Ötən beş ildə milli
kinomuz yeni mərhələyə qədəm qoyub
2006-2010-cu illərdə Azərbaycan filmləri 40-dək
ölkədə 90-dan artıq festivalda iştirak edib
Azərbaycan
dövləti tərəfindən milli kinomuzun
inkişafına göstərilən diqqət və
qayğı ötən beş ildə həyata keçirilən
bir sıra tədbirlərdə, qəbul edilən qərarlarda
əksini tapıb. Ölkə prezidenti tərəfindən təsdiq
olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə
inkişafına dair Dövlət Proqramı” bu sahədə
işlərə geniş zəmin yaradıb.
Ötən müddətdə
kinonun inkişaf etdirilməsi, kino müəssisələrinin
fəaliyyətinin müasir tələblər səviyyəsində
qurulması istiqamətində görülən işlər
barədə Mədəniyyət və Turizm Nazirliyinin
Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov
məlumat verdi:
- Öncə onu qeyd edim ki, 1998-ci
ildə qəbul olunmuş «Kinematoqrafiya haqqında» qanunun filmlərin
dövlət reyestri haqqında müddəasının
normativ bazası məhz yalnız 2006-cı ildən
yaradılmağa başlanıb. Nazirlər Kabinetinin qərarı
ilə təsdiq olunmuş «Filmlərin yayımı və
nümayişi Qaydaları»na uyğun olaraq Filmlərin Dövlət
Reyestri yaradılıb və hesabat dövrü ərzində
ayrı-ayrı televiziya kanalları, audiovizual məhsulun
yayımı ilə məşğul olan şirkətlərin,
dövlət studiyalarının təqdim etdiyi 9 mindən
artıq film qeydə alınıb və müvafiq yayım vəsiqəsi
verilib.
Dövlət Proqramının
icrası ilə əlaqədar dövlət sifarişi ilə
filmlərin istehsalının təkmilləşdirilməsi məqsədilə
artıq üçüncü ildir ki, aktual mövzulara həsr
olunmuş kino layihələrinin müsabiqə yolu ilə
seçilmə mexanizmi işə salınıb.
Gənc istedadlı
kinematoqrafçıları aşkar etmək məqsədilə
2010-cu ildə 4-cü dəfə keçirilən “Bu meydan, bu
ekran” müsabiqəsi bu vaxtadək kino sənətimizə
müxtəlif qısametrajlı filmlər bəxş edib. 2006-2010-cu
illər ərzində 19 qısametrajlı bədii film çəkilib
ki, onların da istehsalına yarım milyon manatdan çox vəsait
xərclənib. Bu ekran əsərləri
aşağıdakılardır: “Çalış, nəfəs
alma” (rejissor Alina Abdullayeva), “Lal çinar” (Vasif Məmmədzadə),
“Ev” (Asif Rüstəmov), “Qrinviç meridianından kənarda”
(Yusif Quliyev), “Nəfəs” (Elməddin Alıyev, Xəyyam
Abdullayev), «Qanadlarıma sığal çək» (Samir Kərimoğlu),
“Düyün” (Əli İsa Cabbarov), “Yalançılar” (Əbdülqəni
Əliyev), “Pəri Qala” (İlqar Safat), “Dünən qəfildən
gəldi» (Mübariz Nağıyev), “Koramal” (Elməddin
Alıyev, Xəyyam Abdullayev), “Saat” (Nəsimi Əliyev),
“Qocalar” (Fariz Əhmədov), “Bir addım” (Nərgiz
Bağırzadə, Fariz Əhmədov), “Qara qutu” (Elməddin
Alıyev), “Daşatan” (Cavid İmanverdiyev), “İki”
(Hacıbaba Həsənov), “Bəyaz Mersedes” (Həbibə Mirzəyeva),
“Psixiatr” (Zamin Məmmədov).
Bu filmlərin əksəriyyəti
“Bu meydan, bu ekran” kino layihələri müsabiqəsi çərçivəsində
çəkilib. Müsabiqənin qaliblərindən olan bir
neçə film ötən müddətdə 30-dək
ölkədə 50-dək beynəlxalq kinofestivalın
müsabiqələrinə qatılıb, bir qismi mükafatlar
qazanıb. Uşaqlar üçün, eləcə də vətənpərvərlik
mövzusunda filmlər üçün bədii və cizgi
filmləri ssenari müsabiqələri keçirilir.
