Turizm sektoru davamlı inkişaf yolunda
Aydın İsmiyev,
Mədəniyyət
və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri
Turizm
müasir dünyada iqtisadiyyatın ən gəlirli sahələrindən
biridir. Əksər ölkələrin büdcəsinin
formalaşmasında bu sahə önəmli rol oynayır. Təbii-coğrafi
baxımdan əlverişli mövqedə yerləşən Azərbaycanda
da turizm üçün geniş potensial, zəngin təbii
resurslar var. Ölkə rəhbərliyinin həyata
keçirdiyi uğurlu sosial-iqtisadi siyasət nəticəsində
turizm sektoru davamlı inkişaf yoluna qədəm qoyub.
Son beş ildə respublikamızda
turizm sahəsində dövlət siyasətini həyata
keçirən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
ölkəmizin mövcud turizm potensialının beynəlxalq
aləmdə tanınması, turistlərin Azərbaycana
çoxsaylı səfərlərinin təşkili, turizmin
müxtəlif növlərinin inkişaf etdirilməsi,
normativ-hüquqi aktların qəbul edilməsi, turizm sahəsində
kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi,
müasir turizm infrastrukturunun yaradılması sahəsində
məqsədyönlü işlər
görülmüşdür. Bu müddətdə həm
daxili turizmin inkişafı, həm də Azərbaycanın
beynəlxalq turizm bazarına inteqrasiyası, ölkəmizə
daha geniş miqyasda xarici turist səfərlərinin təşviq
edilməsi diqqət mərkəzində olmuşdur.
Azərbaycan Respublikası
Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və
İqtisadi İnkişaf üzrə Dövlət
Proqramı”nın tələbləri çərçivəsində
hesabat dövrü ərzində Quba, Şamaxı, Şəki,
Lənkəran, Gəncə, Zaqatala, Xaçmaz və
Naxçıvan turizm informasiya mərkəzləri fəaliyyətə
başlamışdır.
Nazirliyin həyata keçirdiyi əsas
tədbirlərdən biri də beynəlxalq mədəni
turizm marşrutları vasitəsilə Azərbaycanın turizm
bazarının beynəlxalq turizm bazarına inteqrasiya etməsidir.
Bununla bağlı Avropa Şurasının Kiyev təşəbbüsü
layihəsi çərçivəsində “Aleksandr Düma
Qafqazda”, “Azərbaycanda şərab yolları” və “İpək
Yolu” beynəlxalq mədəni turizm marşrutları, “Alman
yaşayış məskənləri” adlı beynəlxalq
layihələr işlənməkdədır. “Azərbaycanda
şərab yolları” layihəsi çərçivəsində
Beynəlxalq Mədəniyyət və Turizm Mübadiləsi
Assosiasiyası yaradılmışdır.
Eyni zamanda ölkəmizin turizm
potensialının beynəlxalq aləmdə
tanıdılması məqsədilə Almaniya, Avstriya və
Türkiyə, Misir, Mərakeş, Küveyt, Yunanıstan və
başqa ölkələrin turizm şirkətləri və
kütləvi informasiya vasitələri üçün
infoturlar təşkil edilir. Azərbaycanda fəaliyyət
göstərən turoperatorlar və KİV nümayəndələri
üçün 2006-cı ildən mütəmadi olaraq
respublikamızın müxtəlif rayonlarına infoturlar həyata
keçirilmişdir. Bu infoturlar nəticəsində turist
şirkətləri ilə mehmanxanalar arasında əməkdaşlıq
yaranır.
Bütün dünyada olduğu
kimi, hər il Azərbaycanda da 27 sentyabr Turizm Günü kimi
qeyd olunur. Bununla bağlı müxtəlif tədbirlər,
ümumrespublika daxili turizm konfransları, turizm sahəsinə
aid layihələr həyata keçirilir.
