«Xəzər Travel»in yeni ofisi
istifadəyə verildi
“Məqsədimiz
Azərbaycanın zəngin mədəniyyətini, təbii
gözəlliklərini xarici turistlərə layiqincə təqdim
etməkdir”
Ötən həftə «Xəzər Travel» turizm şirkətinin
yeni ofisinin açılış mərasimi keçirildi. Ölkəmizdə
fəaliyyət göstərən turizm şirkətləri rəhbərlərinin,
ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirə
Kubanın Azərbaycandakı səfiri Marsello Kabalyerro Torres də
qatılmışdı.
«Xəzər Travel»in ofis meneceri
Ülviyyə Məmmədli tədbiri açaraq şirkətin
yeni ofisdə fəaliyyətinin daha da genişlənəcəyini
vurğuladı: “Xəzər Travel”in yarandığı
vaxtdan qarşıya qoyduğu əsas məqsədlərdən
biri Azərbaycanın zəngin mədəniyyətini, təbii
gözəlliklərini xarici turistlərə layiqincə,
yüksək xidmət keyfiyyəti ilə təqdim etməkdir”.
Daha sonra çıxış edən
«Xəzər Travel»in rəhbəri, Azərbaycan Turizm
Assosiasiyasının (AZTA) prezidenti Nahid Bağırov artıq
Bakıda şirkətin 6-cı ofisinin fəaliyyətə
başladığını dedi. Bu tədbiri «Turizm ili»
çərçivəsində görülən ilk işlərdən
biri hesab edən N.Bağırovun sözlərinə görə,
turizm sektoru işçilərini qarşıda mühüm
layihələrlə zəngin bir il gözləyir: «Biz daima Azərbaycan
dövləti tərəfindən özümüzə dəstəyi
hiss etmişik. Bu dəstəyin nəticəsidir ki, ölkə
turizmi artıq yüksək inkişaf mərhələsinə
qədəm qoyub. 2011-ci ilin «Turizm ili» elan olunması bizə
yeni bir stimul verdi. Azərbaycanın turizm imkanlarının həm
ölkə daxilində, həm də xaricdə
tanınması üçün əlimizdən gələni
etməyə çalışacağıq».
Şirkət rəhbəri bildirdi
ki, mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin turizm şirkətləri və hotellərin rəhbərləri
ilə görüşündən sonra Azərbaycan Turizm
Assosiasiyasına bir çox turizm şirkətlərindən təkliflər
gəlib: «Prezident İlham Əliyevin 2011-ci ili “Turizm ili” elan
etməsi ilə əlaqədar yanvarın 18-də hörmətli
nazir turizm şirkətləri və hotellərin rəhbərləri
ilə işgüzar görüş keçirdi. Bu
görüşdə Əbülfəs Qarayev turizm
qurumlarına 2011-ci ildə həyata keçiriləcək
layihələrlə bağlı təkliflərini
hazırlayıb nazirliyə təqdim etməyi tövsiyə etdi.
Bizə daxil olan bütün təklifləri ümumiləşdirib
paket şəklində Mədəniyyət və Turizm
Nazirliyinə təqdim edəcəyik».
Kubanın Azərbaycandakı səfiri
Marsello Kabalyerro Torres ölkəsinin turizm sahəsinə
böyük önəm verdiyini və bu sahədən xeyli gəlir
götürdüyünü bildirdi. Səfir Azərbaycanda fəaliyyət
göstərən turoperatorların Kuba ilə yaxından
tanış olması üçün səylərini əsirgəməyəcəyini
dedi: «Kubaya hər il 2 milyondan artıq turist gəlir. Turizm
şirkətinin geniş texniki imkanlara malik ofislərinin
olması onların geniş fəaliyyət imkanlarından xəbər
verir. Belə şirkətlərlə qarşılıqlı
əməkdaşlıq hesab edirəm ki, mənim ölkəm
üçün də çox faydalıdırr».
Səfir mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Azərbaycan-Kuba Hökumətlərarası Komissiyanın həmsədri olduğunu nəzərə çatdıraraq turizm sahəsində əməkdaşlığın perspektivlərini vurğuladı: «Mən nazirin Azərbaycanın turizm imkanlarının dünyada tanıdılmasında və ölkədə bu sektorun inkişaf etdirilməsində necə böyük səylər göstərməsinin şahidiyəm. Hesab edirəm ki, harada səy varsa, orda yüksək nəticə və nailiyyət var. Ona görə də yaxın illərdə Azərbaycanın adının inkişaf etmiş turizm ölkələri ilə bir sırada çəkiləcəyinə inanıram».
Səfir ölkəmizin bir sıra regionlarına səfərlər etdiyini də dedi: «Azərbaycanın təbiətinə, yaşıllıqlarına heyranam. Çox zəngin mətbəxiniz var. Özü də maraqlıdır ki, hər bir bölgənin özünəməxsus yeməkləri, şirniyyatları mövcuddur. Bu da ölkənizi turistlər üçün daha maraqlı və cəlbedici edir».
«Mirakle Travel»in rəhbəri Zülfiyyə Məmmədova bir həmkar olaraq «Xəzər Travel»in kollektivini bu yeni uğurları münasibətlə təbrik etdi. Onun sözlərinə görə, turizm şirkətinin ofislərinin sayı çox olduqca, fəaliyyəti də genişlənir: «Azərbaycanın daxili turizminin inkişafında bu şirkətin özünəməxsus yeri və rolu var. Uzun müddətdir fəaliyyət göstərən «Xəzər Travel» artıq bir şirkət kimi həm daxili, həm də xarici turizm bazarında öz sözünü deyib. Onlara yeni uğurlar arzulayıram».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2011.- 26 yanvar.-
S. 8.