Mədəniyyət
və Turizm Nazirliyinin 5 illik fəaliyyəti: görülən
işlər və nəticələr
Kitabxana, muzey işi və qeyri-maddi mədəni irs sahəsində
uğurlu nəticələr əldə edilib
Mədəniyyət
və Turizm Nazirliyinin fəaliyyət göstərdiyi beş
il ərzində digər sahələrdə olduğu kimi, mədəniyyət
siyasətinin həyata keçirilməsi, kitabxana, muzey
işi, qeyri-maddi mədəni irsin qorunması sahəsində
də xeyli işlər görülüb, uğurlu nəticələr
əldə edilib.
Nazirliyin Mədəniyyət siyasəti
şöbəsinin müdiri Fikrət Babayev qeyd olunan sahələrdə
həyata keçirilmiş işlər barədə fikirlərini
bizimlə bölüşdü.
164
kitabxana və 4200-dən çox kitabxana filialı əhaliyə
xidmət göstərir
Ölkəmizin qlobal informasiya
mühitinə daxil olması informasiya cəmiyyətinin
formalaşması, informasiya resurslarının qorunması sahəsində,
o cümlədən cəmiyyətin informasiya təminatını
həyata keçirən təsisatlar kimi kitabxanaların fəaliyyətində
əsaslı islahatların aparılmasını da zəruri
edib. Hazırda Bakı şəhərində M.F.Axundov
adına Azərbaycan Milli, C.Cabbarlı adına Respublika Gənclər,
F.Köçərli adına Respublika Uşaq, Respublika
Gözdən Əlillər kitabxanaları, 74 kütləvi
kitabxana və 2 Mərkəzləşdirilmiş Kitabxana
Sistemi, regionlarda 8 şəhər və 64 rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemi, Naxçıvan Muxtar Respublikasında isə 2
respublika əhəmiyyətli kitabxana və 7 MKS fəaliyyət
göstərir. Ümumiyyətlə, Mədəniyyət və
Turizm Nazirliyinin kütləvi kitabxanalar şəbəkəsinə
164 müstəqil kitabxana və 4200-dən artıq kitabxana
filialı daxildir. Respublikanın kitabxana fondlarında 35 milyon
nüsxədən çox kitab, jurnal, qəzet və digər
informasiya daşıyıcıları mühafizə olunur.
Ölkə prezidenti tərəfindən
2007-ci il aprelin 20-də imzalanmış “Azərbaycanda
kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması barədə” sərəncama,
2008-ci il oktyabrın 6-da təsdiq edilmiş “Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı”na əsasən
ötən müddətdə bu sahədə
genişmiqyaslı işlər görülüb.
Yenidən nəşr olunmuş
latın qrafikalı ədəbiyyat kitabxana fondlarının
günün tələbləri səviyyəsində komplektləşdirilməsinə
geniş imkan yaradıb. 220 addan artıq olan bu ədəbiyyat
kolleksiyasına Azərbaycan xalq ədəbiyyatı, klassik və
müasir Azərbaycan ədəbiyyatı, ədəbiyyat
antologiyaları, dünya ədəbiyyatı, dünya uşaq
ədəbiyyatı, lüğət və ensiklopediyalar
daxildir.
Ümummilli lider Heydər Əliyevin
85 illik yubileyi ilə əlaqədar 2008-ci ildə
F.Köçərli adına Respublika Uşaq
Kitabxanasının təşəbbüsü ilə
respublikada ilk dəfə “I Uşaq kitab bayramı”
keçirilib. Analoji tədbirlər respublikanın şəhər
və rayon kitabxanalarında təşkil edilib.
Moskvadakı «Manej» Mərkəzi Sərgi
Zalında keçirilən «BibliObraz 2007» Beynəlxalq
Festivalında ölkəmiz də təmsil olunub, tədbirdə
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, millət vəkili, UNESCO və İSESCO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyeva
çıxış edib.
Nazirlik tərəfindən “2008 -
2010-cu illər kitabxanaların avtomatlaşdırılması
ili” elan olunub. «Azərbaycan Respublikasında kitabxana-informasiya
sahəsinin 2008 - 2013-cü illərdə inkişafı
üzrə Dövlət Proqramı»nın icrası ilə əlaqədar
respublikanın 40-a yaxın mərkəzi kitabxanasının
veb saytı yaradılıb. Bundan əlavə, Bakının 5
qəsəbəsində fəaliyyət göstərən 15
kitabxana əsaslı təmir edilib, modernləşdirilib və
yeni avadanlıqlarla təchiz olunub.
Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə M.F.Axundov adına Milli Kitabxana
ilə birlikdə “Bakı-İslam Mədəniyyətinin
Paytaxtı - 2009” tədbirləri çərçivəsində
İqtisadi Əməkdaşlıq Təşkilatına
üzv ölkələrin milli kitabxanalarının
direktorları Şurasının II Konfransı keçirilib.
Bu tədbirlər çərçivəsində M.Seyidzadə
adına Mərkəzi Uşaq Kitabxanasının nəzdində
respublikada ilk “Uşaq İnformasiya Mərkəzi - Kitab
mağazası” açılıb. Bir sıra ölkələrin
milli kitabxanalarının rəhbərlərinin
iştirakı ilə Azərbaycan Milli Kitabxanasının 85
illik yubileyi təntənə ilə qeyd edilib. 2010-cu ildə
F. Köçərli adına Respublika Uşaq Kitabxanası
yeni binaya köçüb.
Nazirliyin layihəsi əsasında
“Prezident İlham Əliyev və mədəniyyət
(2003-2008)” iki cildlik kitabın elektron versiyası
hazırlanıb. Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevanın mədəniyyət
sahəsində gördüyü işləri əks etdirən
«Kultura i kulturnıe şedevrı Azerbaydjana - unikalnoe poslanie
buduşim pokoleniem» kitabı nəşr edilib, Milli Kitabxanada
onun geniş təqdimat mərasimi keçirilib.
Respublikanın kitabxana tarixində
ilk dəfə olaraq qədim və unikal nəşrlərin
reyestri hazırlanıb. Dövlət reyestrinə 3483 adda müxtəlif formada
olan kitab abidəsi daxil edilib.
Muzey
quruculuğu yeni mərhələyə qədəm qoyub
2006-2010-cu illərdə muzey
işi sahəsində görülən işlər də
yeni mərhələyə qədəm qoyub. 2006-cı il martın
18-də prezidenti İlham Əliyev Muzey Mərkəzi
binasında olub, muzey işinin inkişafına dair dəyərli
məsləhətlər verib. Prezidentin “Azərbaycan
Respublikasının paytaxtı Bakı şəhərində
İstiqlal Muzeyinin yaradılması və İstiqlal abidəsinin
ucaldılması haqqında” 2006-cı il 18 dekabr tarixli,
“Müasir İncəsənət Muzeyinin yaradılması
haqqında” 2006-cı il 19 dekabr tarixli, “Azərbaycanda muzey
işinin yaxşılaşdırılması haqqında”
2007-ci il 6 mart tarixli, \"Azərbaycanda Olimpiya Hərəkatı
və İdman Muzeyinin yaradılması haqqında\" 2008-ci
il 22 yanvar tarixli, \"Bakı şəhərində Neft
Muzeyinin yaradılması haqqında\" 2008-ci il 4 fevral
tarixli, «Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması
haqqında» 2008-ci il 11 iyul tarixli sərəncamları ölkəmizdə
muzey işinin dünya standartları səviyyəsinə
çatdırılmasına, yeni muzey binalarının
tikintisinə təkan verib. 2009-cu ildə Müasir İncəsənət
Muzeyi fəaliyyətə başlayıb.
Hazırda Mədəniyyət və
Turizm Nazirliyi sistemində 204 muzey fəaliyyət göstərir.
Bu sıraya 13 incəsənət, 7 ədəbiyyat, 81 tarix və
tarix-diyarşünaslıq, 6 döyüş şöhrəti,
43 ev-muzeyi, ümummilli lider Heydər Əliyevin həyat və
fəaliyyətini əks etdirən 54 muzey daxildir. Son 5 il ərzində
respublikamızda 49 muzey açılıb. Yevlax, Balakən,
Beyləqan, Yardımlı, Xızı, Cəlilabad,
İsmayıllı, Bərdə tarix-diyarşünaslıq
muzeyləri üçün yeni müasir tipli binalar inşa
edilib, bədii tərtibat işləri aparılıb. Beyləqan,
Yardımlı, Şabran və Goranboy
tarix-diyarşünaslıq muzeylərinin nəzdində
açıq səma altında muzeylər yaradılıb.
Bakı şəhərində və
respublikanın regionlarında fəaliyyət göstərən
muzeylərin fondlarında qorunub saxlanılan eksponatların
uçotu, mühafizəsi, konservasiyası və bərpası
üzrə konkret işlər görülüb, 587 eksponat
nazirliyin Muzey Sərvətləri və Xatirə Əşyalarının
Elmi Bərpa Mərkəzi tərəfindən bərpa edilib.