Cahangir Məmmədov son beş ildə
həm dövlət sifarişi ilə çəkilən
tammetrajlı ekran əsərlərinin, həm də böyük
kinoda debüt filmlərinin sayının
artdığını qeyd etdi:
- 2006-cı ildə dövlət sifarişi ilə film istehsalına büdcədən 2,1 milyon manat ayrılmışdısa, 2010-cu ildə bu vəsait 6 milyon manata çatıb. Son beş ildə dövlət sifarişi ilə 23 tammetrajlı film çəkilib: “Yalan (rejissor Ramiz Əzizbəyli), “Əlvida, cənub şəhəri” (Oleq Səfərəliyev), “Cavid ömrü” (Ramiz Həsənoğlu), “Məhkumlar” (Mehriban Ələkbərzadə), “Biz qayıdacaqıq” (Elxan Qasımov), “Hökmdarın taleyi” (Ramiz Fətəliyev, Dilşat Fathulin), “Qala” (Şamil Nəcəfzadə), “Günaydın, mələyim” (Oqtay Mir-Qasım), “40-cı qapı” (Elçin Musaoğlu), “Cavad xan” (Rövşən Almuradlı), “Niyyət” (Samir Kərimoğlu), “İstanbul reysi” (Eldar Quliyev), “Kabusun gözüylə” (Rüstəm İbrahimbəyov), “Sahə” (İlqar Safat), “Ölüm növbəsi” (Fikrət Əliyev), “Kuklalar” (Çingiz Rəsulzadə), “Buta” (İlqar Nəcəf), “Bəşəriyyətin xilası” (Elxan Cəfərov), “Vəkil hekayətləri” (Ülviyyə Könül), “Tərsinə çevrilmiş dünya” (Ənvər Əbluc), “Ondan yaxşı qardaş yox idi” (Murad İbrahimbəyov), “Aktrisa” (Rövşən İshaq), “İlahi heyvan” (Yavər Rzayev). Hazırda 5 bədii film istehsalatdadır. Müqayisə üçün qeyd etmək olar ki, bundan əvvəlki beş ildə (2000-2005) 10, 1995-2000-ci illərdə isə 8 tammetrajlı film çəkilmişdi.
Xarici kino şirkətləri ilə müştərək filmlərin çəkilişləri də davam edir. Bu filmlər arasında “Sahə”, “Kabusun gözüylə”, “Qala”, “Ondan yaxşı qardaş yox idi”, “Tərsinə çevrilmiş dünya” bədii, “İz...Qala”, “Qafqaz qartalının uçuşu” sənədli filmlərini qeyd etmək olar. Yaxın perspektivdə Türkiyə, Rusiya ilə bədii film layihələri üzərində işə başlanacağını vurğulayan şöbə müdiri beynəlxalq əlaqələrin genişlənməsi çərçivəsində də bir sıra tədbirlər görüldüyünü vurğuladı:
- Moskvada və Sankt-Peterburqda “Hökmdarın taleyi”, Ottavada (Kanada) “Qala”, Moskvada “Cavad xan”, Parisdə “Kabusun gözü ilə” bədii filmlərinin, Sloveniyada “Onun adı Mixaylo idi”, Almaniyada “Ümid yeri”, Sankt-Peterburqda “Qafqaz qartalının uçuşu” sənədli filmlərinin təqdimatları keçirildi. Nazirliyin xaricdə keçirdiyi Mədəniyyət günləri çərçivəsində film proqramları Almaniya, İsveçrə, Kuba, Meksika və b. ölkələrdə nümayiş olundu. 2006-2010-cu illərdə dövlət sifarişi ilə istehsal edilmiş bədii və sənədli filmlərin xaricdə keçirilən beynəlxalq festivallarda iştirakını təmin etmək məqsədilə nazirliyin müvafiq strukturları tərəfindən müəyyən işlər görülmüşdür. Bu müddət ərzində filmlərimiz 40-a yaxın ölkədə 90-dan artıq festivalda iştirak edib. Onların arasında Avropa ölkələrində, o cümlədən dünya kinosunun aparıcı dövlətlərindən olan Fransa, Almaniya, İtaliya, İspaniya, eləcə də Amerika Birləşmiş Ştatlarında, Rusiyada, İranda keçirilən festivalları qeyd etmək olar. Festivallarda milli kinomuzu həm dövlət studiyalarında, həm də nazirliyin sifarişi əsasında özəl prodüser mərkəzlərində çəkilmiş müxtəlif janrlı filmlər təmsil edib.
