“Tarixi həqiqətlər nəsillərin yaddaşında,
yaradıcılıq əsərlərində yaşayacaq”
İncəsənət Muzeyində 20 Yanvara həsr
olunmuş sərgi
Ötən
həftə R.Mustafayev adına Dövlət İncəsənət
Muzeyində 20 Yanvar faciəsinə həsr edilmiş əsərlərdən
ibarət sərgi keçirildi. Sərginin
açılış mərasimində çıxış
edən mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev hər il ölkəmizdə 20 Yanvar faciəsinə həsr
olunan müxtəlif tədbirlərin, mədəniyyət
müəssisələrində anım mərasimlərinin təşkil
olunduğunu bildirdi.
Nazir vurğuladı ki, 20 Yanvar
mövzusu təkcə rəssamların, heykəltəraşların
deyil, bütün yaradıcı insanların həssas
yanaşdığı əbədi mövzulardandır: “Bu əsərlərin
bəziləri rəssamların özlərindən
alınaraq muzeyin fonduna daxil edilib və müxtəlif sərgilərdə
nümayiş olunur. Tarixin belə qanlı səhifələrinin
yaddan çıxmaması üçün ən yaxşı
vasitələrdən biri də bu əsərlərdir”.
Əbülfəs Qarayev 20 Yanvar
faciəsinin xalqımız tərəfindən heç vaxt
unudulmayacağını bildirdi, bu mövzuya müraciət edən
yaradıcı insanlara təşəkkür etdi: “Xalqın
müstəqilliyi uğrunda canından keçən insanlar
heç vaxt unudulmayacaq. Tarixi həqiqətlər nəsillərin
yaddaşında, o cümlədən yaradıcılıq əsərlərində
yaşayacaq. Mən mövzuya üz tutub bu çətin
anları yaşayan və əsərlər yaradan insanlara minnətdarlığımı
bildirirəm”.
Azərbaycan Rəssamlar
İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov
XX əsrdə azərbaycanlıların başına gətirilmiş
qanlı olayların heç vaxt yaddan
çıxmayacağını, təsviri sənət əsərlərinin
20 Yanvar, Xocalı və digər faciələrimizin gələcək
nəsillərə və dünyaya
çatdırılmasında mühüm rol
oynadığını vurğuladı: “İnanıram ki,
yaradıcı insanlar zaman-zaman bu mövzuya müraciət edəcək,
yeni dəyərli sənət əsərləri yaradacaqlar”. F.Xəlilov
Xocalı faciəsinin ildönümü ərəfəsində
rəssamlar arasında müsabiqə elan olunacağını
da qeyd etdi.
Sonra sərgiyə baxış
keçirildi. Qeyd edək ki, 20-yə yaxın müəllifin
28 boyakarlıq və qrafika əsəri, heykəltəraşlıq
nümunəsi nümayiş etdirilən sərgi yanvarın
25-dək davam edib.
Ceyhun
Mədəniyyət.-
2011.- 26 yanvar.- S. 6.