Qeyri-maddi mədəni irs sahəsində önəmli
layihələr reallaşdırılıb
Azərbaycan xalqının qədim
və rəngarəng qeyri-maddi mədəni irsi minilliklər
boyu milli şüurumuzu formalaşdıran əsas amillərdən
biri olmaqla, xalq yaradıcılığının nailiyyətlərini
özündə ehtiva edən unikal bəşəri fenomendir.
Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət
siyasəti sahəsindəki təcrübələri nəzərə
alınmaqla, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
Azərbaycan qeyri-maddi mədəni irsinin
(diyarşünaslıq, folklor, sənətkarlıq)
qorunması, dəstəklənməsi, təbliği və təşviqi
istiqamətində ötən beş il ərzində bir
sıra uğurlu tədbirlər həyata keçirilib.
Xalq
yaradıcılığının inkişafı, özfəaliyyət
teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi,
bölgələrdə əhalinin teatr sənətinə olan
marağının artırılması məqsədilə
2008-ci ilin mart-aprel aylarında Xalq teatrlarının I
Ümumrespublika Baxış-Müsabiqəsi keçirilib.
2009-cu ilin oktyabrında Bakıda İslam ölkələrinin
“İslam Mətbəxi Beynəlxalq Kulinariya Festivalı”
keçirilib.
Ötən müddətdə Azərbaycan
qeyri-maddi mədəni irsinin dəstəklənməsinin mərkəzi
və yerli təminat mexanizmlərinin monitorinqi keçirilib.
Monitorinqin nəticələri nəzərə alınmaqla
müvafiq konsepsiya, proqram və layihələr
hazırlanıb və onların həyata keçirilməsinə
başlanılıb.
Azərbaycanın qeyri-maddi mədəni
irsinin qorunması istiqamətində həyata keçirilən
islahatların davamı olaraq, nazirlik tərəfindən
“2010-2014-cü illər üçün Xalq
Yaradıcılığı Paytaxtları” Proqramı təsdiq
edilib. Proqramın icrası ilə əlaqədar
diyarşünaslıq, folklor və sənətkarlıq
nominasiyaları üzrə daxil olmuş təkliflər
müvafiq namizəd şəhərlərin ümumi
hazırlığı, tarixi ənənələri və digər
amillər nəzərə alınaraq təhlil edilib və
2010-cu il üçün Gəncə - Azərbaycanın Əfsanələr
Paytaxtı, Şəki - Azərbaycanın Sənətkarlıq
Paytaxtı və Qazax - Azərbaycanın Folklor Paytaxtı elan
olunub. Bu şəhərlərdə il ərzində
nominasiyaya uyğun mərasimlər, respublika və beynəlxalq
səviyyəli elmi-praktiki konfranslar, dəyirmi masalar, konsertlər,
müsabiqələr, festivallar, sərgilər təşkil
edilib.
2010-cu ilin aprelində Bakı və
Şəki şəhərlərində TÜRKSOY beynəlxalq
təşkilatının “Türkdilli xalqların qeyri-maddi mədəni
irsinin konvensiyalaşdırılması,
inventarlaşdırılması və
proqramlaşdırılması” mövzusunda III Beynəlxalq
seminar gerçəkləşib. Mədəniyyət və
Turizm Nazirliyi iki ildən bir milli azlıqların incəsənəti
festivalını keçirir. “2011 - 2020-ci illərdə Azərbaycan
qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət
Proqramı”, “Azərbaycanın qeyri-maddi mədəni irs
konsepsiyası”, sahəyə həsr olunmuş veb-portalın
yaradılması, digər konseptual proqram və layihələr
üzərində işlər davam etdirilir.
Heydər Əliyev Fondunun prezidenti,
millət vəkili Mehriban Əliyevanın təşəbbüsü
və yaxından köməyi ilə 2009-cu ildə UNESCO-nun “Bəşəriyyətin
Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na
daxil edilən Azərbaycan aşıq sənətinin beynəlxalq
aləmdə tanıdılması və təbliği, Azərbaycan
aşıqlarının və aşıq-ozan sənətinin
yayıldığı ölkələrin sənətkarlarının
bir araya gətirilməsi məqsədilə 2010-cu il
oktyabrın 20-27-də Heydər Əliyev Fondunun dəstəyi,
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan
Aşıqlar Birliyinin təşkilatçılığı
I Beynəlxalq Aşıq Festivalı keçirilib. Festivalda Azərbaycan
aşıqları ilə birlikdə Türkiyə, İran,
Gürcüstan, Dağıstan (Rusiya Federasiyası),
Qazaxıstan, Özbəkistan və Qırğızıstan
aşıq və ozanları iştirak ediblər.
Mədəniyyət.-
2011.- 26 yanvar.- S. 9.