurasına təqdim edilib.
2008-ci ildə Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunun HEREİN (European Heritage Network) layihəsi üzrə ingilis dilində Milli hesabat hazırlanıb və Avropa Şurasının xüsusi saytına yerləşdirilib. Dövlət tərəfindən mühafizə olunan abidələrin rəqəmsal məlumat bazasının yaradılması üzrə tələb olunan məlumatların siyahısı, məlumat bazasının yaradılması üzrə təlimat, məlumat bazasına daxil ediləcək daşınmaz abidələrin kateqoriyalarının siyahısı və rəqəmsal məlumat bazasına daxil ediləcək daşınmaz abidələrin növlərinin siyahısı hazırlanıb. Yerli əhali arasında arxeologiyanın təbliği üzrə proqram layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər görülür. Mədəni irsimizin radioefir vasitəsilə dünyaya tanıdılması məqsədilə ilk dəfə olaraq Radio Sport Federasiyası ilə birgə “Yanardağ” Tarix-mədəniyyət və təbiət qoruğu, Qala Dövlət tarix-etnoqrafiya qoruğu ilə bağlı 24 saatlıq aksiya təşkil olunub.
“Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarix və mədəniyyət abidələrinin bərpası və qorunması haqqında" ölkə prezidentinin sərəncamı ilə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsünə yenidən baxılması və bununla bağlı Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarına müvafiq dəyişikliklər edilməsi tapşırılıb. Sərəncamın icrası ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət institutlarına, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə, Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Memarlıq və İnşaat Universitetinə, Azərbaycan Memarlar İttifaqına, «İçərişəhər» Dövlət Tarix Memarlıq Qoruğu-İdarəsinə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə, şəhər və rayon icra hakimiyyətlərinə müraciət olunub və bu təşkilatların rəyləri nəzərə alınmaqla siyahıya müvafiq əlavə və dəyişikliklər edilib. Yeni siyahı baxılması üçün Nazirlər Kabinetinə təqdim olunub. Aparılan tədqiqat işləri nəticəsində «İçərişəhər» Dövlət Tarix Memarlıq Qoruğunda, «Qobustan» Milli tarix-bədii qoruğunda və Naxçıvan Muxtar Respublikası ərazisində yeni aşkar olunmuş abidələr istisna olmaqla siyahıya 1505 yeni tarix və mədəniyyət abidəsi daxil edilib.
Xalqımızın milli-mədəni irsinin dünyada daha geniş təbliğində hər il böyük coşqu ilə keçirilən və dünyanın müxtəlif ölkələrindən qonaqların maraqla izlədiyi Novruz bayramı şənliklərinin özünəməxsus yeri var. Mədəni irslə bağlı beynəlxalq əlamətdar tarixlər - 18 aprel - Beynəlxalq abidə və tarixi yerlər, 18 may - Beynəlxalq muzey günləri ilə əlaqədar hər il geniş tədbirlər həyata keçirilir.
2009-cu ilin aprelində Mədəniyyət və Turizm Nazirliyi Qəbələ Rayon İcra Hakimiyyəti və Alban-Udin Xristian İcması ilə birlikdə Qəbələ rayonunun Nic kəndindəki “Cotari” kilsəsinin ərazisində udin xalqının “Kala Axsibay” bayramını qeyd edib. 170 ildən sonra udin xalqının bu qədim ənənəsinin yenidən bərpa olunması Azərbaycanın zəngin mədəni irsinin, ölkəmizdəki mədəni müxtəliflik və tolerantlıq mühitinin dünyaya çatdırılması yönündə əlamətdar hadisə idi.
Mədəniyyət.- 2011.- 26 yanvar.- S. 14.