Daxili
turizmin inkişafı prioritet məsələdir
Daxili turizmin inkişaf etdirilməsi
istiqamətində Yanardağ və Nardaran qalası turist
marşrutuna salınıb. «Qala» Dövlət Tarixi Etnoqrafik
Muzeyi yaradılıb və bu məkanın turizm marşrutu
kimi tanıtdırılması istiqamətində işlər
görülüb. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 16 iyul 2004-cü il tarixli qərarı ilə təsdiq
edilmiş “Turist-ekskursiya xidmətlərinin
sertifikatlaşdırılması Qaydası”na uyğun olaraq,
Azərbaycan Respublikasında dövlət təsnifatından
keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin
sayı 74-ə çatmışdır.
Turizm şirkətlərinin fəaliyyətinin
inkişaf etdirilməsi, onların işində mövcud olan
problemlərin aradan qaldırılması və turizm şirkətlərinin
mənafeyinin qorunması, vahid şəkildə yerli və
beynəlxalq tədbirlərdə iştirak etmək məqsədilə
2009-cu ildə Azərbaycan Turizm Şirkətləri
Assosiasiyası yaradılmışdır.
“Azərbaycan Respublikasında bəzi
fəaliyyət növlərinə xüsusi razılıq
(lisenziya) verilməsi haqqında qaydalar”a əsasən isə
207 hüquqi və fiziki şəxsə turizm fəaliyyəti
ilə məşğul olmaq üçün xüsusi
razılıq (lisenziya) verilib.
Ölkə ərazisində fəaliyyət
göstərən mehmanxana və mehmanxana tipli obyektlərin
sayı 2006-cı ildə 288, 2007-ci ildə 320, 2008-ci ildə
370, 2009-cu ildə 452, 2010-cu ildə 477 olmuşdur.
Azərbaycana gələn xarici
turistlərin sayı da ilbəil artmaqdadır. 2006-cı ildə
ölkəmizə gələn turistlərin sayı 903.889,
2007-ci ildə 1.010.792, 2008-ci ildə 1.408.988, 2009-cu ildə
1.429.825 nəfər təşkil etmişdir.
2010-cu il aprelin 28-30-da Bakı şəhərində
“9-cu Beynəlxalq Turizm Sərgisi” və ilk dəfə “I
Ümumrespublika Daxili Turizm Sərgisi” keçirilmişdir. Sərginin
açılışında Azərbaycan Respublikasının
Prezidenti iştirak etmiş, sərginin işinə uğurlar
arzulamışdır. Qeyd edim ki, “AİTF” Beynəlxalq turizm sərgisində
iştirak edən xarici ölkələrin cografiyası
genişlənir və burada iştirak edən turizm şirkətlərinin
sayı ildən-ilə artır. 2010-cu ildə
iştirakçı ölkələrin sayı 32-yə,
şirkətlərin sayı isə 120-yə
çatmışdır.
Dövlət Proqramı turizmin inkişafına
mühüm zəmin yaradır
Azərbaycan Respublikası
Prezidentinin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə “Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramı” təsdiq
edilmişdir. Proqramın təsdiq edilməsində məqsəd
Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə
cavab verən müasir turizm xidməti sahələrinin
formalaşdırılması, turizm sahəsinin ölkə
iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə
çevrilməsinin təmin edilməsi, qeyri-neft sektorunda
turizmin gəlir gətirən sahə kimi inkişaf etdirilməsi,
bu sahədə yüksək keyfiyyətli xidmət səviyyəsinin
yaradılması və davamlı inkişafın təmin edilməsidir.
Proqramın icra olunması məqsədilə ötən
müddətdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
müəyyən işlər görülmüşdür.
Nazirliyin tədbirlər planı təsdiq edilmiş və bir
sıra bəndlərin icrası ilə bağlı aidiyyəti
üzrə dövlət qurumlarına məktublar
ünvanlanmışdır. Bunun nəticəsi olaraq, Ekologiya
və Təbii Sərvətlər Nazirliyi ilə birgə
Dövlət Proqramının icrasına dair Tədbirlər
Planı hazırlanmışdır.
