“Butafor
işi yaradıcı sənətdir”
Hüseyn Məlikov: «Butafor-rəssam öz
fantaziyasından yararlanır, tamaşanı geyindirir və bəzəyir»
Maraqla
seyr etdiyimiz teatr tamaşalarında biz aktyorları
görür, onların oyununa əl çalır və bir də
tamaşanın sonunda səhnəyə çıxan rejissoru,
bəzən də bəstəkarı, yaradıcı heyətin
digər bir neçə üzvünü görüb
tanıyırıq. Amma tamaşanın ərsəyə gəlməsində
əməyi olan digər insanlar da var ki, onlar bir qayda olaraq pərdə
arxasında qalırlar. Nə adını eşitdiyimiz, nə
də üzünü gördüyümüz, lakin
tamaşanın hazırlanmasında xüsusi rolu olan, səhnə
tərtibatının baxımlı olması üçün
böyük əmək sərf edən şəxslərdən
biri də butafor-rəssamdır.
80 yaşı tamam olan və
ömrünün böyük hissəsini Azərbaycan kinosu və
teatrı üçün butafor hazırlamağa həsr edən
Əməkdar mədəniyyət işçisi Hüseyn Məlikov
sənətinin vurğunudur. Onunla bu sənətin maraqlı tərəfləri
barədə söhbət etdik:
- Bakıda doğulmuşam, 44
nömrəli orta məktəbin 8-ci sinfini bitirmişəm. Sonra
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə
imtahan verib, heykəltəraşlıq sinfinə daxil oldum. Uşaq
Yaradıcılıq Studiyasında da məşğul olurdum.
Hələ uşaqlıqdan rəssamlıq, heykəltəraşlıq
aləminə böyük marağım vardı. O vaxtlar
plastilindən heykəllər düzəldirdim. İkinci kursda
hərbi xidmətə getdim. 4 il əsgəri xidmətdən
sonra qayıtdım və məktəbi bitirdim. Sonra “Azərbaycanfilm”
kinostudiyasında heykəltəraş-butafor işləməyə
başladım. Bir çox filmlərin ərsəyə gəlməsində
çalışmışam. «Sehirli xalat» filmində xanın
oturduğu taxtın hər iki tərəfində olan şir
heykəllərini, «Dədə Qorqud»da Bayandır xanın
sarayında divardakı öküz fiqurunu mən
hazırlamışdım. Ümumiyyətlə, kinostudiyada
çəkilişlər zamanı dekorasiyalar lazım olanda
arxitektura detallarını da mən düzəldirdim. “Leyli və
Məcnun”dakı sütunların başındakı bəzəklər
mənim əl işimdir. “Qaraca qız” filminin əvvəlində
göstərilən zəlzələ zamanı uçqunlar
maketinin hazırlanmasında iştirak etmişəm. İstənilən
filmin çəkilişində butafor işinə ehtiyac olur.
1975-ci ilədək kinostudiyada işlədim. Həmin il Milli Dram
Teatrına gəldim. O vaxtdan burada işləyirəm. Burada
iş mənə daha maraqlı gəldi. Kino da, teatr da
yaradıcılıqdır. Amma teatrda hər şey göz
qabağında - səhnədədir. Milli Dram Teatrında elə
bir tamaşa yoxdur ki, orda iştirak etməyim. Zəhmətimi
qiymətləndiriblər. Əməkdar mədəniyyət
işçisi adına layiq görülmüşəm.
- Sırf heykəltəraşlıqla
məşğul olmaq, sərgilərdə iştirak etmək
necə, istəyiniz olmayıb?
- Əlbəttə, olub. Amma
başım işə o qədər qarışıb ki, vaxt
ayıra bilməmişəm. Bunun üçün sərbəst
olmalı və yaradıcılıqla məşğul
olmalısan. Amma mən vaxtımı ancaq teatra sərf
etmişəm. Bizim teatrda “Bu dünyanın adamları”
adlı tamaşa var. Bu tamaşada Lenin, Stalin, Qorbaçovun
heykəlləri tamaşaçılara təqdim olunur. Həmin
heykəllər mənim işimdir.
- Yəni Milli Dram Teatrı sizin həm
butafor, həm də heykəltəraşlıq
bacarığınızdan faydalanır?
- Bunlar bir-biri ilə bağlı
sahələrdir. Elə işlər olur ki, heykəllə əlaqədardır.
“Butafor” fransızca “süni əşya” deməkdir. Bəzən
muzeydə olan tarixi əşya səhnədə lazım olur.
Amma təbii ki, muzeydən onu tamaşa üçün verməyəcəklər.
Rəssam həmin əşyanın şəklini çəkir
və biz də onu həmin şəklə uyğun
hazırlayırıq. Buna isə süni əşya deyirik. Məsələn,
tamaşalarda səhnədə gül-çiçək və
s. görürük. Onları təbii şəkildə səhnədə
uzun müddət saxlamaq olmaz, çünki solacaq. Ona görə
kağızdan çiçəklər
hazırlayırıq, pambıqdan müxtəlif materiallar
düzəldirik.
- Bir tamaşanın
butafor-dekorasiyası üçün nə qədər vaxt sərf
olunur?
