Turizm İnstitutunda peşə
kursları fəaliyyətə başladı
Xəbər
verdiyimiz kimi, ölkə başçısının göstərişi
ilə 2011-ci ildən etibarən Azərbaycan Turizm
İnstitutunun nəzdində kollec və peşə məktəbləri,
eyni zamanda müxtəlif ixtisaslar üzrə hazırlıq
kursları fəaliyyətə başlamalıdır.
İnstitutun Tədqiqat və
İnkişaf Mərkəzinin rəhbəri Eldar Aslanovun qəzetimizə
verdiyi məlumata görə, artıq yanvarın 24-dən
ön büro kursları başlayıb: «Turizm sektorunda
yalnız ali təhsilli kadrlarla kifayətlənmək
mümkün deyil. Bu sahədə peşəkar vərdişlərə
malik olan peşə təhsilli insanlara da böyük ehtiyac
var. 2010-cu ildə qəbul olunmuş turizmin inkişafı
haqqında Dövlət Proqramında ATİ-nin nəzdində
Milli Təlim Mərkəzinin yaradılması nəzərdə
tutulur. Burada əsasən orta məktəbin yuxarı sinif
şagirdlərinə və ya orta təhsilini başa
vurmuş (bu halda oğlanların hərbi xidmət keçməsi
şərtdir) şəxslərə xüsusi dil və
peşə hazırlıqları keçməklə kadr
hazırlığını həyata keçirəcəyik. Bu
yolla həm hazırda tikintisi davam edən Şahdağ
yay-qış turizm kompleksinə tələb olunan kadr
ehtiyacını, həmçinin də ölkəmizdə
inşa olunan müxtəlif tipli turizm obyektlərində xidməti
personala tələbatı ödəmək mümkün
olacaq. Bütün bunlar nəzərə alınaraq, ötən
ilin sonlarında ATİ-nin Milli Təlim Mərkəzi tərəfindən
peşə kurslarının keçirilməsi
üçün tələbə qəbulu elan edilmişdi. Artıq
8 nəfərdən ibarət ön büro üzrə birinci
qrup formalaşıb və dərslərə başlayıb».
E.Aslanovun sözlərinə
görə, peşə kurslarının bir neçə
istiqamətdə keçirilməsi nəzərdə tutulur:
«Bunlardan birincisi turoperator və turagent fəaliyyətidir. İkincisi
nömrə və mətbəx, üçüncüsü
qidalanma və kulinariya, dördüncüsü restoran və
bar, beşincisi hotel xidmətləri və ön büro
işləridir, altıncısı isə xüsusilə
Şahdağ kompleksi üçün texniki kadrların hazırlığıdır.
Bu kompleksdə qış aylarında kanatların qurulması
nəzərdə tutulur. Burada texniki işləri həyata
keçirmək üçün xüsusi kadrlar hazırlamaq
lazımdır. Bunu biz kompleksdə kanatları
quraşdıracaq şirkətlə birlikdə həyata
keçirəcəyik. Bu məsələ ilə bağlı
hazırda Şahdağ kompleksi idarəsinin rəhbərliyi ilə
danışıqlar aparırıq”.
Mərkəz rəhbəri bildirdi
ki, yaxın günlərdə turoperator-turagent və bələdçi
kursları da başlayacaq: «Bu ixtisaslar üzrə də
artıq 10 nəfərlik qrup düzəlib. Biz bir qrupda 10 nəfərdən
artıq tələbə olmasını istəmirik.
Çünki çox dinləyici ilə keyfiyyətli nəticə
əldə etmək çətindir. Onu da qeyd edim ki, bələdçi
kurslarında iştirak etmək istəyən şəxslər
ali təhsilli olmalıdır. Ölkəmizdə turizmin
inkişafı üçün əsas şərtlərdən
biri - turizm obyektlərinin, tarixi yerlərin, mədəniyyət
abidələrinin gələn turistlərə lazım olan səviyyədə
təqdim olunması sahəsində müəyyən problemlər
var. Bələdçi kurslarını bu problemləri həll
etmək üçün təşkil etmişik. Artıq bir
ilə yaxındır ki, bu kurslarla bağlı hazırlıq
işləri gedirdi. Attestasiya komissiyası yaradılıb,
ilkin komissiya üzvləri müəyyənləşdirilib, əsasnaməsi
hazırlanıb, turizm-bələdçi kurslarının təşkili
ilə bağlı elmi-metodiki şuranın üzvləri təyin
edilib. Bildiyiniz kimi, bələdçi məlumatları ciddi nəzarətdən
keçməlidir. Müxtəlif tarixi və mədəniyyət
abidələri ilə bağlı
razılaşdırılmış məlumatlar
olmalıdır. Ona görə də bu məsələnin
bilavasitə o sahənin mütəxəssisləri ilə
razılaşdırılması üçün belə bir
şura yaradılıb. Kursları keçib sertifikat alanların
işlə təmin olunmasına da təminat veririk. Çünki
hazırda çoxsaylı turizm şirkətləri və
hotellər ATİ-yə kadr ehtiyaclarının olması ilə
bağlı müraciət edirlər. Əminik ki, yerli və
xarici mütəxəssislərin köməyi ilə kurslar
çox yüksək səviyyədə təşkil ediləcək.
Kurslarda biz əsas üstünlüyü dil
hazırlığına verəcəyik».
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 26 yanvar.- S. 8.