Ötən müddətdə “Debüt” studiyasında 5 qısametrajlı bədii film çəkilib, onların istehsalına 250 min manata qədər pul ayrılıb. Hazırda “Debüt” studiyasında iki, “Bu meydan, bu ekran” müsabiqəsi çərçivəsində üç qısametrajlı bədii filmin çəkilişləri başa çatmaq üzrədir. 2010-cu ildə “Salnamə” studiyasında musiqili film-nağıl janrında “Onun ürəyi” qısametrajlı bədii filminin (rejissor Samir Kərimoğlu) çəkilib. Ümumilikdə son beş ildə “Salnamə” və “Yaddaş” studiyalarında 40-a yaxın sənədli, “Azanfilm” studiyasında 8 animasiya filmi çəkilib, “Mozalan” studiyasında satirik kinojurnalın 10 buraxılışı hazırlanıb. «Milli kino və tənqid», “Vətən and yerimizdir”, eləcə də cizgi filmləri üçün ssenari müsabiqələri keçirilir.
Ölkədə nüsxəsi olmayan milli filmlərin və digər kinomateriallarının mübadilə yolu ilə əldə olunduğunu da qeyd edən C.Məmmədov Rusiya və Gürcüstan kino arxivlərindən bir sıra bədii, sənədli cizgi filmləri, səs yazıları, foto-material əldə olunduğunu dedi:
- Dövlət Proqramı çərçivəsində 2008-ci ildə Dövlət Film Fondunun yeni binası istifadəyə verilib. Beynəlxalq Kino Arxivlər Federasiyasının (FİAF) məlumatında deyilir ki, Azərbaycan Dövlət Film Fondu son illərdə dünyada inşa edilmiş ən uğurlu kino-arxiv binasıdır. Fondda yararlı nüsxələri olmayan dəyərli milli filmlərimizin Rusiyada rəqəmli daşıyıcıya köçürülərək Dövlət Film Fondunun kolleksiyasına əlavə etdirmək üzrə iş aparılıb, onlarla filmimiz Fondun kolleksiyasına əlavə olunub. Mütəmadi olaraq gənc kinematoqrafçıların filmlərindən ibarət «Gənclərin qısa filmləri» kino axşamları təşkil olunur. Dövlət Film Fondu yanında “Uşaq Kino Evi” yaradılıb.
2008-2018-ci illər üzrə kinonun inkişafına dair Dövlət Proqramı çərçivəsində Bakı şəhərinin «Nizami» kinoteatrının yeni texnoloji avadanlıqla təmin edilməsi və tamaşaçılar üçün müasir tələblərə cavab verən xidmətin təşkili məqsədilə yenidənqurma işləri həyata keçirilir. Son 5 ildə Heydər Əliyev Fondu ilə birgə layihə çərçivəsində çəkilən milli cizgi filmləri bərpa edilib və onlardan ibarət “Bir nağıl söylə mənə” iki DVD toplusunun təqdimatı keçirilib, diskin nüsxələri uşaq evləri, qeyri-hökumət təşkilatları, təhsil müəssisələri və digər təşkilatlara, həmçinin televiziya kanallarına təqdim edilib.
Bundan əlavə,
2006-2010-cu illərdə Mikayıl Mikayılov, Muxtar
Dadaşov, Həsən Məmmədov, Şahmar Ələkbərov,
Ağarza Quliyev, Qəmər Salamzadə, Arif Babayev, Teyyub
Axundov, Həsənağa Turabov, Lütfəli Abdullayev, Ceyhun
Mirzəyev, Şərif Şərifov, Leyla Bədirbəyli, Ələsgər
Ələkbərov, Sabit Rəhman, Adil İsgəndərov,
Rasim Ocaqov, Kamil Rüstəmbəyov, Şamil Mahmudbəyov, Lətif
Səfərov, Həsən Seyidbəyli və başqa kino
xadimlərinin xatirə axşamları keçirilib.
Mədəniyyət.- 2011.- 26
yanvar.- S. 11.