Proqramın icrasına uyğun
olaraq Azərbaycanda yeni turist marşrutlarının
yaradılması çərçivəsində 2010-cu il
avqustun 3-dən 5-dək Respublika Atçılıq Mərkəzinin
Şəkidəki filialında “Atüstü turizm
marşrutları”nın təqdimatı keçirilmiş və
tədbirdə 12 turizm şirkəti, KİV nümayəndələri
iştirak etmişlər. Eyni zamanda sentyabrın 3-5-də
Bakı-Quba-Şamaxı-Bakı istiqamətində
dağlıq ərazilərdə avtoturizm və ekstremal
turizmin komponentlərini özündə əks etdirən yeni
turist marşrutu yaradılmışdır.
Ölkəmizin turizm sənayesinin
inkişafının indiki mərhələsində yeni “Turizm
haqqında” Qanunun hazırlanmasına ciddi ehtiyac
yaranmışdir. Bunu nəzərə alaraq, nazirliyin mütəxəssisləri
tərəfindən yeni qanun layihəsi hazırlanaraq, aidiyyəti
dövlət qurumları ilə
razılaşdırılması məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim
edilmişdir.
Azərbaycan Respublikası
Prezidentinin müvafiq sərəncamına əsasən
2006-cı ildə yaradılan Azərbaycan Turizm İnstitutunun
bu il ilk məzunları buraxılmışdır. Qeyd etmək
istərdik ki, 74 məzundan 14-ü eyni zamanda Avstriyanın
Krems Universitetinin müvafiq diplomunu da almışdır.
Hazırda bu ali təhsil ocağında 1100-dən çox tələbə
müxtəlif ixtisaslar üzrə təhsil alır.
Azərbaycan
turizminin təbliğatı yüksək səviyyədə
qurulub
Respublikamızın turizm
imkanlarını təbliğ etmək məqsədilə Mədəniyyət
və Turizm Nazirliyi bir sıra tədbirlər həyata
keçirir. Nazirliyin sifarişi ilə son on il ərzində
ölkəmizin turizm imkanlarını əks etdirən rus,
ingilis, fransız, ərəb, yapon, çin, alman, ispan və
Ukrayna dillərində 40-dan çox reklam-çap məhsulları,
CD və DVD disklər hazırlanmışdır. Bu
reklam-çap məhsulları beynəlxalq turizm sərgilərində
sərgi iştirakçılarına və ziyarətçilərə,
respublikamızın xarici ölkələrdəki səfirlik
və nümayəndəliklərinə
çatdırılır.
Azərbaycanın turizm
potensialını dünyada tanıtmaq məqsədilə
yaradılan www.azerbaijan.tourism.az saytının adı beynəlxalq
telekanallarda nümayiş olunan, Azərbaycanın turizm
potensialını əks etdirən reklam çarxlarında,
beynəlxalq turizm sərgilərinin rəsmi kataloqlarında,
eləcə də digər rəsmi xarici mənbələrdə
göstərilir. Sayt mütəmadi olaraq yeniləşdirilir.
Son on il ərzində nazirliyin iştirak etdiyi beynəlxalq
turizm sərgilərinin coğrafiyası genişlənmiş
və iştirak etdiyimiz sərgilərin sayı 19-a (London,
Nyu-York, Moskva, Berlin, Pekin, Milan, Madrid, Dehli, Vyana, Mumbay,
İstanbul, Tokio, Əl-Küveyt, Dubay, Kiyev, Tbilisi, Bəhreyn,
Daşkənd və s.) çatmışdır. Bu sərgilərdə
nazirliklə birlikdə respublikamızda fəaliyyət
göstərən bir sıra turizm şirkətləri və
mehmanxana kompleksləri də təmsil olunur. Sərgilər
zamanı respublikamıza olan marağın ildən-ilə
artmasının şahidi oluruq. Sərgidə iştirak edən
turizm şirkətləri sərgi zamanı xarici ölkələrin
turizm şirkətləri ilə danışıqlar aparır
və əməkdaşlıq haqqında müqavilələr
imzalayırlar.
