Beş ilin böyük incəsənət hadisələri: tarixə yazılanlar

 

   Fərəh Əliyeva,

   Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri

  

   Ötən beş il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizdə incəsənət sahəsində 800-dən artıq beynəlxalq və respublika əhəmiyyətli tədbir keçirilmiş, Azərbaycan bir sıra beynəlxalq festival və müsabiqələrə ev sahibliyi etmişdir.

  

   Bu sırada 2006-cı ildə Azərbaycanda Rusiya İli, Şostakoviç Festivalı, 2007-ci ildə ”Karvan” Beynəlxalq musiqi layihəsi, 2007-2010-cu illərdə I, II, III, IV Beynəlxalq Mstislav Rostropoviç festivalları, 2009-cu ildə Beynəlxalq Muğam Festivalı və müsabiqəsi, Beynəlxalq Elmi Simpozium, 2009-2010-cu illərdə Bakı beynəlxalq caz festivalları, Ü. Hacıbəyliyə həsr olunmuş I və II beynəlxalq musiqi festivalları, 2007-2010-cu illərdə Vokalçıların Bülbül adına IV və V beynəlxalq müsabiqələr, 2009-2010-cu illərdə I və II Qəbələ beynəlxalq musiqi festivalları, 2010-cu ildə Beynəlxalq Teatr Konfransı, Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək yolu” mərhələsi kimi beynəlxalq səviyyəli tədbirləri xüsusi qeyd etmək olar.

   Azərbaycan ədəbiyyatının, söz xəzinəsinin geniş təbliği, bədii qiraət ifaçılarının yeni nəslinin üzə çıxarılması məqsədilə 2006-cı ildə Gəncədə Nizami Gəncəvinin 865, 2007-ci ildə Ağdaşda Hüseyn Cavidin 125, 2008-ci ildə Şəkidə Mikayıl Müşfiqin 100, 2009-cu ildə Lənkəranda Cəfər Cabbarlının 110, 2010-cu ildə Göyçayda Rəsul Rzanın 100 illiyinə həsr olunmuş “Deyilən söz yadigardır” adlı Respublika bədii qiraət müsabiqələri keçirilmişdir.

   2007-ci ildə Bakıda, 2009-cu ildə Gəncədə “Yeni Teatr” adlı gənc rejissorlarının respublika müsabiqələri, 2010-cu ildə Qax rayonunda Respublika Kukla Teatrları Həftəsi, 2006-2009-cu illərdə “Yaddan çıxmaz Qarabağ” mədəni-siyasi aksiyası, 2010-cu ildə Milli Teatr Festivalı keçirilmişdir.

   Bu illər ərzində Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən bir çox görkəmli mədəniyyət və incəsənət xadiminin - Üzeyir Hacıbəylinin 125, Qara Qarayevin 90, Tahir Salahovun 80, Arif Məlikovun 75 , Səid Rüstəmovun100, Həqiqət Rzayevanın 100, Əfrasiyab Bədəlbəylinin 100, Vaqif Mustafazadənin 70 illik yubileyləri qeyd olunmuşdur.

  

   Qədim xalqın qədim mədəniyyəti dünyada

  

   2006-2010-cu illərdə bir sıra xarici ölkələrdə - Səudiyyə Ərəbistanı, Almaniya, Ukrayna, Misir, Tatarıstan, Tacikistan, Türkmənistan, Rusiya, Qətər, Mərakeş, İordaniya, Gürcüstan, İran, Belarus və Moldovada Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir. Eləcə də Azərbaycanda Tatarıstan (Rusiya), Türkmənistan, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Tacikistan, Moldova, Belarus, Rusiya, Misir, Mərakeş və İordaniyanın Mədəniyyət Günləri təşkil edilmişdir.

   Azərbaycan teatrları 2006 -2010-cu illər ərzində Rusiya, Türkiyə, Misir, Bolqarıstan, Tacikistan, Gürcüstan, Ukrayna, Belarus, İran, Mərakeş, Avstriya, Fransa, Almaniya, Hollandiya və İsveçrədə keçirilən beynəlxalq səviyyəli tədbirlərdə iştirak etmişlər.