- O işin mürəkkəbliyinə,
çətinliyinə baxır. Rəssam eskizi çəkib gətirir
və o eskiz əsasında biz lazım olan əşyanı
düzəldirik. Ümumiyyətlə, tamaşa butaforsuz
çılpaq görünər. Butafor tamaşanı
geyindirir, bəzəyir.
- Amma indi elə siz dediyiniz kimi
çılpaq tamaşalar dəbdədir. Bəzi teatrlar
tamaşalarını bu səpkidə hazırlayırlar.
- Əvvəllər belə şeylər yox idi. Son vaxtlar abstrakt, şərtilik meydana çıxıb. Məsələn, kabinetə bir dənə masa qoyurlar. Bu oldu kabinet. Axı kabinetin divarı, divarda şəkillər olur. Əvvəllər «Vaqif», «Otello» tamaşalarında əməlli başlı dekorasiyalar olurdu. İndi bəzi tamaşaları seyr edən tamaşaçı məəttəl qalır ki, bu necə otaq, necə saraydır? İndi sadəlik, şərtilik meydana çıxıb. Bu da bir cərəyandır. İndiki aktyorlar deyirlər ki, əvvəlki aktyorlar pafosla danışırdılar. Nə pafos? Aktyor gərək elə danışsın ki, tamaşaçı o sözü qavrasın. Aktyor kəlmələri üyüdüb töksə, tamaşaçı heç nə qavramayacaq. Deyiləni tamaşaçı həzm etməmiş başqasını deməyin nə mənası var? İndi çalışırlar hər şeyə yenilik, avanqard gətirsinlər. Heykəltəraşlıqla da belə cərəyanlar var, olub. Amma onlar yavaş-yavaş dövrünü keçib gedir. Klassika isə daimi, yaşarıdır. Ona baxdıqca təkrarən baxmaq istəyirsən. İndi bəzən əyri-üyrü, qəribə heykəlləri sənət əsəri kimi təqdim edirlər. Onlara ikinci dəfə baxa bilmirsən.
Heykələ
iş xətrinə nə isə əlavə edə bilərsən.
Tutaq ki, Babəki təsvir
edirsən. Bəlkə onun boyu balaca olub. Amma Babəki biz
görməmişik. Təsəvvürümüzdə nəhəng,
div kimi adam gəlir və biz onu bir az nəhəng
hazırlayırıq. Buna simvolika deyilir. Bu çox normal
haldır. Məsələnin başqa tərəfinə baxaq.
Qızdırmalı adam yuxuda hər şeyi abstrakt
görür. Biz ki, onu qəbul etmirik? Bəlkə mən nəyisə
düzgün görmürəm? Onu ki, xalqa sırımalı
deyiləm. Ola bilər ki, mənim hansısa surətdən
xoşum gəlir. Amma o surət kütlə tərəfindən
qəbul olunmursa, bu halda yenə mən onu təqdim edə bilmərəm.
Təəssüf ki, indi buna məhəl qoyulmur.
- Bu gün butafor sənətinin
durumu sizi qane edir?
- Butafor məktəbi yoxdur. Amma bu
məktəbin olması teatrlar üçün vacibdir. Necə
ki, teatr üçün aktyor, rəssam və sair
hazırlanır, butafor da hazırlanmalıdır. Butafor
ustanın öz fantaziyasından, təfəkküründən
hazırlanır. Tutaq ki, bir meyvəni mən kağızdan
hazırlayaram, amma başqası mumdan hazırlayır. Bunun fərqi
yoxdur, əsas odur əşya hazırlansın. Onun necə
hazırlanmasının heç bir əhəmiyyəti yoxdur.
- Bu sənəti öyrətdiyiniz
tələbələr var?
- Çoxları gəlib teatrda mənimlə
bu sahədə işləyib, öyrənib. Amma çoxu da
bu sahədən gedib. Butafor sahəsi
yaradıcılıqdır. Hamısında bu qabiliyyət
olmur. Məndə teatra məhəbbət var, teatrı sevirəm.
Uşaqlıqdan çox gedərdim teatra. «Vaqif»
tamaşasına dəfələrlə baxmışdım, hər
bir kəlməsini əzbər bilirdim. İndi amma çox
adam pul qazanmağı düşünür, varlanmaq həvəsi
ilə yaşayır. Bu sənəti öyrənmək
üçün gərək sənəti, teatrı çox
sevəsən.
Onu da deyim ki, teatrda texniki
işçilər sayılırıq. Bizim sərgimiz səhnədir.
Arzu edirəm ki, teatrlarımızda rəngarəng
tamaşalar səhnəyə qoyulsun. Tamaşaçı
razı qalsın. Bəzən şikayət edirik ki,
tamaşaçı yoxdur. Bunun səbəbləri var.
Şikayət etməkdənsə, işimizdə bir az diqqətli
olmalıyıq. Mən özüm o vaxtlar bir tamaşaya dəfələrlə
maraqla baxırdım. İndi isə insanlar yalnız
müğənnilərə, onların da səsinə deyil,
geyiminə, hərəkətlərinə göz qoyurlar.
Halbuki müğənni rəqs etməli deyil, mahnı ifa etməlidir.
Əsas olan unudulur. Sənətdə bütün problemlər
də elə bundan başlayır.
Gülər Nizamiqızı
Mədəniyyət.-
2011.- 26 yanvar.- S. 7.