2006-cı ildən etibarən Azərbaycanın
imic-reklam çarxları hazırlanmağa
başlanmışdır. Bu məqsədlə Rusiyanın
“NTV”, yerli “MaxMedia”, “Salnamə” studiyaları tərəfindən
çəkilişlər aparılmışdır. Həmin
ildən başlayaraq məşhur xarici televiziya kanallarında
bu reklam çarxları yayımlanır. Bunlar “CNN”, “Euronews”,
“National Geographic”, “Travel Channel”, “BBC” və “CNBC” televiziya
kanallarıdır.
2006-2010-cu illər ərzində Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin
şifarişi ilə BƏƏ, Ukrayna, Çexiya və
Rusiya televiziya kanalları və prodakşn şirkətləri
tərəfindən bir çox turizm imkanlarını əks
etdirən filmlər və reklam çarxları
hazırlanmış və yayımlanmışdır.
Beynəlxalq
qurumlarla əlaqələr genişlənir
Turizm sahəsində əməkdaşıq
haqqında Hökumətlərarası Sazişlər çərçivəsində
də müəyyən işlər
görülmüşdür. Belə ki, son 5 il ərzində
Azərbaycanla Yunanıstan, Qazaxıstan, İordaniya, Fransa,
Tacikistan, Misir Ərəb Respublikası, Litva, Mərakeş
Krallığı, Küveyt, Suriya və Latviya arasında
turizm sahəsində əməkdaşlıq haqqında
sazişlər bağlanmışdır. İmzalanmış
sazişlərin müddəalarının həyata
keçirilməsi ilə əlaqədar Mədəniyyət və
Turizm Nazirliyi mütəmadi olaraq tədbirlər görür
və digər ölkələrlə turizm sahəsində
ikitərəfli əlaqələrin qurulması istiqamətində
müvafiq işlər aparır.
İslam dünyası ilə mədəniyyət
və turizm sahələrində çoxtərəfli əməkdaşlıq
münasibətləri yüksək səviyyədə
inkişaf edir. Bu əməkdaşlıq həm İslam
Konfransı Təşkilatı, həm də onun
ixtisaslaşmış institutları olan İSESCO,
İRCİCA, SESRTCİC, İslam Texnologiyalar Universiteti və
s. təşkilatlar çərçivəsində həyata
keçirilir. 2006-cı ildə İslam Konfransı Təşkilatına
üzv olan dövlətlərin Turizm Nazirlərinin 5-ci
Konfransı Bakı şəhərində
keçirilmişdir və Azərbaycan 2006-2008-ci illər ərzində
Turizm Nazirlərinin İslam Konfransına sədrlik etmə
hüququnu əldə etmişdir.
Azərbaycan Respublikası ilə
28 ölkə arasında turizm sahəsində əməkdaşlıq
haqqında saziş layihələri
hazırlanmışdır. Həmçinin çoxtərəfli
əməkdaşlıq münasibətlərinin qurulması və
inkişaf etdirilməsinin turizm siyasətinin prioritet istiqamətlərindən
biri olduğunu nəzərə alaraq Mədəniyyət və
Turizm Nazirliyi Birləşmiş Millətlər Təşkilatı,
Dünya Turizm Təşkilatı, Avropa Şurası, İslam
Konfransı Təşkilatı, Müstəqil Dövlətlər
Birliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat
- GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı,
İqtisadi Əməkdaşlıq Təşkilatı və
s. beynəlxalq təşkilatlarla turizm sahəsində
çoxtərəfli əməkdaşlığın təşkil
edilməsi, turizm sahələrində mövcud proqramlara
qoşulma, beynəlxalq tədbirlərdə fəal
iştirakın təmin edilməsi, əməkdaşlığa
dair sənədlərin imzalanması istiqamətində səmərəli
fəaliyyətini davam etdirir.
Mədəniyyət.-
2011.- 26 yanvar.- S. 12.