   2006-2010-cu illərdə Azərbaycan musiqi kollektivləri və solistləri bir çox xarici festivallarda iştirak etmişlər: 2006, 2007, 2008, 2010-cu illərdə Almaniyadakı “Qut İmmling” Opera Festivalı, 2006-2010-cu illərdə Kanada Niaqara festivalı, 2006-2010-cu illərdə “XI Young Euro Klassik Festival” kimi məşhur beynəlxalq festivalların iştirakçısı olmuşlar.

   2006-cı ildə Vyanada - Kammeroper Teatrında Üzeyir Hacıbəylinin «Arşın mal alan» əsəri, 2007-ci ildə Qahirə Opera Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun «Min bir gecə» baleti böyük uğurla tamaşaya qoyulmuşdur.

   2007-2008-ci illərdə keçirilən Azərbaycan Musiqi Festivalı layihəsinin məqsədi və qayəsi xalq musiqisinin, bəstəkar yaradıcılığının, ifaçılıq sənətinin yüksək səviyyədə təbliği və Azərbaycanın bütün bölgələrini əhatə edən vahid musiqi məkanının yaradılması olmuşdur. 2008-ci ildə Azərbaycanda Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının 100 illik yubileyi Akademik Opera və Balet Teatrında təntənəli şəkildə keçirilmişdir.

   2009-cu ildə Azərbaycan milli opera sənətinin şah əsəri olan Ü.Hacıbəylinin “Koroğlu” əsəri TÜRKSOY-un təşəbbüsü ilə Beynəlxalq layihə əsasında tamaşaya qoyulmuşdur. Layihədə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan musiqiçiləri iştirak etmişlər. Tamaşa Ankara, İstanbul, Bakı, Bişkek və Astanada böyük uğurla göstərilmişdir.

   2006-2010-cu illər dünya şöhrətli bədii kollektivlər, teatrlar, musiqiçilər, dirijorlar Azərbaycanda qastrol səfərlərində olmuşlar. Ü.Hacıbəylinin 125 illiyi münasibətilə “Arşın mal alan” operettası Türkiyə, Çin, Belarus, Türkmənistan, Ukrayna və Qazaxıstanda səhnəyə qoyulmuşdur.

  

   Mədəniyyət zirvələri və ya “Zirvə”yə aparan yol

  

   2007-ci ildə İsveçrədə keçirilən 41-ci Montrö Caz Festivalında Azərbaycan ilk dəfə iştirakçı olmuş, gənc musiqiçi Şahin Növrəsli respublikamızı layiqincə təmsil edərək, ikinci yerə layiq görülmüşdür. 2009-cu ildə 43-cü Montrö Caz Festivalında gənc pianoçu İsfar Rzayev-Sarabski I yerə layiq görülmüşdür. 11 ölkə arasında birinci yeri qazanan Azərbaycan, həmçinin festival tarixində bu mükafata layiq görülən ilk müsəlman ölkəsi olmuşdur.

   Ölkə prezidentinin 19 dekabr 2007-ci il tarixli sərəncamına uyğun olaraq 2008-ci ildə dahi Azərbaycan bəstəkarı, görkəmli alim-pedaqoq, SSRİ Xalq artisti, dövlət mükafatları laureatları, akademik Qara Qarayevin 90 illiyi çərçivəsində Beynəlxalq Musiqi Festivalı, Bakıda, Ankarada bir sıra tədbirlər keçirilmişdir.

   2008-ci il isə Almaniya ilə Azərbaycan arasında mədəni əməkdaşlığın yeni mərhələsi kimi yadda qalacaq. Həmin il Almaniyada keçirilən Azərbaycan İli xalqımızın zəngin mədəniyyətinin Avropada tanıdılması yolunda atılan uğurlu addımlardan biri olmuşdur.

   Milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, musiqi, təsviri sənət və kino sahəsində xüsusi nailiyyətlər qazanan şəxslərin bədii axtarışlarını dəstəkləmək və daha böyük yaradıcılıq uğurlarına ruhlandırmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi respublikamızda ilk dəfə olaraq 2007-2010-cu illərdə «Zirvə» mükafatı təsis etmişdir.

   Bakının 2009-cu ildə “İslam Mədəniyyəti Paytaxtı” elan olunması ilə əlaqədar tədbirlər planı çərçivəsində həmin ilin martında Muzey Mərkəzində «Qadın portretləri» adlı sərgi, «Şərq və Qərb moda təqdimatı», habelə Azərbaycan qadın bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil edilmişdir.

   Ötən müddətdə incəsənətlə bağlı qəbul edilən bir sıra dövlət sənədləri - “Teatr və teatr fəaliyyəti haqqında” qanun, “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı bu sahənin inkişafına geniş zəmin yaratmışdır.

   Heydər Əliyev Sarayının, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Akademik Dövlət Milli Dram Teatrının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılmışdır.

   Son 5 ildə dövlət teatrlarında 433 yeni tamaşa hazırlanmışdır. Onlardan 68-i Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə həyata keçirilmişdir. Bu müddətdə Azərbaycan təsviri sənətinin inkişafı, dünyada təbliği, gənc rəssamların yaradıcılığının dəstəklənməsi istiqamətində də xeyli işlər görülmüşdür.

 

  5 ilin beşləri sırasında...

  

   Ötən beş ildə bu sahədə keçirilən respublika və beynəlxalq əhəmiyyətli tədbir və sərgilərin sayı 250-dən çox olmuşdur. İlk dəfə olaraq 2007-ci ildə və daha sonra 2009-cu ildə İtaliyada keçirilən Dünya Təsviri Sənət Sərgisində (52-ci və 53-cü Venesiya Biennaleləri) Azərbaycan Pavilyonu təşkil edilmiş, rəssamlarımızın əsərləri bu pavilyonda nümayiş etdirilmişdir. 2007 və 2009-cu illərdə Bakıda “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçirilmiş, bu mühüm tədbirdə dünyanın 30-a yaxın ölkəsindən 100-dək rəssam, sənətşünas, kurator və musiqiçi iştirak etmişlər.

   2009-cu ildə ilk dəfə olaraq, respublikanın bütün şəhər və rayonlarını əhatə edən “Ümumrespublika Dekorativ-tətbiqi Sənət Festivalı” keçirilmiş, Festivalın yekun sərgisi Bakıda təşkil edilmişdir. 2010-cu ildə Azərbaycan incəsənəti tarixində ilk dəfə olaraq “Azərbaycan rəssamlarının avtoportret” sərgisi keçirilmişdir. 2010-cu ildə Moskvadakı “Aydan” Qalereyasında Azərbaycan rəssamlarının “Novruz” Müasir İncəsənət Sərgisi təşkil edilmişdir.

   Ölkə prezidentinin təşəbbüsü ilə dahi rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi, SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, dövlət mükafatları laureatı Tahir Salahovun 2008-ci ilin noyabrında Bakıda, 2009-cu ilin yanvarında isə Moskvada 80 illik yubiley tədbirləri keçirilmişdir. 2010-cu ildə ölkə prezidenti tərəfindən daha bir görkəmli fırça ustamızın - SSRİ Xalq rəssamı, Dövlət Mükafatı laureatı Toğrul Nərimanbəyovun 80 illik yubileyinin keçirilməsi barədə müvafiq sərəncamlar imzalanmışdır.

   2006-2010-cu illər ərzində bir çox görkəmli mədəniyyət və incəsənət xadimlərinin büstü ucaldılmışdır. Nazirliyin tabeliyində fəaliyyət göstərən 33 dövlət rəsm qalereyasının fəaliyyətinin, maddi-texniki bazasının və bina təchizatının yaxşılaşdırılması istiqamətində lazımi işlər görülmüşdür.

 

 

   Mədəniyyət.- 2011.- 26 yanvar.- S. 13.